Onlayn ictimai-siyasi qəzet
“Bu gün gəncliyimiz TikTok-da itib-batır. Hoqqa çıxarırlar orada, olmaz. Ən çox da günahkar kimdir? Analar". Musavat.com xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “MTV şou”ya açıqlamasında deyib.
O, gənclərin sosial şəbəkələrdə vaxt keçirməsində onların analarını qınayıb: “Biz kişilər səhər papağımızı qoyub - hələ o da varsa - gedirik pul qazanmağa. Evdə uşaqla kim qalır? Anası. Əziz gənc analar, sizdən rica edirəm, gəncliyimizi qoruyun. Qızlarınızı TikTok-dan, İnstagramdan ayırın. Vaxtı gələndə oradan istifadə edəcəklər. Qızlara oğlan kimi rəqs elətdirirlər. İmkan verin qızlarımız xanım kimi böyüsünlər".
Müğənni haqlıdır? Çıxış yolu nədir, valideynlər nələrə diqqət etməlidir?
Aydın Xan Əbilov
Mövzu ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Yeni Müsavat”a danışıb: “Nadir Qafarzadə həqiqi mənada sosial, ictimai və mədəni prosesləri canlandıran müğənnilərdən biridir. O, hər zaman aktual məsələləri aktiv müzakirəyə çıxarır. Ola bilsin ki, bəzi mövzularda məlumatsız olduğuna görə və ya sonadək araşdırmadığından, səthi münasibət bildirə bilər. Amma onun fikirləri ictimai müzakirə üçün çox faydalıdır, insanlarımız və vətəndaşlarımız üçün ciddi mövzulara təsir göstərir.
TikTok-la bağlı istər Nadir Qafarzadənin, istərsə də digər tanınmışların səsləndirdiyi fikirlər önəmlidir. Çünki bu platforma artıq bizim virtual dünyanın aparıcı sahələrindən birinə çevrilib. Əgər interneti Günəş sisteminə bənzətsək, TikTok da YouTube, Google, İnstagram, Facebook və X platformasından sonra Çinin ortaya qoyduğu böyük bir planet kimidir. Platforma yeni nəslin sosial həyatı sayılır. Yeni nəsil həmişə yenilik axtarır. Onlar artıq Facebook-dan imtina ediblər, X platformasına isə ümumiyyətlə maraq göstərmirlər, girsələr də tez çıxırlar. Eyni zamanda İnstagram da onlar üçün o qədər maraqlı deyil.
Əgər diqqət etsəniz, görərsiniz ki, Facebook daha çox mətnli məlumatlara, Instagram fotolara, sonra videolara üstünlük verirdi. TikTok isə bunların hamısını birləşdirdi, üstəlik, YouTube imkanlarını da əlavə etdi. Əvvəlcə qısa videolarla başladı, daha sonra isə məzmunun müddətini genişləndirdi, fəlsəfəsini isə saxladı - insanların ünsiyyət qurması, özünü tanıtması, məhsul reklam etməsi, ictimai, siyasi, mədəni, ekoloji və qlobal problemləri qabartmaq üçün qlobal bir platformaya çevrildi. Yeni nəsil də sürətlə bundan istifadə etməyə başladı".
Aydın Xan Əbilov qeyd edib ki, inkişaf etmiş cəmiyyətlərdə TikTok alternativ düşüncə mərkəzi, analitiklərin və ekspertlərin fikirlərini vizual formada bölüşdüyü bir məkan kimi qəbul olunur: “Hətta alternativ biznes, alternativ ofis kimi istifadə edilməyə başlanıb. Amma bizim kimi və bizdən geri qalmış Şərq, Afrika, Latın Amerikası, eləcə də Asiyanın bəzi ölkələrində isə TikTok həm beynəlxalq güc mərkəzlərinin, həm Çinin, bəzi hallarda isə Amerikanın, İsrailin və digər ölkələrin cəmiyyətin böyük qruplarını idarə etmək üçün yüksək texnoloji alətinə çevrilib.
Sonuncu Nepal hadisələri və “TikTok nəsli”nin inqilabçıları məhz bu platformadan istifadə edərək mövcud iqtidarlara qarşı mübarizə apardılar. Fransada, ABŞ-də, İsrail-Qəzza müharibəsində, İrandakı hadisələrdə də TikTok vasitəsilə yayılan videolar klassik medianı - qəzetləri, televiziyanı, radioları əvəz etdi. Hadisələr ani sürətlə yayıldı və artıq heç bir senzura təsir edə bilmədi.
TikTok-un qadağan edilməsini istəyənlərə bir daha xatırladım ki, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatları və sonrakı Xankəndi əməliyyatı zamanı bu platforma Azərbaycan üçün çox böyük informasiya silahına çevrilmişdi. Həm informasiya blokadasını yarmaq, həm dünyaya çıxış əldə etmək, həm də Ermənistan vətəndaşlarına, hərbçilərinə və məmurlarına psixoloji təzyiq göstərmək üçün bu vasitədən yararlanmışdıq. Hətta müharibə dövründə əsgərlərimizin şücaətini, ifalarını, qəhrəmanlığını əbədiləşdirən də məhz TikTok-da paylaşılan videolar oldu. Bu materiallar bu gün də elektron arxiv kimi istifadə edilir".
Kulturoloq vurğulayıb ki, bu baxımdan TikTok-u qadağan etmək, “gənclərə pis təsir edir” deməkdənsə, onun resurslarını inkişaf etdirmək lazımdır: “Azərbaycanda TikTok və ümumiyyətlə, internet resursları ilə bağlı dövlət proqramı yoxdur. Bəli, müəyyən vəsait ayrılıb, nazirliklərə tapşırıqlar verilib, amma təəssüf ki, məsələyə səthi yanaşılıb və daha çox biznes maraqları üçün istifadə edilib. Halbuki ABŞ, Kanada, Avstraliya və digər inkişaf etmiş ölkələr internetin inkişafı ilə bağlı onillik proqramlar qəbul edib və onların həyata keçirilməsi üçün on milyardlarla dollar sərmayə qoyub. Bizim ölkədə isə belə sərmayə yoxdur. Ona görə də yeniyetmələr və gənclər TikTok-dan daha çox əyləncə xarakterli kontent üçün istifadə edirlər - tanışlıq, lotuların videoları, narkotik satışları, qadınların rəqsləri və digər mənfi davranış formaları bu səbəbdən görünür. Çünki baxanların özləri məhz bu tip kontentə diqqət ayırırlar. Süni intellekt və alqoritm bir neçə baxışdan sonra həmin mövzuları sizin “ana səhifənizə” gətirir. Əgər siz planetlər barədə maraqlanırsınızsa, bu yöndə videolar görəcəksiniz, əgər Baboş haqqında axtarış etmisinizsə, onunla bağlı videolar qarşınıza çıxacaq.
Tənqid etmək asandır, amma çıxış yolu göstərilmir. Valideynləri günahlandırmaq da yanlış yanaşmadır. Onlar işləyirlər, uşaqları otaqda həbs edə bilməzlər. Telefonu əlindən alsalar, uşaq ya internet klublarına, ya dostunun evinə, ya da başqa vasitələrlə yenə internetə çıxış əldə edəcək. Yəni biz qadağan etdikcə yeni nəsil texnologiyanı bizdən daha yaxşı bilir və qadağaları aşmaq üçün yeni texniki imkanlar tapır.
Ona görə də nəinki TikTok-u bağlamaq, süni intellektə qarşı küləyə qarşı vuruşan Don Kixot kimi mübarizə aparmaq yox, əksinə, yeni texnologiyaları tez kəşf edib Azərbaycan dilinə lokallaşdırmaq, vətəndaşlarımızın ondan yararlanması üçün kurslar təşkil etmək lazımdır".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ