Onlayn ictimai-siyasi qəzet
"Tailand rəsmilərinin ölkədə sığınacaq alan uyğurları Çinə deportasiya etməsi ABŞ və Avropa İttifaqının ciddi narazılığına səbəb olub".
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Vaşinqton daha qətiyyətli addım ataraq, uyğurları ölkədən deportasiya edərək Çinə göndərən Tailand rəsmilərinə qarşı sanksiya tətbiq edib:
"Bu haqda ABŞ dövlət katibi Marko Rubio açıqlama verib. Dövlət katibi uyğurları deportasiya edən Tailand rəsmilərinə viza məhdudiyyətlərinin qoyulduğunu, ABŞ-yə girişlərinin qadağan edildiyini vurğulayıb. Rubio deportasiya edilən uyğurların Çində işgəncə, təqib və assimilyasiya ilə yoxolma riskilə üz-üzə qaldıqlarını söyləyib.
Avropa Parlamenti də Tailandın 40 uyğuru Çinə deportasiya etməsini pisləyən qətnamə qəbul edib və bu hərəkətin beynəlxalq hüququ pozduğunu bildirib. Parlamentin qəbul etdiyi sənəddə deportasiya edilən uyğurların "əsassız həbs, işgəncə və ağır insan haqları pozuntuları" riski ilə üzləşdikləri bildirilib.
Tailanda köçən uyğurlar uzun müddət Banqkokdakı Miqrasiya Təcridxanasında saxlanılıblar. Onlar Tailanda 2014-cü ildə Çindən qaçan daha böyük bir qrupun tərkibində gəliblər. 2014-cü ildə Çindən qaçmağı planlaşdıran, ancaq planlarını reallaşdıra bilməyən 2 uyğur 9 il həbs cəzasına məhkum edilib. Həmin uyğurlar Çini tərk etməyə çalışarkən qonşu Myanma, Vyetnam və Laosla həmsərhəd olan Yunnan əyalətinə getmişdilər. Ancaq onlar sərhəddi keçmədən yaxalanıblar.
Çinin Banqkokdakı səfirliyinin sözçüsü bildirib ki, deportasiya edilən 40 uyğur ailələrinə qovuşduqdan sonra "peşə bacarıqları üzrə təlim" keçəcəklər. Ancaq Qərbdə buna inanmırlar. Bu vaxta qədər Çində 2 milyona yaxın uyğurun Sincandakı düşərgələrdə məcburi əməyə cəlb edildiyi məlumdur. Pekin isə həmin düşərgələrin "könüllülük" əsasında formalaşdığını və uyğurların orada yeni bacarıqlar əldə etdiklərini iddia edir. Pekin beynəlxalq aləmin Çinin uyğurlara olan münasibətinin dəyişməsini tələbini nəzərə almır".
Xalidə Gəray
Musavat.com
15 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ