İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-nin Ermənistana göndərdiyi 40 nəfərlik missiya 400-ə çatdı? - saxtakarlıq, yoxsa...

Aİ-nin 400 nəfərlik heyəti regiona gəlirsə, bütöv bir ordu deməkdir; ermənilərin belə vaxtda Daşkəsənlə sərhəddə ağır texnika cəmləməsi yeni təxribat hazırlığıdır - şərh

Oktyabrın 6-da Praqada “Avropa siyasi birliyi”nin Zirvə Toplantısı çərçivəsində keçirilən görüşlərdə belə bir qərar verildi ki, Avropa İttifaqı Ermənistana müşahidə missiyası göndərəcək. Aİ müşahidə missiyasının 40 nəfərdən ibarət olacağını və burada iki ay qalacağını bildirib. Lakin Azərbaycan missiyanın onun ərazisində yerləşməsinə icazə verməyib, Ermənistan tərəfə gələn bu qrupla yalnız əməkdaşlığa razılaşıb.

Prezident İlham Əliyev də bunu bəyan edib və indi Ermənistan tərəfdən iki ay mülki missiya müşahidə aparacaq. “Yeni Müsavat” yazır ki, bununla belə, indi ortaya yeni bir iddia atılıb. Ermənistan missiyanın 40 yox, 400 nəfərdən ibarət olacağını bildirir. Əgər Ermənistanın iddia etdiyi kimi, Aİ-nin 400 nəfərlik nümayəndə heyəti regiona, daha dəqiqi, Ermənistana gəlirsə, bu, bütöv bir ordu, briqada deməkdir. Bu ordu nə işlə məşğul olacaq və hansı vəzifələri yerinə yetirəcək? Nədən 40 nəfərlik qrup 400 nəfərə çatdı? Bu xəbərin yayıldığı bir dövrdə Ermənistanın Azərbaycanın Daşkəsən rayonu ilə sərhəddə ağır texnika cəmləşdirdiyi də müşahidə olunmaqdadır. Nə baş verir, Ermənistan Aİ-nin missiyası gəlib çatan kimi yeni təxribata, müharibəyə hazırlaşır?

Görünən odur ki, Ermənistan indi də Aİ-nin arxasında gizlənərək Azərbaycana qarşı yeni təxribatlar planlayır. O da mümkündür ki, Ermənistan həmin 40 nəfərlik qrupun guya 400 nəfər olduğunu iddia edərək, həmin ərazidə say görüntüsü çaşqınlığı yaratmaqla, özünün təxribat dəstələrini yerləşdirməyə çalışsın? Bu duruma Aİ-nin aydınlıq gətirməsi mütləqdir. Yeri gəlmişkən, oktyabrın 14-də Aİ müşahidəçilərinin qabaqcıl qrupu Ermənistana səfər edib. “Hraparak” nəşri xəbər verir ki, Aİ-nin texniki qiymətləndirmə missiyası cəbhəyanı ərazilərə gedib. 

Zaur Məmmədov: Azərbaycan bütün məsələlərdə hər zaman Türkiyənin yanındadır  - AZƏRTAC

 Zaur Məmmədov

Politoloq Zaur Məmmədovun fikrincə, ermənilərin Azərbaycan-Ermənistan sərhədində son günlər ard-arda sıralanan təxribatları ona yönəlib ki, Avropa Missiya Kontingenti geniş tərkibdə təmsil olunsun: “Nəticə etibarı ilə Qərbin Ermənistana daxil olması həm sürətləndirilsin, həm də onların missiyası geniş tərkibdə icra edilsin. Ermənistan tərəfi düşünür ki, Zəngəzuru və 29,8 min kvadrat kilometrlik ərazini "qorumaq" üçün mütləq şəkildə bu üsuldan istifadə etmək lazımdır. 1920-ci ilin 30 noyabrına qədər Azərbaycan Xalq Cümhuriyyəti ilə Ararat Respublikası SSRİ-yə daxil olarkən ərazilərini əsas götürməliyik. O dövrdə bizim 114 min kvadrat kilometr, Ararat Respublikasının isə 9 min kvadrat kilometr ərazisi var idi. Bu isə o deməkdir ki, biz Ermənistan ərazisindəki təxminən 20 min kvadrat kilometrlik ərazinin sual altında olmasını və həmin ərazilərin Azərbaycana məxsusluğunu qeyd etməliyik. Bizim sərhədlərimiz Göyçə gölündə, Mehridə olmalıdır. Buna heç kim şübhə ilə yanaşmasın. Çünki biz Cənubi Qafqazda ədaləti bərpa etməkdəyik. Ədalət isə yalnız və yalnız bu yolla ola bilər. Göyçə və Qərbi Zəngəzur Azərbaycanın təhlükəsizlik kəməri olacaq. Bununla da ermənilər Qarabağla bağlı iddialardan və Qarabağ ətrafındakı təxribatlardan əl çəkəcəklər. Ermənilər bu ssenari ilə razılaşmırsa, o zaman Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını birdəfəlik dünyaya bəyan etməlidirlər. Bununla da məsələ bağlanmalıdır. İran tərəfi sərhədlərin dəyişdirilməsinə həssaslıqla yanaşdığını deyirsə, o zaman Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə bağlı İrəvana təzyiqlər göstərməlidir. Əgər Tehran İrəvana bununla bağlı təzyiq etməsə, o zaman Azərbaycan Bayrağını lazım olan sərhədlərdə görəcəklər".

Asif Nərimanlı: "O başqa məsələ ki, İran Azərbaycanı yox, Ermənistanı sevir"

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı qeyd edir ki, Ermənistanın Azərbaycanla sərhəddə artilleriya və canlı qüvvə cəmləməsi haqda məlumatlar fonunda Nikol Paşinyanın Bakını “yeni hərbi təcavüzlə” ittiham etməsi təsadüfi deyil: “Nikol iddia edir ki, Azərbaycan sərhəddə "atəşkəsi pozur" və bu, yeni hərbi hücum üçün bəhanədir. Əlavə edir ki, “atəşkəs rejimini saxlamaq və təhlükəsizliyi təmin etmək üçün beynəlxalq mexanizmlər lazımdır”. 12-13 sentyabr toqquşmasından sonra siyasi müstəvidə baş verənlər - Qərbin, xüsusilə Fransanın bölgəyə müdaxilə imkanlarının genişlənməsi, sərhədə “mülki missiya”nın gəlişi qərarı və s. İrəvanın hədəfinin sərhədə “beynəlxalq müşahidəçi” adı altında Qərb qüvvələrinin gətirilməsi, bununla sərhədin müəyyən edilməsi də daxil olmaqla, bölgədəki vəziyyəti öz xeyrinə dəyişmək olduğunu təsdiqlədi. Praqada qərar qəbul edilsə də, Rusiyanın “mülki missiya”nın Ermənistan ərazisinə gəlişinə reaksiyası, gözlənildiyi kimi, sərt oldu və Putinin üçtərəfli formatda yeni görüş hazırlığı da deməyə əsas verir ki, Moskva təşəbbüsü yenidən ələ almağa çalışacaq".

Təhlilçinin sözlərinə görə, Ermənistan Rusiyanın prosesə müdaxiləsinə qədər “beynəlxalq mexanizmlərin” yaradılmasını istəyir və erməni qoşunlarının sərhəddə cəmlənməsinə paralel olaraq, Paşinyanın Azərbaycanı “yeni təcavüzə hazırlaşmaqda” ittiham etməsi də İrəvanın növbəti hərbi kampaniyaya başlayacağı gözləntisini artırır. Onun fikrincə, təxribatların Moskvada mümkün görüşə qədər olacağı da istisna deyil.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR