İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı senator uyğur soyqırımına göz yummamağa çağırır

Amerikalı senator Tom Kotton Çində uyğurlara qarşı törədilən soyqırımına göz yummamağa çağırıb.

Uyğurlar əsasən Çinin şimal-qərbində yerləşən Sincan Uyğur Muxtar Rayonunda yaşayırlar. Burada milyon yarımdan çox uyğur əsir düşərgələrində saxlanır.

Beynəlxalq qurumların hesabatlarına əsasən, Çində milyonlarla uyğur məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalır, hökumət uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir.

Dünyanın bir sıra demokratik dövlətləri, o cümlədən ABŞ uyğurlara qarşı hərəkətləri soyqırımına cəhd kimi qiymətləndirir.

2021-ci ilin dekabrında ABŞ prezidenti Cozef Bayden Çində uyğurların məcburi əməyə cəlb olunmasının qarşısını almağa yönəlmiş qanun imzalayıb.

Uyğurların məcburi əməyə cəlb olunması yolu ilə istehsal edilən məhsullara qadağa qoyan qanunun tələbinə görə, Amerika şirkətləri xaricdən aldıqları malların qul əməyi ilə hazırlanmadığına dair sübut təqdim etməlidir. Qanun Amerika şirkətlərinin nəinki tam, qismən məcburi əməkdən istifadə olunmaqla hazırlanmış məhsullar almasını da yasaqlayır.

Novator.az-ın məlumatına görə, senator Tom Kotton ABŞ-ın “Fox News” telekanalına müsahibəsində deyib ki, bəzi qurumlar hələ də uyğurların qul kimi işlədilməsindən fayda götürür.

Tom Kotton xüsusilə Milli Basketbol Assosiasiyasının (bu assosiasiya Şimali Amerikanı əhatə edir) və “Uolt Disney” şirkətinin adlarını çəkib.

Senator bu kimi qurumların yalnız mənfəət güddüyünü bildirib və onları insan əzablarına, soyqırımı cinayətlərinə laqeyd qalmaqda günahlandırıb: “İki əl əvvəl bu qurumlar milyonlarla insanı konsentrasiya düşərgələrinə göndərən, dini və etnik azlığı sistematik şəkildə məhv etməyə çalışan Çinin Sincan əyalətinin hökumətinə təşəkkür etmişdilər. “Uolt Disney” şirkəti Çindəki cinayətlərə nəinki susur, hətta daha pis davranır. Bu şirkət Çinin soyqırımı törədən kommunist məmurlarına təşəkkür etmək üçün əldən-ayaqdan gedir”.

Bugünlərdə ABŞ-ın transplantologiyaya dair jurnalında Avstraliya Milli Universitetinin təşkilatçılığı ilə aparılan araşdırmanın nəticələri dərc olunub. Araşdırma Çin Xalq Respublikasında ölüm cəzasına məhkum edilmiş məhbuslardan orqan alverində istifadə olunduğunu təsdiqləyib. 1980-2020-ci illərdə Çində tərtib edilmiş 124 min 770 tibb sənədini araşdıran mütəxəssislər belə qənaətə gəliblər ki, edam olunan məhbuslar hələ tam keçinməmiş (beyin tam ölməmiş) onların ürəkləri döş qəfəslərindən çıxarılıb və orqan köçürülməsinə ehtiyac duyan pasiyentlərə köçürülüb.

Senator Tom Kotton “Fox News”a müsahibəsində bu məsələyə də toxunub. O, orqan alveri qurbanlarının çoxunun Çində kommunist rejiminə qarşı çıxan siyasi məhbuslar olduğunu vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR