İnsanlara hürriyət, millətlərə istiqlal!

“Crocus City Hall” terroruna görə 19 müttəhim hakim qarşısında – MƏHKƏMƏ BAŞLADI

Moskva məhkəməsi ötən il Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında 147 nəfərin həyatına son qoyan qanlı terror aktı ilə bağlı işə baxmağa başlayıb.

Musavat.com xəbər verir ki, 19 nəfər müttəhim kürsüsündədir.

Onlardan 4 nəfər hücumun birbaşa icraçıları, qalan 15 nəfər isə onlara yardım göstərməkdə və digər əlaqəli cinayətlərdə ittiham olunur.

Məhkəmə prosesi qapalı keçirilir.

İstintaq materiallarına görə, 2024-cü ilin martında, axşam saatlarında Tacikistan vətəndaşları Dalerdjon Mirzoyev, Saidakram Rəcabəlizoda, Şəmsiddin Fəriduni və Məhəmmədsobir Faizov silahlarla konsert zalına daxil olaraq əvvəlcə mühafizəçilərə və girişdəki insanlara atəş açıblar. Ardınca konsert zalına girərək tamaşaçılara atəş açıb və stulları yandırıblar.

Hücum cəmi 18 dəqiqə davam edib. Qısa müddətdə bina alova bürünüb. 147 nəfər ölüb, 300-dən çox insan yaralanıb, 3 nəfər isə itkin düşüb. Bu, müasir Rusiya tarixində ən dəhşətli hücumlardan biridir. 2004-cü il Beslan faciəsindən sonra ikinci yerdədir.

İstintaqın qənaətinə görə, hücumu həyata keçirənlər xaricdə gizlənən təşkilatçıların göstərişi ilə hərəkət ediblər. İcraçıların hamısı gəncdir, böyüyünün yaşı 30-dan azdır, ən kiçiyi isə 20 yaşındadır. 15 “şərik” kimi təqdim olunan şəxslər arasında silah-sursat təminatçıları, qaçış üçün şərait yaradanlar və maddi dəstək göstərənlər var.

Məsələn, İnquşetiyadan Hüseyn Medov və Cəbrayıl Auşev silahları döyüş vəziyyətinə gətirməkdə ittiham olunur. Yakubcan Yusufzoda digər müttəhimlərin kirayə mənzilinə pul köçürməkdə günahlandırılır. Əlişir Kasımov mənzilini hücumçulara kirayə verib. İsrail İslamov və oğulları hücumçuların qaçışına yardım göstərməkdə ittiham olunur. Onlardan bir neçəsi təqsirini qismən etiraf edib.

İstintaq hücumun İŞİD-in “Vilayət Xorasan” qolu tərəfindən həyata keçirildiyini iddia edir. Bununla yanaşı, Rusiya hüquq-mühafizə orqanları hücuma “xarici kəşfiyyat xidmətlərinin və Ukraynanın ali rəhbərliyinin” dəstək verdiyini sübut etməyə çalışır. Bu versiya mübahisəlidir.

Ukrayna və Qərb ölkələri ittihamları rədd edir, bunu Kremlin siyasi manipulyasiyası kimi qiymətləndirirlər. İŞİD-lə əlaqəli qruplaşma isə hücumu öz üzərinə götürüb və kafirlərə cavab adlandırıb.

İşin ən diqqətçəkən məqamı budur ki, hücumun əsas təşkilatçıları hələ də müəyyən edilməyib. İstintaq yalnız A.İ. Bekov və A.M. Hikmətov adlı şəxslərin adlarını çəkir, onların harada olması məlum deyil.

Hücumçuların həbsindən sonra yayılan görüntülər böyük rezonans doğurdu. Dalerdjon Mirzoyevin gözü şişmiş, boynunda plastik torba izləri görünürdü, Rəçabəlizodanın qulağının kəsildiyi iddia olundu. Bu səbəbdən hüquq müdafiəçiləri onların ifadələrinin etibarlılığına şübhə ilə yanaşır.

Moskva məhkəməsi istintaq materiallarının həssaslığı səbəbindən dinləmələrin bir qismini qapalı keçirəcək.

Eyni zamanda, müttəhimlərin hamısı artıq Rusiyada terrorçular siyahısına salınıb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR