Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü məsələsi yenidən gündəmə gəlib. Ötən həftə Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı yaradılmış İşçi Qrupun 6 illik fasilədən sonra iclası keçirilib.
İclasda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın dayanıqlı iqtisadi artımı, ölkəmizin sosial-iqtisadi prioritetləri, ticarət sahəsinin inkişafı, beynəlxalq ticarətə inteqrasiya və müvafiq qanunvericilik sahəsində aparılan islahatlar, biznes mühitinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlər, ÜTT-yə üzvlük məqsədilə görülən işlər barədə məlumat verib.
Tədbirdə İşçi Qrupun hesabat layihəsinin müzakirəsi aparılıb. ÜTT üzvü olan ölkələrin nümayəndələri sənədin aidiyyəti bəndləri üzrə rəylərini bildiriblər, onların bu barədə sualları cavablandırılıb.
ÜTT əsası 1947-ci ildə qoyulmuş Tariflər və Ticarət üzrə Baş Sazişin (TTBS) bazasında 1995-ci ildə yaradılıb. Dünya ticarətinin 95 faizdən çoxu ÜTT-yə üzv ölkələr tərəfindən həyata keçirilir. ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət əlaqələrinin tənzimlənməsini həyata keçirir. Təşkilatın normativ-hüquqi bazasını çoxtərəfli ticarət sazişləri təşkil edir. Bu sazişlər əmtəə və xidmətlərlə ticarəti, əqli mülkiyyət, ticarət siyasətinin icmalı və mübahisələrin həlli məsələlərini tənzimləyir. ÜTT-nin əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılmasıdır ki, bu da iqtisadi inkişafın sürətlənməsi və insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına gətirib çıxarır. Təşkilatın əsas vəzifəsi çoxtərəfli ticarət danışıqlarının Uruqvay Raundu (1986-1994) nəticəsində formalaşmış Sazişlər Paketi əsasında üzv ölkələr arasında ticarət-iqtisadi münasibətlərin tənzimlənməsidir.
Artıq 25 ildir ki, Azərbaycan ÜTT ilə müşahidəçi qismində əmkdaşlıq edir. Düzdür, ÜTT-yə qəbul mürəkkəb prosedurdur. Bu proses üç ildən 15 ilədək çəkə bilər. Lakin Azərbaycanla bağlı prosesin çox uzanmasının başqa səbəbləri olduğu deyilir. Əsas səbəb ölkəmizin buna o qədər də maraq göstərməməsi hesab olunur. Azərbaycan hökuməti quruma üzvlüyün müsbət tərəflərinin olduğu kimi, mənfi tərəflərinin də olduğunu irəli sürür. Bu zaman əsas diqqət kənd təsərrüfatına dövlət dəstəyinə yönəldilir: rəsmilər bildirirlər ki, ÜTT qaydaları Azərbaycanda dövlətin aqrar sektora dəstəyini məhdudlaşdıracaq. Lakin bu arqument əsaslı sayılmır, çünki çoxsaylı ölkələr var ki, ÜTT üzvü olduqdan sonra aqrar sektorun güclü inkişafına nail ola biliblər.
Ekspertlərə görə, ÜTT-yə üzvlük vacibidr. Çünki hazırda beynəlxalq ticarətin 95 faizə qədəri ÜTT-yə üzv ölkələrin payına düşür. İddialara görə, ÜTT-yə üzvlük şəraitində liberal iqtisadi siyasətin həyata keçirilməsi monopolistlər üçün sərfəli deyil. Çünki iri şirkətlərin çoxunun fəaliyyəti beynəlxalq, müasir standartlara uyğun deyil. Sadəcə, indiki şərtlərdə bazarda böyük paya sahib ola biliblər. Rəqabətli mühit yarandıqda onların bir çoxu sıradan çıxacaq. Bu kimi məqamlar ÜTT-yə üzvlüyü yubadır. Bundan əlavə, gömrük sisteminin şəffaflaşdırılması əhəmiyyətli məsələdir.
Altı illik fasilədən sonra danışıqların bərpası nəyin göstəricisidir? Azərbaycan üzvlükdə qərarlıdır, yoxsa bu, sadəcə, danışıqlardır? Bu təşkilata üzvlük hansı sahələrdə problemlər yarada, hansı istiqamətlərdə qazanc gətirə bilər?
Rəşad Həsənov
Sualları cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, altı ildən sonra prosesdə hərəkətlilik varsa, bu, real addımların atılması istəyindən xəbər verə bilər: “Bu məsələnin gündəmə İqtisadiyyat Nazirliyi tərəfindən gətirilməsi onunla bağlı rəsmi iradənin olmasının göstəricisi ola bilər. Ümid edirəm ki, bu addımlar nəticəyə gətirib çıxaracaq. Çünki proses həqiqətən ifrat dərəcədə uzandı: səhv etmirəmsə, 26 ildir danışıqlar gedir. 2017-ci ildən proses demək olar ki, tam dayanmışdı: Azərbaycan tərəfinin bir sıra hallarda qeyri-səmimi tələbləri və narahatlıqları ilə bağlı. Düşünürəm ki, kifayət qədər vacib, günümüzdə aktual olan məsələdir. Çünki Azərbaycan iqtisadiyyatı böyümür, orta gəlir tələsinə düşmüş iqtisadiyyatdır. Və artıq iqtisadiyyatın belə bir staqnasiyadan çıxarılması Azərbaycanda fundamental islahatların aparılmasını, ölkənin xarici iqtisadi bloklarda təmsilçiliyini, liberal iqtisadi dəyərlərin tətbiqini tələb edir. 26 il çox böyük müddətdir, Azərbaycan nəhayət ki, qəti qərarını verib Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır. Bu təşkilat dünya ticarətinin 95 faizinə nəzarət edir”.
Ekspert qeyd edir ki, hökumətin ÜTT-yə üzv olmamaq üçün gətirdiyi əsas arqumentlərin doğru olmadığı ortadadır: “Məsələn, üzvlüyün yerli sahibkarları qorumaq, onların rəqabətqabiliyyətliliyini artırmağa mane olacağı barədə iddia. Reallıq ondan ibarətdir ki, yaranmış rahatlıq şəraitində sahibkarlar real rəqabət görmədiklərinə görə qlobal inkişaf trendlərindən geri qalırlar, biznesi müasir tələblərə uyğunlaşdırmaq, inkişaf etdirməyin qeydinə qalmırlar. İkinci arqument aqrar sektorun subsidiyalaşdırılmasına imkan verilməməsi ilə bağlıdır. Əslində ÜTT yeni üzv olan ölkələr üçün bu sahədə ciddi güzəştlər tanıyır. İndiyədək xüsusilə də postsovet ölkələrindən bir çoxuna, o cümlədən Rusiyaya belə güzəştlər verilib. Bu ölkələr də aqrar sektorlarını kifayət qədər inkişaf etdiriblər. İkinci tərəfdən, Azərbaycanda aqrar sektora dövlət dəstəyi gözlənilən effektin yarısını belə verməyib. Təcrübə göstərir ki, bu dəstəklə yanaşı, yalnız rəqabətli mühit olarsa, hansısa sahədə, o cümlədən də aqrar sektorda real inkişafa nail olmaq mümkün olur. Belə bir mühiti ÜTT-yə üzv olmaqla yarada bilərik. Buna görə də düşünürəm ki, ÜTT çox vacib institutlardan biridir və Azərbaycan onun üzvü olmalıdır. Mümkündür ki, ilkin mərhələdə bu, hansısa sahələrdə sahibkarlar üçün problem yaratsın. Lakin gömrük prosedurlarının sadələşdirilməsi, bu sahədə diskriminasiyanın aradan qaldırılması digər sahələrdə yüksək inkişafa gətirəcək. Bu isə sonucda zərər görən sahələr üçün də tələb formalaşdıracaq”.
Natiq Cəfərli
İqtisadçı-ekspert Natiq Cəfərli də 26 illik danışıqların dünyada qeydə alınmadığı fikrindədir: “1997-ci ildən üzvlük üçün müraciət etmişik... Dünyada yeganə ölkəyik ki, belə uzun danışıqlar aparırıq. Ermənistanla Gürcüstan 2003-cü ildən üzv olublar. Azərbaycan müxtəlif əsaslarla danışıqları yubadır. Burada obyektiv və subyektiv səbəblər var. Əsas obyektiv səbəb kənd təsərrüfatına dövlət dəstəyinə məhdudiyyətin qoyulmasıdır. Azərbaycan hökuməti bu tələbin ölkədə aqrar sahənin inkişafına mane olacağı qənaətindədir. Amma qalan arqumentlər subyektivdir və onlar daha çoxdur. Çünki Ümumdünya Ticarət Təşkilatına üzvlük açıq və azad bazar, vergi və gömrük siyasətinin liberallaşdırılması, beynəlxalq standartlara uyğunlaşdırılmasını tələb edir. Bundan əlavə, ticarət qaydalarının pozulmasına görə beynəlxalq məhkəmələrə müraciət hüququ yaranır”.
Ekspertin sözlərinə görə, indiki mərhələdə Azərbaycan hökuməti ÜTT-yə üzv olmalıdır: “Bildiyimə görə, Avropa Birliyi də əməkdaşlıq sazişinin imzalanması üçün ÜTT-yə üzvlüyü hökumət qarşısında şərt kimi qoyub. Danışıqların 6 ildən sonra bərpası da bununla bağlıdır. Lakin danışıqların başlanması o demək deyil ki, dərhal üzvlük olacaq. Ola bilsin ki, ilkin mərhələdə Azərbaycan hökuməti öz üzərinə tutalım ki, 3-5 ilə üzvlük üçün zəruri prosedurları keçmək öhdəliyi götürsün. İstənilən halda, Azərbaycan bu təşkilata üzv olmalıdır, başqa yolu yoxdur. Ömürlük dünya ticarətindən kənarda qalmaq mümkün deyil”.
Azərbaycanda orta biznes ölkənin Avropa Birliyi ilə saziş imzalamasını, ÜTT-yə üzv olmasını səbirsizliklə gözləyir. Bu barədə qəzetimizə danışan iş adamı bildirir ki, məhsullarını ixrac edərkən bu iki hala görə böyük çətinliklərlə üzləşirlər: “Bizim məhsullarımız rəqabətdə heç də Gürcüstanın, Ermənistanın, ya elə digər ölkələrinkindən geri qalmırlar. Lakin təəssüflər olsun ki, hansısa Avropa ölkəsinə, yaxud digər ölkəyə ixracı yoluna qoymaq istədikdə, qarşımıza yüz cür əngəl çıxır. Gürcüstanlı sahibkar Avropaya göndərdiyi mala görə 3 faiz vergi ödəyirsə, bizim üçün bu, 10 faizə çatır. Bizim məhsulları 3 qat artıq yoxlayırlar. Yaxud Avropa olmasın, ondan kənar ölkələrə məhsul göndərmək istəyirsən, baxırsan ki, Ümumdünya Ticarət Təşkilatının hansısa çərçivə sənədinə əsasən iş alınmır. Ümumdünya Ticarət Təşkilatının aqrar sektora proteksionist yanaşmaya imkan vermədiyini deyirlər. Necə olur ki, onun üzvü olan onlarla ölkə yerli istehsalı qorumaq üçün bu və ya digər məhsulun idxalına əlavə rüsumlar, tələblər qoya bilir? Biz sahibkarlar üçün bu iki məsələnin həlli böyük imkanlar aça bilər, təəssüf ki, heç birində ciddi addımlar atılmır. Bu şərtlərlə ixracı necə genişləndirək, necə diversifikasiya edək? Hamı sahibkarları qınayır ki, kənd təsərrüfatı məhsullarının 90 faizini Rusiyaya aparırlar. Başqa ölkələrə çıxmaq üçün Azərbaycan sahibkarına hüquqlar verilməlidir, bu hüquqları da Ümumdünya Ticarət Təşkilatı, Avropa Birliyi kimi beynəlxalq təşkilatlara üzvlük yaradır. İnşallah, Azərbaycan bu iki məsələni həll edəndən sonra ixrac coğrafiyamız da genişlənəcək, istehsal da inkişaf edəcək. Bu gün Azərbaycan istehsalçısı yalnız daxili bazarı hədəf götürə bilir, xarici bazarlar üçün hüquqları çatışmır. Daxili bazar da çox məhdud olduğu üçün inkişaf etmək olmur”.
Dünya SAKİT,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ