İnsanlara hürriyət, millətlərə istiqlal!

AFFA-da islahat başlayır: Bu şəxslər federasiyadan uzaqlaşdırılacaq - FOTO

Azərbaycan futbolu yeni dönəmə hazırlaşır. AFFA-da keçiriləcək prezident seçkiləri ilə qurumda böyük islahat dalğasının başlayacağı gözlənilir.

İslahatları labüd edən isə futbolumuzun hazırkı durumudur. Bu idman növündə ölkəmizdə "Qarabağ"dan başqa müsbət məqam yoxdur. Uşaq futbolu bərbad durumdadır, milli komanda isə "tsikl"ləri yola verməkdədir.

Belə vəziyyətdə AFFA-nın əsas qərarverici şəxslərinin yer aldığı İcraiyyə Komitəsi aktiv olmalı idi. Ancaq 13 nəfərdən ibarət komitənin fəaliyyəti və təsir qüvvəsi heç də qənaətbəxş deyil. Son zamanlarda verilən ən mühüm qərar yalnız Premyer Liqada iştirakçı sayının artırılması, I liqanın yenidən qurulması və II liqanın yaradılması oldu. Ki, bunda kənar təsirlər böyük rol oynadı.

AFFA İcraiyyə Komitəsində yer alan şəxslərin böyük qisminin futbolla yaxın münasibəti yoxdur. Onlardan bəziləri bu idman növünü azarkeşlər qədər bilmir. Buna görə də iclaslarda onların işi sadəcə əl qaldırmaqdan ibarət olur. Qərarlara təsir edənlər isə tamam başqa qüvvələrdir.

Musavat.com-un Publika.az-a istinadən məlumatına görə, federasiyada keçirilən hesabat-seçki konfransından sonra İcraiyyə Komitəsində də islahatlar olacaq. Artıq bir sıra şəxslər Azərbaycan futbolu ilə bağlı yeni dönəmdə yer almayacaq. Bunlardan biri vitse-prezident, eyni zamanda FİFA-da Avropa Milli Assosiasiyalar üzrə direktoru postunda çalışan Elxan Məmmədovdur. Onun yeni dönəmdə nəinki komitədə hətta AFFA-da yer almayacağı gözlənilir. Bununla onun federasiyadakı fəaliyyət dövrü rəsmən başa çatacaq.

13 nəfərlik siyahıda yer alanlardan 2 futbol adamı qocaman - 83 yaşlı Kazbek Tuayev və səssiz-səmirsizliyi ilə ad çıxaran 67 yaşlı İsgəndər Cavadov rahatlıqla təqaüdə çıxa bilərlər. Azərbaycan futboluna xidmət etməyən bu şəxslərə yeni dönəmdə yer verilməyəcəyi gözlənilir.

Eyni zamanda, Milli Məclisin deputatı Rauf Əliyev, Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, “SOCAR Energy Georgia” Şirkətinin baş direktoru və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, sabiq xarici işlər naziri Elmar Məmmədyarov yeni komitədə yer almayacaqlar. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru Fərid Mansurov da "icrakom"un sıralarını tərk edəcək. Gənclər və İdman Nazirliyində idman şöbəsinin müdiri olarkən AFFA-nın sıralarına qoşulan idmanımızın əfsanəsi ilə bağlı situasiya başqadır. O, həm nazirliyin əməkdaşı olmadığı, həm də futbola diqqət yetirəcək zamanı olmadığı üçün komitədə yer almaq istəmir. Mansurovun son toplantılarda iştirak etməməsi də bunun göstəricisidir.

İcraiyyə Komitəsinin üzvlərindən biri həm də AFFA prezidentidir. Prezident postunda dəyişiklik baş versə, hazırkı rəhbər Rövnəq Abdullayev də komitədə yer almayacaq.

Yeni komitə üzvlərinin siyahısı məlum deyil. Amma artıq bir neçə namizəd var. Onlar arasında kifayət qədər nüfuzlu şəxslər var. Eyni zamanda, futbolumuza yaxşı bələd olan bir neçə şəxsə AFFA-nın əsas icraedici komitəsində yer almaq təklif olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR