İnsanlara hürriyət, millətlərə istiqlal!

Ailə möhkəmliyi ailədən öncə başlasın! - boşanmalara qarşı unikal təklif

Üzeyir Şəfiyev: “Cütlüklər nikahdan öncə qan testi verdikləri kimi psixoloji testdən də keçməlidirlər”

“Boşanma hallarının sayı gündən-günə artır. Tək yanvar-fevral aylarında gün ərzində boşanma sayı 50-nin üstündə olub”. 

Bunu Milli Məclisin son iclasında deputat Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, bu, SOS siqnalıdır: “Bizdə vətəndaş nikahı yoxdur, daha çox rəsmi nikahlardır. Bir çox halda vətəndaşlar bir-birini tanımadan tövsiyə əsasında evlənir. Komitə bununla bağlı maarifləndirmə tədbiri, ciddi bir pilot layihəsi keçirə bilər. Cütlüklər bir araya gələrək ailə institutu haqqında maariflənər, ailə qurduqdan sonra hansı məsuliyyətlər, öhdəliklər yaranır, öyrənər, həmçinin bir-birini yaxından tanıyarlar. Hətta sonda sertifikat da verilə bilər ki, artıq nikaha daxil olsunlar. Bununla bağlı addım atılarsa, gələcəkdə bəhrəsini vermiş olar”.

Bəhrə verəcəkmi? Təklif nə dərəcədə cəlbedici ola və ailə möhkəmliyini artıra bilər?

qaynarinfo.az

Üzeyir Şəfiyev

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb: “Hər zaman qeyd etmişəm ki, gənclər evlənməzdən əvvəl ilk öncə onlara ailə dəyərləri aşılanmalı, ailəyə hazırlanmalı, valideynlik məsuliyyəti, ailənin böhranlı vəziyyətlərinin də ola bildiyi, belə hallarda hansı çıxış yolları olduğu başa salınmalıdır.

Yaxşı olardı ki, bununla bağlı orta məktəblərdə həyat bilgisi dərsləri səviyyəsində, eləcə də ali məktəblərdə ailə dərsləri keçirilsin. Çünki indi bir çox gənc qızlar və oğlanlar ailə qurmağa səthi yanaşır, onun sosial məsuliyyətinin başa düşmürlər. 

Daha bir təklifim ondan ibarətdir ki, necə ki, cütlüklər nikahdan əvvəl qan testi verirlər, eləcə də psixoloji testdən keçsinlər.  Çünki ailələrdə baş verən konfliktlər onu göstərir ki, bəzən bu konfliktləri iştirakçısı olan cütlüklərin psixoloji vəziyyətləri yerində olmur, travmalara malik olurlar, ailəyə hazır insan olmurlar".

Sosioloq qeyd edib ki, ilk öncə ailələrdə uşaqlara, yeniyetmələrə ailə ilə bağlı dəyərlər aşılanmaılıdır: “Ailədə psixoloji mühit sağlam olmalı, natamam ailələrin sayı azalmalıdır ki, uşaq normal mühitdə böyüsün. Diqqət edəndə görürük ki, boşanan cütlüklər daha çox natamam mühitdə böyümüş insanlardır. Onların pis örnəyi var, düşünülər ki, ata-anaları boşanıbsa, onlar da boşana bilər və rahat şəkildə boşanma qərarını verirlər.

Və yaxud qızlarımız ailə çətinliklərini üzərinə götürmək istəmirlər. Məsələn, çox az halda qadınlar təbii yolla doğuş keçirib, ana olurlar. Və yaxud çox az sayda ana öz övladını ana südü ilə qidalandırır, əksəriyyət süni qidalara üstünlük verir. Səbəb isə fiziki görünüşünü qoruyub saxlamaq və sairədir. Övladını ana südü ilə qidalandırmayan, ciddi əsas olmadan təbii doğuşdan imtina edən qadınlar hansı analıq missiyasını daşıyır? Onlar öz uşaqlarına  hansı analıq emossiyası ötürə bilərlər? Bu çox ciddi məsələdir və hesab edirəm ki, xüsusən bu məsələ ətrafında düşünmək lazımdır. 

Həmçinin kişilərimiz arasında hələ də köhnə, patriaxal təfəkkürlü olanlar, qadına “ağa-qul” münasibəti kimi yanaşanlar da var. Bu baxımdan maarifləndirmə işinə çox böyük ehtiyac var. 

Ailə dəyərlərinin aşılanması məsələsində televiziyaların, medianın böyük təsiri var. Yaxşı olardı ki, televiziyalara örnək ailələr dəvət olunsun və onlar efirdən gənclərə ailə dəyərlərindən söz açsınlar, ailə böhranları nə zaman, necə olur, bu zaman vəziyyətdən necə çıxmaq lazımdır deyə öz tövsiyələrini bildirsinlər. 

Əvvəllər boşanmaların sayı çox az olurdu. Səbəb isə bu idi ki, nənələr-babalar gənc ailələr ilə birgə yaşayırdılar. Ailədə böhran olanda böyüklər xırda bir müdaxilə ilə münaqişəni aradan götürə bilirdilər. Amma indi gənc ailələr ayrı yaşamaq istəyir və bu zaman da ailədə xırda böhran ortaya çıxanda vəziyyətdən çıxış yolu tapa bilmir və düşünülər ki, dərhal boşanmaq lazımdır. 

Hesab edirəm ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Daxili İşlər Nazirliyinin, yerli icra  strukturlarının tərkibində “ailə böhran mərkəzləri” yaranmalı və bu mərkəzlərdə bütün respublika üzrə münaqişəli ailələr qeydə alınmalı və onlarla işləyəcək sosial işçilər və psixoloqlar institutu təşkil olunmalıdır. 

Əminliklə deyirəm ki, münaqişəli ailələrin qarşısını almaq çox asandır, yetər ki, bu işə vicdanla, peşəkarcasına yanaşılsın. Gəncləri inandırsalar ki, xırda problemə, münaqişəyə görə ailəni dağıtmaq olmaz, onlara öz missiyaları, ailə məsuliyyəti başa salınsa boşanmaların qarşısını xeyli almış olarıq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR