İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev Ermənistanı da Kremlə "satır": Rusiya ordusu hərəkətə gətirilib, erməni revanşistlər hakimiyyətə qaytarılacaq

Rəsmi İrəvanın siyasi manevr imkanları məhdudlaşıb, Kremlin dəstəklədiyi radikal düşərgənin və erməni kilsəsinin yenidən birləşdiyi müşahidə olunur... Rusiya Ermənistan ordusuna, erməni generalitetinə də nəzarət edir, Qərbin dəstəyini itirən Paşinyan hakimiyyətinin dəyişdirilməsi indi daha real görünür...

Cənubi Qafqaz uğrunda savaşın məzmun və keyfiyyəti ciddi şəkildə dəyişməyə başlayıb. Belə ki, Bayden adminstrasiyasının son günlərində tez-tələsik Ermənistan ilə strateji tərəfdaşlıq sazişi imzalamış ABŞ-ın bu regiona yönəlik siyasəti əvvəlki hədəflərindən uzaqdır. Hazırda Ağ Evin Cənubi Qafqaz siyasəti böyük ölçüdə qeyri-müəyyən xarakter daşıyır. Bu, Tramp adminstrasiyasının bu regiona yönəlik fərqli siyasət yürüdə biləcəyinin ilkin əlamətləri də hesab oluna bilər. Və bu əlamətlər Ermənistan siyasi dairələrində ciddi şəkildə xof yaratmağa başlayıb.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvanın Ağ Evin diqqətini çəkmək üçün etdiyi siyasi manevrlər Tramp adminstrasiyası tərəfindən laqeyd sükutla qarşılanır. Baş nazir Nikol Paşinyan ABŞ-a dəvətsiz səfər etsə də, Ermənistana əliboş və məyus qayıtmışdı. Rusiya ilə münasibətlərin ciddi şəkildə pozulmuş olduğu bir dönəmdə ABŞ-ın dəstəyinin itirilməsi Ermənistan üçün real təhlükə vəd edir. Çünki Paşinyan hakimiyyəti məhz həmin dəstək naminə Rusiyanın hərbi müttəfiqi olan Ermənistanı Qərbə inteqrasiya istiqamətinə yönəltmişdi. Və bu, indi Ermənistanı çıxılmaz "geopolitik labirintə" salmış kimi görünür.

c5ac11f3d8c63e328c7afbe8fb056863.png (648 KB)

Məsələ ondadır ki, Ağ Evdən pozitiv mesajlar almayan rəsmi İrəvan tərəddüdlər içərisində qalıb. Tramp adminstrasiyası Cənubi Qafqazla bağlı siyasi kursunu dəqiqləşdirmədiyi üçün rəsmi İrəvan Qərbə inteqrasiya siyasətindən imtina edib, geri çəkilməyə cəsarət etmir. Üstəlik, geri çəkilsə belə, Paşinyan hakimiyyətini Rusiya ilə korlanmış münasibətlərin bərpası üçün uzun və yorucu mərhələ gözləyir. Və ABŞ-ın Cənubi Qafqazla bağlı hədəflərini indi arxa plana keçirməsi Rusiyanın regionda, daha doğrusu, məhz Ermənistana münasibətdə daha fəal davranmasına geniş imkanlar açır.

Maraqlıdır ki, Ermənistanda dislokasiya olunan Rusiya hərbi bazalarında müşahidə olunan hərəkətlilik indi Paşinyan hakimiyyəti daxilində ciddi narahatlığa yol almaqdadır. Çünki Rusiya hərbi kontingenti Ermənistan ərazisində rəsmi İrəvana məlumat verməkdən, yəni, icazə almadan hərəkət edir. Rəsmi İrəvan isə buna etiraz keyfiyyətli reaksiya cəsarəti göstərə bilmir. Və bu, Kremlin Paşinyan hakimiyyətinə açıq təhdid manevri olaraq, diqqəti çəkir.

Halbuki, son vaxtlara qədər rəsmi İrəvanın "təbliğat maşını" birmənalı və məqsədyönlü şəkildə Rusiya qarşı ittihamlar sıralayırdı. Hazırda isə Rusiya əleyhinə ittihamlara rast gəlinmir. Əksinə, Paşinyan hakimiyyəti Kremllə yenidən yaxınlaşma üçün "dialoq pəncərəsi" axtarır. Ancaq Kreml rəsmi İrəvan ilə dialoqa meyilli görünmür. İndi Rusiya siyasi dairələri Ermənistanın sadəcə, itaətkar mövqeyə keçməsini istəyir. Və ABŞ-ın regional siyasətində qeyri-müəyyənlik hökm sürdüyündən rəsmi İrəvan Paşinyan hakimiyyətinin devrilməsində maraqlı olan Rusiya qarşısında itaətkar mövqeyə keçidlə bağlı tərəddüd yaşayır.

1715611284_sgsgsgs.jpg (115 KB)

Təbii ki, 2026-cı ildə keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində Paşinyan hakimiyyəti üçün belə situasiya əsl siyasi iflas təhlükəsi sayılır. Çünki Ermənistanda həm hərbi, həm də iqtisadi dayaqları olan Rusiyanın Ermənistanda seçkilərə mütləq müdaxilə edəcəyi qətiyyən şübhə doğurmur. Rusiyanın Ermənistandakı siyasi düşərgəsinin tədricən hərəkətə gətirilərək, fəallaşdırılması da belə düşünməyə əsas verir. Və bu proses hətta siyasi məkanda ciddi qarşıdurmaya da yol almaqdadır.

Məsələ ondadır ki, rus kəşfiyyatına bağlı erməni radikal-revanş siyasi düşərgə baş nazir Nikol Paşinyanın kimlər tərəfindən və necə hakimiyyətə gətirilməsi ilə bağlı mövzuları əsas gündəmə çevirməyə çalışır. Belə ki, Paşinyan hakimiyyəti Qərbin Ermənistandakı filialı olmaqda suçlanır. Bunun qarşılığında isə baş nazir Nikol Paşinyan özündən əvvəlki dövlət başçılarını, xüsusilə də, hərbi cinayətkarlar olan Robert Köçəryan və Serj Sarkisyanı Rusiyaya arxalanaraq, Ermənistanı talamaqda suçlayır. Və bu, onu göstərir ki, Ermənistanda növbəti parlament seçkiləri artıq başlayıb.

Belə anlaşılır ki, Ermənistanın siyasi arenasında gərginlik artmaqdadır. Belə davam edərsə, siyasi mübarizənin olduqca ciddi qarşıdurmaya, hətta toqquşmalara çevrilə biləcəyi qətiyyən istisna deyil. Halbuki, Ermənistan ətrafında yaranmaqda olan yeni situasiya Paşinyan hakimiyyətinin əleyhinədir. Çünki ABŞ və Qərbin ənənəvi dəstəyi artıq əvvəlki səviyyədən çox-çox uzaqdır. Üstəlik, Tramp adminstrasiyasının Ermənistanı Rusiyanın təsir dairəsinə buraxa biləcəyi də indi kifayət qədər inandırıcı görünür.

28a03d166f75592649dc9d7ec722a7e2.jpg (430 KB)

Təbii ki, belə situasiya Paşinyan hakimiyyətinin siyasi manevr imkanlarını da məhdudlaşdırır. Hər halda, Kremlin dəstəklədiyi bütün qüvvələrin - radikal-revanşist düşərgənin və erməni kilsəsinin Paşinyan hakimiyyətinin əleyhinə birləşdiyi müşahidə olunur. Digər tərəfdən, Rusiya Ermənistan ordusuna, xüsusilə də, erməni generalitetinə nəzarət etməsi də situasiyanı böhranlı həddə çatdırmaqdır. Və Paşinyan hakimiyyətinin Rusiya tərəfindən dəstəklənən bu əks düşərgəyə müqavimət göstərməsi o qədər də asan olmayacaq.

Kremlin Ermənistanda dislokasiya olunan Rusiya hərbi kontingentini hərəkətə gətirməsi isə rəsmi İrəvana real təhlükənin yarandığını göstərir. Hər halda, bu, Rusiyanın Paşinyan hakimiyyətinə dolayısı ilə hərbi xarakterli təhdid mesajları verməsi anlamına gəlir. Kreml növbəti parlament seçkilərində Ermənistanda hakimiyyəti dəyişmək niyyətində olduğunu artıq indidən biruzə verməyə başlayıb. Və buna qarşı duruş gətirmək üçün, hazırda böyük şübhələr doğursa da, Paşinyan hakimiyyətinin yalnız Ermənistan cəmiyyətindəki sosial bazasına ümid bəsləməkdən başqa çıxış yolu görünmür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Mart 2025

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR