İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfirinin Prezidentin qəbuluna düşmək problemi - Bakının mesajı...

Ekspert: “1961-ci il Vyana Konvensiyasına görə, səfirin etimadnaməsinin dövlət başçısı tərəfindən qəbulu proseduru uzadılırsa, bu, səfir təyin olunmuş şəxsin personasına deyil, səfirin təmsil olunduğu dövlətə qarşı etiraz kimi qiymətləndirilir”

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də Yaponiyanın, Lüksemburqun və Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib. Məlumdur ki, ABŞ-ın yeni səfiri Mark Libbi də artıq Bakıdadır. Ötən il dekabrın 15-də o, xarici işlər naziri Ceyhun Bayramova etimadnaməsinin surətini təqdim edib. Etimadnamənin özünü isə Prezident qəbul etməlidir. 

Burada bir gecikmə yoxdur ki? Diplomatik praktika nə deyir? Bunu rəsmi Bakının ABŞ-a etiraz forması saymaq olarmı? Bu nəyin mesajıdır? Prezident, ümumiyyətlə, onu qəbul etməyə bilərmi? 

İran Azərbaycana qarşı niyə düşmən mövqeyindədir?- “Bunun iki səbəbi var”-Anar  Əliyevlə MÜSAHİBƏ - Editor.az

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidentinin Yaponiya, Lüksemburq və Peru Respublikasının səfirlərinin etimadnamələrini qəbul etməsi ilə həmin səfirlərin ölkəmizdə fəaliyyətə başlaması proseduru yekunlaşdı. Bu, təbii ki, haqlı olaraq ABŞ-ın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsinin hələ də qəbul olunmaması ilə bağlı sualları ortaya çıxarır: “Mən bu proseduru 1961-ci il Diplomatik Münasibətlərə dair Vyana Konvensiyasının tələbləri əsasında təhlil etmək istəyirəm. Çünki hazırda da dövlətlərarası diplomatik münasibətlər məhz həmin konvensiyanın tələbləri əsasında formalaşır və tənzimlənir. Konvensiyanın tələbinə əsasən dövlətlərarası diplomatik münasibətlər və əlaqələr məhz aşağıdakı ardıcıllıqla həyata keçirilməlidir: Bir dövlət başqa bir dövlətə diplomatik nümayəndə-səfir təyin edərkən öncə həmin ölkəyə aqreman-razılıq sənədi təqdim olunur və bu aqremanda təyin olunacaq səfirin fəaliyyəti, şəxsiyyəti, onun indiyə qədərki diplomatik işləri ilə bağlı məlumatlar öz əksini tapır. Aqreman təqdim olunduqdan sonra qarşı tərəf bu şəxsin kimliyini, fəaliyyətini, öz dövlətinə qarşı hər hansı fəaliyyətdə olub-olmadığını, çağırışlar edib-etmədiyini araşdırır. Aqremana bundan sonra ya razılıq verilir, ya da razılıq verilmir. Razılıq verilməməsi həmin şəxsin birbaşa təyin olunan şəxsin personası ilə bağlı olur və adətən aqremana cavab verilməməsi həmin şəxsin səfir təyin olunmasına dövlətin razılıq verməməsi kimi qiymətləndirilir. Bundan sonra yeni şəxslə bağlı təqdimat göndərilir. Əgər aqreman təsdiq olunacaqsa, bundan sonra prezidentin sərəncamı ilə həmin şəxs səfir təyin olunur. Bundan sonra səfir təyin olunduğu ölkəyə etimadnaməsi ilə birgə daxil olur. Etimadnamə iki nüsxədə tərtib edilir və səfirə təqdim olunur. Əsl nüsxə dövlət başçısına təqdim olunur, surəti isə təyin olunduğu ölkənin Xarici İşlər Nazirliyinə təqdim olunur. Xarici İşlər Nazirliyinə etimadnamənin surətinin təqdim olunmasına baxmayaraq, dövlət başçısı etimadnaməni qəbul etməyibsə, Vyana Konvensiyasına görə, diplomatik nümayəndənin-səfirin fəaliyyətə başlaması mümkün deyil. Yalnız etimadnamə qəbul olunduqdan sonra səfirin fəaliyyətə başlaması təsdiq olunmuş olur. Ona görə də Xarici İşlər Nazirliyinə etimadnamənin surətinin təqdim olunması, sadəcə, Prezident tərəfindən səfirin qəbuluna hazırlıq mərhələsi kimi qiymətləndirilir və bu, diplomatik nümayəndənin fəaliyyətə başlaması kimi qiymətləndirilə bilməz. Əgər diplomatik nümayəndənin etimadnaməsinin dövlət başçısı tərəfindən qəbulu proseduru uzadılırsa, bu, əslində səfir təyin olunmuş şəxsin personasına deyil, səfirin təmsil olunduğu dövlətə qarşı etirazı kimi qiymətləndirilir. Xüsusilə də diplomatik-siyasi münasibətlərdə, əlaqələrdə hər hansı problemlər, gərginlik mövcuddursa, etimadnamənin qəbulu prosedurunun uzadılması ilə dövlət qarşı tərəfə özünün diplomatik etirazını nümayiş etdirmiş olur”. 

Ekspert hesab edir ki, indiki halda ABŞ-ın yeni təyin olunmuş səfirinin ölkəmizə gəlməsi və etmadnaməsinin surətinin Xarici İşlər Nazirliyinə təqdim olunması Vyana Konvensiyasının tələblərinə görə, onun personası ilə bağlı Azərbaycan dövləti tərəfindən hər hansı etirazın olmamasını, aqremanın təsdiq olduğunu göstərir. Amma dövlət başçısı tərəfindən səfirin etimadnaməsinin qəbul olunmaması səfirin personasına deyil, təmsil etdiyi dövlətə, yəni ABŞ-ın son dövrlər sərgilədiyi antiAzərbaycan addımlarına bir diplomatik etiraz formamızdır: “Hesab edirəm ki, 1961-ci il Vyana Konvesiyasında da qeyd olunduğu kimi, səfirin etimadnaməsinin qəbul olunmaması dövlətin suveren hüququdur və onu heç kim məhdudlaşdıra bilməz. Azərbaycan da bu suveren hüququndan istifadə edirsə, təbiidir, düzgündür. Bu, ABŞ-ın düşünüb bir daha dərindən təhlil etməli olduğu bir prosesdir. Amerika bir daha dərindən düşünməlidir ki, atdığı hansı addımlar Azərbaycan tərəfində bu dövlətə belə bir münasibətə və onun səfirinin etimadnaməsinin qəbul olunmamasına gətirib çıxarıb”.      

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR