İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev qəzəblidir, CİA Paşinyanın "ipini" çəkir: ABŞ və Qərb Qafqazda sülhə yenə icazə vermədi

Böyük ehtimalla CİA şefinin müavini erməni baş nazirə ABŞ-ın strateji maraqlarına bağlı sifarişlər çatdırıb, Paşinyan hakimiyyəti isə onları icra etməyə məhkumdur... Üstəlik, bütün bunlar Cənubi Qafqazda sülh prosesinin daha intensiv xarakter aldığı dövrə təsadüf edir, Paşinyan hakimiyyətinin yenidən regional gərginliyə sövq edilə biləcəyi qətiyyən istisna deyil...

Cənubi Qafqazda "erməni faktoru" ən sarsıntılı geopolitik mərhələ ilə üzləşib. İndi ABŞ və Qərb Ermənistan üzərindən bu regiona nüfuz etməyə cəhd göstərir. Ancaq mövcud situasiya və geopolitik proseslərin inkişaf istiqamətləri Ermənistan Qərb üçün effektiv seçim variantı olmadığını təsdiqləyir. Və bu baxımdan, Qərbin öz geopolitik planlarına düzəliş etməsi qaçılmaz xarakter daşıyır.

Məsələ ondadır ki, ABŞ və Qərb Ermənistanın Cənubi Qafqazda geopolitik əhəmiyyətinin şişirdilmiş olduğunu əvvəl-axır qəbul etmək məcburiyyətində qalacaq. Hər halda, indiki situasiyada Ermənistanın regional faktor rolundan çox-çox uzaqlaşdığı artıq inkaredilməz reallıqdır. Və Ermənistan bütün istiqamətlər üzrə Azərbaycana məğlub olmaqda davam edir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın ötən ilin sentyabr ayında reallaşdırdığı antiterror əməliyyatı Ermənistanı "geopolitik tullantı"ya çevirmiş oldu. Məhz həmin antiterror əməliyyatı Cənubi Qafqaza əsas regiondan kənar manipulyasiya mexanizmini - "boz zona"nı sıradan çıxartdı. Beynəlxalq hüquq normaları da Azərbaycanın tərəfində olduğundan Cənubi Qafqazda həmin "boz zona"dan ənənəvi olaraq, yararlanan bəzi regiondan kənar gücləri "tərksilah" etdi. Və həmin qeyri-regional güclərin hələ də Azərbaycana qarşı qəzəbli olmasının əsas səbəbi də məhz bu önəmli məqamla bağlıdır.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Ancaq "boz zona"nın erməni terrorçulardan təmizlənməsindən dərhal sonra qeyri-regional güclərin erməni diasporu ilə ortaq şəkildə Azərbaycana qarşı beynəlxalq təzyiq kampaniyası yaratmaq cəhdləri iflasa uğradı. Rəsmi Bakı Azərbaycana qarşı qərəzli və məkrli beynəlxalq ssenarilərin hamısını bir-birinin ardınca boşa çıxartdı. Nəticədə Cənubi Qafqazda geopolitik maraqları olan ermənipərəst beynəlxalq dairələr Azərbaycan qarşısında ağır məğlubiyyətlə üzləşmiş oldular. Və mövcud situasiyada Cənubi Qafqazda rəsmi Bakının geopolitik iradəsindən yayına bilməyəcəklərini anladılar.

Təbii ki, bütün bunlar Paşinyan hakimiyyətinin də ABŞ və Qərbə olan "sərhədsiz ümidlər"ini alt-üst etdi. Ona görə də, Qərbin Ermənistana yerinə yetirilməyəcək vədlərdən başqa heç nə verə bilməyəcəyinə əmin olan Paşinyan hakimiyyəti nəhayət ki, praqmatik qərarlar mərhələsinə keçdi. Və Azərbaycanla sərhədlərin delimitasiyası, rəsmi Bakı ilə münasibətlərin normallaşdırılması prosesinə geri döndü.

Artıq bu istiqamətdə kifayət qədər ciddi irəliləyişlər mövcuddur. Rəsmi İrəvan Azərbaycana aid daha dörd kəndin geri qaytarılmasını təmin edib. Baş nazir Nikol Paşinyan və Ermənistan parlamentinin spikeri Alen Simonyan israrla yekun sülh sazişinin imzalanmasının vacibliyini vurğulayırlar. Üstəlik, bunun ən qısa zamanda, təxminən noyabr ayına qədər reallaşdırılmasının mümkün olduğunu qabardırlar. Və bu, rəsmi İrəvanın yekun sülh sazişinin imzalanması baxımdan, özünü seytnot vəziyyətində hiss etdiyindən tələsdiyini də göstərir.

Maraqlıdır ki, Cənubi Qafqazda yeni hərbi-siyasi gərginliyin yaranmasına yönəlik ümidlərini tam itirməmiş qeyri-regional güclər mövcud situasiya ilə barışmaq istəmirlər. Ona görə də, əllərindəki son variantı artıq hərəkətə gətiriblər. "Erməni üçlüyü"nü - diaspor, kilsə və Qarabağ klanını vahid mərkəzdə birləşdirərək, Paşinyan hakimiyyətini devirməyə çalışırlar. Əslində, bu, indiki mərhələdə Cənubi Qafqazda mövcud situasiyanı dəyişdirmək üçün istifadə oluna biləcək son "resurslar"dır. Və bu variantın da iflasa uğramaqda olduğu müşahidə edilir.

8d2549ce-6455-4a24-b958-358cf63f8ae3.jpg (206 KB)

Məsələ ondadır ki, "kilsə qiyamı"nı bütün Ermənistan ərazisinə yatmaq planları artıq boşa çıxmış kimi görünür. Üstəlik, son günlər keşiş Baqratın "liderliyi" altında etiraz dalğasının artıq ciddi şəkildə zəifləməkdə olduğu açıq-aşkar nəzərə çarpır. Yəni, "kilsə qiyamı" artıq demək olar ki, öz təsirini və əhəmiyyətini itirmək üzrədir. Ona görə də, indi "kilsə qiyamı"nın məğlub olacağına şübhə etməyən bəzi müxalif dairələr tədricən kənara çəkilməyə başlayıb.

Ən önəmli məqamlardan biri odur ki, erməni müxalifətinin keşiş Baqratın siyasi qələbəsinə inanmayanlar ona konkret suallar ünvanlayırlar. Əsas tələblər də ondan ibarətdir ki, meydandan çəkilənlər keşiş Baqratın qalib gəldikdən sonra baş nazir olacağı təqdirdə, Azərbaycanla sülh prosesinə alternativ olaraq, hansı planının olduğuna aydınlıq gətirilməsi ilə birbaşa bağlıdır. Və bu, meydandan çəkilməyə hazırlaşanların Ermənistan cəmiyyətində özlərinə haqq qazandırmaq üçün konkret səbəblər yaratmaq cəhdi kimi görünür.

Maraqlıdır ki, Qərbdə Ermənistan ətrafında yaranmış vəziyyət böyük narahatlıqla müşahidə edilir. ABŞ və Qərb "kilsə qiyamı"na qalib gəlmək üzrə olan Paşinyan hakimiyyətinin Ermənistanın beynəlxalq himayədarlarının vədlərinə olan ümidlərini kəsməkdə olması çaşqınlıq yaradır. Çünki Qərbdə anlayırlar ki, baş nazir Nikol Paşinyan hakimiyyətini möhkəmləndirdikdən sonra Azərbaycan və Türkiyə ilə normal münasibətlərə daha çox üstünlük verə bilər. Və buna nail olacağı təqdirdə, Ermənistanın Qərbdən dəstək gözləməsinə də elə bir ehtiyac qalmayacaq.

Digər tərəfdən, Azərbaycan və Türkiyə ilə problemlərini həll etmiş Ermənistan daha da irəli gedib, Rusiya ilə münasibətlərinə də yenidən baxa, ciddi düzəlişlər edə bilər. Yəni, daxili müqaviməti qırmış, Qərbdən gözlədiyi dəstəyi almamış, Türk İttifaqı ilə anlaşmış Paşinyan hakimiyyətinin sonrakı mərhələdə Rusiya ilə qeyri-bərabər qarşıdurmadan imtina etməyəcəyinə qətiyyən təminat yoxdur. Və bu baxımdan, Qərbin hadisələrin belə inkişafı perspektivlərini kənardan izləməklə kifayətlənəcəyinə inanmaq sadəlövhlük olardı.

e2e65d887dc9002ace9fce24d89dc82a.jpg (227 KB)

Bütün bunları nəzərə aldıqda, ABŞ-ın xüsusi xidmət servislərinin yenidən hərəkətə keçməsi qətiyyən təəccüblü deyil. Bundan əlavə də Paşinyan hakimiyyətinin Qərbə güvəni zəiflədikdə CİA və Mi-6 şefləri İrəvana səfər etmişdilər. Həmin səfərlərdən sonra isə Paşinyan hakimiyyəti regional sülh prosesində iştirakdan yayınmağa üstünlük vermişdi. Və bu, artıq Ermənistan üçün müəyyən mənada, ənənəyə çevrilmiş kimi görünür.

Bu dəfə isə Qərb baş nazir Nikol Paşinyanla görüşə CİA şefinin özünü deyil, onun müavinini göndərib. Hər halda, nə qədər qəribə də olsa, erməni baş nazir CİA şefinin müavini Devid Koen ilə ABŞ-Ermənistan münasibətlərini və beynəlxalq gündəmi müzakirə edib. ABŞ-da belə işlərlə adətən, mülki siyasi məmurlar məşğul olurlar. Ancaq nədənsə, Ermənistana bir qayda olaraq, CİA-nin yüksək rütbəli təmsilçiləri göndərilir. ABŞ-ın kəşfiyyatla məşğul olan nüfuzlu qurumunun rəhbəri ilə Ermənistanın siyasi hakimiyyətinin iki ölkənin münasibətlərini, eləcə də, beynəlxalq gündəmi müzakirə etdiklərinə yalnız sadəlövhlər inanar.

Böyük ehtimalla CİA şefinin müavini erməni baş nazirə ABŞ-ın strateji maraqlarına bağlı sifarişlər gətirib. Baş nazir Nikol Paşinyan həmin sifarişləri icra etməyə məhkumdur. Üstəlik, bütün bunlar Cənubi Qafqazda sülh prosesinin daha intensiv xarakter aldığı dövrə təsadüf edir. Ona görə də, Paşinyan hakimiyyətinin yenidən regional sülh prosesindən uzaqlaşmağa sövq edilə biləcəyi qətiyyən istisna deyil. Hər halda, ABŞ və Qərbə Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasının yararlı olmadığı inkaredilməz reallıqdır. Və bu baxımdan, Paşinyan hakimiyyətinin növbəti dəfə sülh prosesinə qarşı çıxaraq, Cənubi Qafqazda hərbi-siyasi situasiyanı gərginləşdirə biləcək mövqeyə keçid etmə ehtimalı kifayət qədər inandırıcı görünür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR