İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdam-Xankəndi yolunda humanizmə erməni hücumu - “acından ölənlər” çörək yox, dəmir yumruq istəyir! 

Bakıdan yardım aparan karvanın qarşısına tikanlı məftildən sədlər düzüldü, gərginlik sürətlə artır; deputat: “Onlar ya Azərbaycanda vətəndaş kimi yaşayacaqlar, ya da ölkəmizi tərk edəcəklər”

Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Xankəndi və sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdəki erməni vətəndaşlar üçün humanitar yardım aparıb. Cəmiyyətin sədri, millət vəkili Novruz Aslan bildirib ki, cəmiyyətin rəhbər işçiləri və könüllüləri humanitar yükün Xankəndinə çatdırılması üçün səfərbər olub.

Və ilkin mərhələdə 40 ton un məmulatları göndərilib. Novruz Aslan ehtiyac olduğu təqdirdə Qarabağda yaşayan erməni əhali üçün daha sonra da yardımlar göndərə biləcəklərini bildirib.

40 ton un məmulatları yüklənmiş humanitar yardım avtomobilləri Ağdam-Xankəndi yolu ilə hərəkət edib. Lakin karvan hələ Bakıdan yola düşəndə Xankəndidəki başıpozuq ermənilər “Türk çörəyi istəmirik” şüarı səsləndirdilər, bəziləri karvan Xankəndinə girən kimi onu daşa basmağı təklif edib. Axşam saatlarında artıq maşınlar Xankəndi yaxınlığına çatıb və ermənilər yardımı qəbul etmirlər.

Bir qrup erməni təxribatçı Azərbaycanın göndərdiyi yardım TIR-larının önünü kəsmək üçün Ağdam yoluna toplaşıblar və ərazini tərk etmirlər. Həmin təxribatçılar Ruben Vardanyanın dəstəsinin üzvləridir.

Bu, separatçıların növbəti dəfə özünüifşasıdır. Gec-tez Xankəndi Azərbaycanın idarəetməsində olacaq və onlara zəruri mallar Ermənistandan, xaricdən yox, Azərbaycanın daxilindən çatacaq. İlk addımda ermənilər buna müqavimət göstərir, eyni zamanda uzun zamandır Laçın yolunda “TIR şousu” göstərirlər, “blokada” teatrı düzəldirlər. Əgər onlara gerçəkdən ərzaq lazımdırsa, acından ölürlərsə, məhz humanitar yardımı qəbul etməli idilər. Ancaq fakt bundan ibarətdir ki, separatçı rejim siyasi və revanşist xülyalardan ayrılmır, Ağdam-Xankəndi yolu ilə gələn qidalardan imtina edir, Laçın yolunun nəzarətsiz buraxılması arzusu ilə yaşayırlar.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Qarabağda separatçı rejimin oyuncaq “parlamenti”nin “sədri” David İşxanyan 30 avqustda mətbuat konfransı keçirib. İşxanyan bildirib ki, dünən Azərbaycan yük maşınları gələndə Rusiya sülhməramlıları ilə danışıqlar aparılıb, Rusiya sülhməramlılarının Azərbaycan texnikalarının Qarabağ ərazisinə daxil olmasına imkan yaratmaq təklifi heç bir nəticə verməyib.

Avqustun 30-da isə Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhməramlıları Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım karvanının hərəkətinə maneə yaratmaq üçün Ağdam-Xankəndi yolunun üzərinə tikanlı məftillər qoyublar. Rusiya sülhməramlıları Ağdam-Xankəndi yolunda mövqelərinin yaxınlığında Bakıdan göndərilən humanitar yüklərin hərəkətinin qarşısını almaq üçün üzərində dəmir mıx olan maneələr  qoyub.

İçərisində 40 ton un məmulatları olan iki TIR srağagündən etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

Ağdam yolunda Azərbaycan TIR-larının qarşısının kəsilməsi “Qarabağda humanitar fəlakət yaşanır” iddialarını da ifşa etmiş olur. Çünki əgər “humanitar fəlakət” varsa, Ağdam yolundan yükləri qəbul etməlidirlər, etmirlərsə, manipulyasiya etdikləri təsdiqlənir. Bu baxımdan, rəsmi Bakının Ağdam yoluna yardım çıxarmaqla Ermənistanı və separatçıları dilemma qarşısında qoyduğu aydın görünür.

Dünən xarici media qurumları Bakıdan Xankəndinə göndərilən humanitar yükün gözlədiyi əraziyə gəlib. APA-nın Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, “Bloomberg”, “BBC”, “Getty İmage” və digər media qurumlarının əməkdaşları Rusiya sülhməramlı qüvvələrinin Ağdam-Xankəndi yolundakı postuna gəliblər.

Rusiya sülhməramlılarının yola maneələr döşəməsi Ağdam yolunda Azərbaycan TIR-larının önünün kəsilməsinin arxasında rus izinin olduğu ehtimalını ön plana çıxır.

Asif Nərimanlı: “Zəngəzur dəhlizi ifadəsinin Bəyənnaməyə salınmasının  strateji hədəfləri var” – JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Asif Nərimanlı 

Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Rusiyanın ikili oynadığı istisna edilməməlidir: “Rusiya bir tərəfdən, Bakının yolunu kəsə bilmədiyi üçün Laçın yolu ilə yanaşı, Ağdam yolunun da açılmasını dəstəkləyir, digər tərəfdən, Vardanyanın dəstəsini oyuna daxil etməklə "erməni əhalisi yardımı qəbul etmir" görüntüsü yaradır. Və bununla azərbaycanlıların qurduğu çadırla erməni təxribatçıların qurduğu çadır arasında “vasitəçi” kimi bölgədəki mövcudluğuna ehtiyac formalaşdırır. Təxribatın arxasında məhz Vardanyanın dayanması bu kontekstdə diqqətçəkən əsas məqamlardandır. Belə görünür ki, Xankəndi uğrunda mübarizənin yeni mərhələsi artıq başlayıb".

Hikmət Babaoğlu: Bakı Bəyannaməsi Milli Məclisin beynəlxalq əlaqələr  sahəsində səmərəli fəaliyyətinin göstəricisidir - AZƏRTAC

Hikmət Babaoğlu 

Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Qarabağ erməniləri iddia edirlər ki, Xankəndidə “humanitar fəlakət” hökm sürür. Onların qida məhsullarına ehtiyacı var kimi şoular yaradıblar. Azərbaycan da yardımını göndərib: “Ancaq Bakı eyni zamanda onu da bilir ki, Laçın yolu açıqdır. Nə lazımdırsa, Ermənistan oradan onlara göndərir. Ermənilər sərbəst hərəkət edirlər. Çünki Laçın sərhəd-nəzarət buraxılış məntəqəsi açıqdır. Azərbaycan kimin gedib-gəldiyini də çox yaxşı bilir. Sadəcə, onlar separatçılıqla məşğul olurlar. Bunu bilərək yenə də öz yardımımızı etmişik. Ermənilər yardımı qəbul etməyəcəklərsə, bir daha aydın olur ki, Qarabağ erməniləri aclıq şousu göstərməklə separatizmlə məşğul olurlar. Azərbaycanın atdığı addım hər iki halda doğrudur. Yəni qəbul edəcəklərsə, Xankəndi-Ağdam yolunun açılması reallaşacaq. Qəbul etməyəcəklərsə, bütün beynəlxalq ictimaiyyətə bəlli olacaq ki, ermənilər humanitar ad altında separatçılıq niyyətindədirlər. Azərbaycan Xankəndi-Ağdam yolunu açmaqda israrlıdır və bunu edəcək. Azərbaycana inteqrasiya olunmayan ermənilər isə hansısa "humanitar fəlakət"i nə qədər siyasi məqsədlərinə alət etsələr də heç nəyə nail ola bilməyəcəklər. Onlar ya Azərbaycanda Azərbaycan vətəndaşı kimi yaşayacaqlar, ya da ölkəmizi tərk edəcəklər".

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI, en son xeberler 2023, xeberler bu gun 2023

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Qarabağ separatçıları Bakıdan göndərilən humanitar yükü bir müddət qəbul etməyəcəklər: “Separatçılar Fransanın erməni lobbisinin təsiri ilə Ermənistana gələcək Paris meri Ann Hidalqonun "aksiyasının" (oxu: təxribatının) nəticəsini gözləyəcəklər. Paris meri “humanitar yüklə” Azərbaycan sərhədinə gəlməyi planlaşdırır. Erməni lobbisi Parisin merini zərbə altında qoyacaqlar. Çünki həmin mer Azərbaycan ərazisinə daxil ola bilməyəcək? Bir neçə gün sonra geri qayıtmalı olacaq. Ermənistan hakimiyyəti Qarabağ separatçıları ilə birgə bu səfərdən də nəticə əldə etmədikdən sonra yenə eyni sualla üzləşəcəklər: “İndi nə edək?” Fikrimcə, Qarabağ erməniləri arasında “Bakıdan göndərilən yükləri qəbul edək, yoxsa yox” sualı ətrafında diskussiya başlayacaq, aralarında fikir ixtilafı yaranacaq. Biz bir gediş də edə bilərik. Yüklərimizin qəbul edilməsi tərəfdarı olan ermənilərlə təmasa keçməli və yükləri qəbul etmək məqsədilə onlara çağırış etməliyik".

Jurnalist Taleh Şahsuvarlı hakimiyyətdən iş istədi

Taleh Şahsuvarlı 

Tanınmış jurnalist Taleh Şahsuvarlı isə bildirib ki, Rusiya sülhməramlı kontingentinin Azərbaycandan Xankəndinə mülki və humanitar məqsədlə hərəkət edən heç bir nəqliyyat vasitəsinin, hüquqi şəxs nümayəndəsinin və vətəndaşın qarşısını kəsmək ixtiyarı yoxdur: “Əvvəla, RSK-nın bölgədə yeganə funksiyası Azərbaycan və Ermənistan qoşunları arasında silahlı çatışmanın olmamasını təmin etmək, Ermənistan qoşunlarının ölkəmizdən çıxmasını təmin  etmək və bölgədə iqtisadi, nəqliyyat əlaqələrinin yaranmasına yardım etməkdir. Göründüyü kimi, RSK hazırda Ağdam-Xankəndi yolunun açılmasına və oradan humanitar yükün Xankəndiyə çatdırılmasına mane olmaqla, öz öhdəliklərinin əleyhinə fəaliyyət göstərir. İkincisi, Qarabağda istənilən şəxsin və nəqliyyat vasitəsinin hərəkətinin təhlükəsizliyinə Azərbaycan Respublikası zəmanət verir. Azərbaycan öz vətəndaşlarının və hüquqi şəxslərinin Xankəndinə təhlükəsiz girib-çıxmasını təmin etməyə qadirdir. Əgər Azərbaycan Qızıl Aypara Cəmiyyəti siyasi nəzakət xatirinə RSK-ya yüklərin çatdırılması üçün müraciət edib və yolun açılmasını xahiş edibsə, bu, o demək deyil ki, biz ruslardan günlərlə cavab gözləyəcəyik və ya onun yola döşədiyi tikanlı məftildən çəkinəcəyik. Qarabağda Ohanyan səddini yaran oğulların ancaq 3 mini şəhid olub, qalanları sağdır. Bunu RSK sırğa edib assın qulağından”.

Etibar SEYİDFAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR