İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evin Ağdərə yanlışı: Laçın yolu ilə bağlı zəhləmizi tökənlərə Ağdərə-Kəlbəcər ÇAĞIRIŞI

Qərbin Azərbaycana münasibətdə ikiüzlü yox, hətta çoxüzlü standartlarından bəhs edəndə bir sıra hallarda fərqli maraqlar baxımından Qərbə bağlı olan çevrələrin hücumuna məruz qalırıq. Amma fakt faktlığında qalır, çox da uzağa getməyə ehtiyac yoxdur, Azərbaycan ərazilərinin 30 illik işğal tarixi bizə bu mövzuda kifayət qədər arqumentlər verir.

Bəli, Rusiya Ermənistanın işğalçılıq siyasətində öz rolunu artıqlaması ilə icra edib, gizli və açıq formada. Bu haqda illərdir yazılıb, deyilib, əlahəzrət faktlar ortadadır. Şimal qonşumuzun qonşuluğa və müttəfiqliyə sığmayan davranışları sırasında Ermənistana ötürülən 1 milyard dollarlıq silah yardımı, yaxud Gürcüstandan çıxarılan hərbi texnika, silah-sursatın işğalçı ölkəyə daşınması kimi faktlar hərbi yardımın kiçik bir qismidir, bunu kimsə dana bilməz. Amma axı, biz illər boyunca Rusiyanın ədalətsiz davranışlarının qarşılığında Qərbin, Avropa və Amerikanın ədalətli yanaşmasına ümid bəsləmişik. Amma hanı? Harda qaldı o ədalət? Hələ bu günədək gəlib çıxmır.

Yeri gəlmişkən, bu gün – 8 iyulda - Avropa Şurasının nümayəndə heyəti Ermənistana gəlib və Həkəri körpüsün üzərində qurduğumuz sərhəd nəzarət məntəqəsinə sarı boylanıblar. Bundan əvvəl Avropa İttifaqının missiyası boy-boya düzülüb, Laçın yoluna baxmışdılar. Nə baş verib? Bu tərəflərə “yel əsib, qoz tökülüb?” Daha əvvəllər də gah Amerikanın, gah Fransanın, gah İranın Ermənistandakı səfirləri həmin bölgəyə gəlib Azərbaycanın sərhəd-gömrük qapısına boylanmışdılar. Azərbaycan beynəlxalq hüquqa istinad edərək sadəcə şərti sərhəddə qapısını bağlayıb, bu, niyə belə ajiotaja səbəb olmalıdır ki?

beyn.jpg (104 KB)

Beynəlxalq Məhkəmə Azərbaycanın Laçın yolu ilə bağlı Ermənistanın iddialarını qəbul etməyib. Ermənistan utanıb-qızarmadan beynəlxalq təşkilatların, aparıcı paytaxtların qapısını döyməkdə, onların zəhləsini tökməkdə davam edir. Amma işğalçı, terrorçu ölkəni həvəsləndirən axı, həm də beynəlxalq aləmin davranışlarıdır. Ümumiyyətlə, Azərbaycanın öz ərazisinə hardan qapı, ya pəncərə qoymasının hansısa beynəlxalq təşkilata, dövlətə nə dəxli var? Niyə bu mövzu bu qədər müzakirə mövzusu olmalıdır? Biz hansısa dünya ölkəsinə irad tuturuqmu ki, sən niyə sərhəd qapında filan rejimi tətbiq edirsən? O zaman Azərbaycandan da əl çəksinlər, dəf olsunlar başımızdan! Avropalıların başqa iş-gücü yoxdurmu?!

Elə erməniləri qudurdan həmin qurumların “dişsiz” davranışlarıdır ki, bütün bunlardan sonra da Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan Beynəlxalq Məhkəmənin Azərbaycanı Laçın “dəhlizi”nə “maneəsiz çıxışı təmin etməyə məcbur etmək barədə” qərarını yekdilliklə təsdiqlədiyi haqda növbəti dəfə sərsəmləyib.

badal.jpg (122 KB)

Beynəlxalq səviyyəd cavabları verilmir, sərt üzü yalnız Azərbaycandan görürlər, odur ki, qulaqlarının dibinə şapalaq, başlarına yumruq dəyən kimi, ağlaya-ağlaya “dədə”lərinin, “bacı”larının, “ağa”larının qucağına qaçırlar ki, “qoymayın, Azərbaycan bizi döyür, genosid eləyir!” İşğalçı ölkəyə gəlmiş Avropa İttifaqının “mülki” missiyası da faktiki olaraq qızışdırıcılıq funksiyasın icra edir. Əks təqdirdə, Laçın yolunun giriş hissəsində post qurmağın ayrı yozumu yoxdur. Azərbaycan dövləti hətta bütün sərhəd-buraxılış məntəqələrini karantin rejiminə uyğun olaraq qapatdığı halda, Qarabağ ermənilərinin Laçın yolundan sərbəst giriş-çıxışını qanunlar çərçivəsində təmin edir, bu barədə hər gün videokadrlar yayılır, indiyədək bir insident də baş verməyib, avropalıların burada post qurması nəyə lazımdır?! Hə, bəlkə Azərbaycan bayrağını asmaq istəyən hərbçimizə atəş açan erməni canilərin qarşısını kəsmək istəyirlər. Çətin...

celladlar.png (854 KB)

Avropadan bəhs etdik, keçid edək ABŞ-ın mövqeyinə. Son aylar sərgilədiyi mövqeyə görə bir sıra hallarda təşəkkür etdiyimiz Ağ Ev öz siyasəti ilə çox zaman “ağ” eləyib. Ağ demişkən, bu gün Ağdərə-Kəlbəcər yolu Azərbaycan vətəndaşlarının üzünə qapalıdır. Özü də bilirsinizmi nə vaxtdan? Ağdərə yenidən işğal olunandan...

agdere.jpeg (67 KB)

Söz vaxtına çəkər, deyiblər. Ağdərə şəhəri düz 30 il əvvəl Ermənistan ordusu tərəfindən işğal edilib, 1993-cü ilin 7 iyulunda. İşğaladək keçmiş Ağdərə rayonunun 14 kəndində yaşayan minlərlə azərbaycanlı öz şəhərlərinə həsrətdirlər hələ də...Azərbaycan dövləti səbrlə gözləyir ki, məsələlər dinc yolla həllini tapacaq, amma dünya bu davranışı yetərincə qiymətləndirmir, həmçinin ABŞ. Azərbaycan dövləti milyonlarla xərc çəkir, Murov dağının köksündən Kəlbəcərə tunel tikir. Səbəb həm də Ağdərə-Kəlbəcər yolunun bağlı olmasıdır. Şübhəsiz ki, bir gün nə yolla olur-olsun bu yol da açılacaq. Amma Ermənistanın Ağdərədəki qanunsuz hərbi birləşmələrinin bu ərazidən rədd edilməsi üçün ABŞ başda olmaqla, heç bir Qərb dövləti təzyiq göstərmir. Nə olsun ki. bir dəfə qeyri-rəsmi Azərbaycanın Qarabağda antiterror əməliyyatı keçirə biləcəyi barədə erməni terrorçularına xəbərdarlıq ünvanlanıb...

qlobal.jpg (47 KB)

Ağdərədən bəhs etmişkən, ABŞ Konqresi Azərbaycana qarşı sanksiya qərarını 1992-ci ildə, Azərbaycanın cəmi bir il əvvəl yaradılmış ordusu Ağdərəni işağldan azad etdikdən sonra qəbul etdi: o gündən ABŞ-Azərbaycan münasibətlərində “907-ci düzəliş” adlı bir qara yara, qara dəlik açıldı. Əslində o qərarın adını 907-ci səhv, yaxud yanlışlıq qoymalıydılar. Cəmi bir ildir müstəqilliyini qazanan ölkəyə verilən “dəstək” bundan ibarət oldu o vaxt. ABŞ 1992-ci ildə Azərbaycana hərbi yardımı qadağan edən qətnaməni qəbul etməsəydi, Ermənistanın işğalçılığını birmənalı şəkildə ittiham etsəydi, sanksiya xəbərdarlığını dilə gətirsəydi, nə işğal 30 il davam edərdi, nə bu qədər qan tökülərdi, nə də Vaşinqtonun moderatorluğu ilə günlərlə davam edən danışıqlar keçirilməsinə lüzum qalardı. ABŞ o zaman Azərbaycan ordusunun sürətlə irəliləməsini əngəllədi faktiki olaraq. O zaman hətta rus ordusunun açıq dəstək verdiyi Ermənistan ordusunun başını əsən Azərbaycan ordusunun qələbəsini həzm edə bilmədi ABŞ və nəticədə bir neçə ay sonra Kəlbəcər, Ağdərə, digər ərazilərimiz işğal olundu. Ağdərənin işğalının məsuliyyəti həm də Ağ Evin üzərindədir, bilsinlər! Bu ləkəni təmizləmək üçün birmənalı münasibət sərgiləmələri lazımdır. ABŞ başda olmaqla Qərb dünyası Laçın yolu ilə bağlı bezdirici müzakirələrə son verib, Ağdərə-Kəlbəcər yolunun dərhal açılmasını tələb etməlidirlər! Həm də Ağdərə rayonu Milli Məclisin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilib, əraziləri ətraf rayonlar arasında bölüşdürülüb. O cümlədən Ağdərə şəhəri Tərtər rayonunun bir parçasıdır!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR