İnsanlara hürriyət, millətlərə istiqlal!

ANONS: “Seçkilər ərəfəsində bir neçə ciddi siyasi partiya formalaşacaq”

“Parlamentin yenicə qəbul etdiyi “Siyasi partiyalar haqqında” qanun partiyaların təmərgüzləşməsinə şərait yaradacaq, bəzi hallarda hətta buna məcbur edəcək və yaxın zamanlarda bir neçə güclü partiyanın ortaya çıxmasına imkan verəcək”.

Bu barədə Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov Musavat.com-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu qanunun qüvvəyə minməsindən sonra kiçik partiyaların siyasi arenada qalması xeyli çətin olacaq. “Kiçik olsun, mənim olsun” düşüncəsi ilə partiya yaradan və rəhbərlik etdiyi partiyadan yalnız özünün reklamı üçün istifadə etməyə çalışan siyasi liderlər yanaşmalarını dəyişmək məcburiyyətində qalacaqlar: “Onlar da, nəhayət, anlamalı olacaqlar ki, güclü kadr bazası, yerli strukturları olmayan partiyalar dövlətə və xalqa tələb olunan xidməti göstərə bilməzlər. Unutmaq olmaz ki, bu gün müxalifətdə olan partiyalar nə vaxtsa hakimiyyətə gəlməyə namizəd olan siyasi qurumlardır. Bu səbəbdən hər bir siyasi partiyanın müxtəlif sahələr üzrə proqramları və təbii ki, bu proqramları hazırlayan, onların icrasını təmin edən kadr bazası olmalıdır. Siyasi partiya hakimiyyətə gəldikdən sonra kadr axtarışına çıxmamalı, əvvəlcədən zəruri hazırlıqlarını görməli, hakimiyyət yükünü öz üzərinə götürməyə hazır olmalıdır. Çox təəssüf ki, bu gün Azərbaycanda Yeni Azərbaycan Partiyasından başqa hakimiyyət yükünün, hakimiyyət məsuliyyətinin altına girməyə qadir olan siyasi partiya yoxdur. Ümid edirik ki, qanunun qəbulundan sonra partiyaların birləşməsi istiqamətində ciddi fəaliyyət başlayacaq. Qarşıdan gələn bələdiyyə, parlament və prezident seçkiləri ərəfəsində Azərbaycanda bir neçə ciddi siyasi partiya formalaşacaq”.

Abutalıb Səmədov hesab edir ki, bəzi müxalifət partiyalarının hakimiyyəti qanun layihəsini ekspertiza üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərməyə və qurumun indiyə qədərki tövsiyələrini nəzərə almağa çağırmaları heç bir nəticə verməyəcək: “Venesiya Komissiyasının rəyinin müxalifət üçün belə önəmli olmasının səbəbi odur ki, komissiyanın onların istədikləri rəyi verəcəyinə əmindirlər. Çox təəssüf ki, konstitusiya hüququ üzrə məsləhətçi orqan kimi yaradılan Venesiya Komissiyası bəzi hallarda hüququ yox, siyasi məsələləri ön plana çəkir və bu da dövlətlərin onun tövsiyələrinə şübhə ilə yanaşmasına gətirib çıxarır”.

E.SEYİDAĞA
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR