İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-Ermənistan təlimləri ara vermir - NATO generalı İrəvandan Bakıya gəlmədi...

Polkovnik: “Bu, müdafiə adı altında Ermənistana kütləvi qırğın silahlarının veriləcəyi şübhəsini meydana gətirir”

Ermənistan Qərbdəki yeni havadarları hesabına silahlanmağa və hərbi təlimlərə davam edir. Aydındır ki, bu proses müdafiə niyyəti güdmür. Kapitulyant ölkə yeni savaş hazırlığı içindədir. Bu da növbəti fakt.

Keçən həftəsonu ABŞ Ermənistanda kütləvi qırğın silahlarına (KQS) qarşı mübarizə çərçivəsində Ermənistan dövlət idarəetmə sisteminin səlahiyyətli orqanlarının iştirakı ilə səhra təlimləri keçirilib. Təlimlər ABŞ Müdafiə Nazirliyinin Təhdidlərin Azaldılması Agentliyi ilə birgə keçirilib və Ermənistan Təhlükəsizlik Şurasının əməkdaşları tərəfindən əlaqələndirilib. Rəsmi məlumata görə, təlimin məqsədi kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrinin yayılmasına qarşı Ermənistanın cavab tədbirlərinin imkanlarını və mexanizmlərini öyrənmək olub.

Maraqlıdır, məgər Ermənistanı hansısa ölkə kütləvi qırğın silahı iləmi hədələyir? Axı nə Azərbaycanın, nə də Türkiyənin nüvə, kimyəvi və bioloji silah arsenalı yoxdur. O zaman ABŞ bu kimi təlimlərlə kimin gözündən pərdə asmaq istəyir?..

Bu azmış kimi, yenə ötən həftə - oktyabrın 3-də NATO Beynəlxalq Hərbi Qərargahının rəisi general-leytenant Yanuş Adamçakın başçılıq etdiyi nümayəndə heyəti Ermənistanda olub. Rəsmi məlumata görə, o, Ermənistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan və Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyanla görüşüb: “Görüşlər zamanı geniş spektrli məsələlər müzakirə edilib, xüsusilə Ermənistan-NATO əməkdaşlığının hazırkı gedişatı və onun inkişaf imkanlarına toxunulub. Əməkdaşlığın ən uyğun istiqamətləri qeyd olunub. Ermənistan tərəfi silahlı qüvvələrdə aparılan islahatların gedişatını təqdim edib. Regional təhlükəsizlik məsələləri müzakirə edilib, tərəflər həmçinin beynəlxalq hərbi-siyasi hadisələrə dair fikir mübadiləsi aparıblar”.

Nə baş verir? NATO generalı İrəvandan Bakıya niyə gəlmədi, əgər niyyət safdırsa?

2108575.jpg (30 KB)

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, bu görüşlərin, təlimlərin keçirilməsi Qərbin, NATO-nun regionda Rusiyaya alternativ balans yaratmaq istəyindən xəbər verir. Bu proses region üçün təhlükə vəd edir. Qeyri-rəsmi məlumatlar yayılmaqdadır ki, NATO qüvvələri Cənubi Qafqaza hansısa ad altında yerləşmək istəyir. Son bir neçə ayda artıq 4-cü dəfədir ki, ABŞ Ermənistanda müxtəlif hərbi istiqamətlərdə təlimlər keçirir: “Bir sözlə, ABŞ və NATO çalışır ki, Rusiyanın hərbi bazaları Ermənistandan çıxarılsın. Sülhməramlı adı altında NATO qüvvələri Ermənistana yerləşdirmək istəyirlər. Son zamanlar Ermənistanla hərbi istiqamətdə danışıqların, əlaqələrin intensivləşirilməsi, görüşlər, birgə təlimlərin artırılması buna xidmət edir. Ermənistanı heç kim kütləvi qırğın silahı ilə hədələmir və Ermənistan üçün belə bir təhlükə yoxdur. Buna baxmayaraq, ABŞ hətta kütləvi qırğın silahı təhlükəsindən qorunmaq, kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrinin yayılmasına qarşı Ermənistanın cavab tədbirlərinin imkanlarını və mexanizmlərini öyrənmək adı altında prosesi İrəvanla aparır. Diqqət edirsinizsə, rəsmi məlumatda "Ermənistanın cavab tədbirləri imkanlarını və mexanizmlərini öyrənmək"dən bəhs edilir. Bu, əslində müdafiə adı altında Ermənistana kütləvi qırğın silahlarının veriləcəyi şübhəsini meydana gətirir. Ermənistanda yerləşib İrana, Türkiyəyə, Azərbaycana, Rusiyaya qarşı platsdarma və təhdidə çevirmək istəyirlər. Ermənistanı heç kim kütləvi qırğın silahı ilə hədələmədiyi halda Ermənistanda kütləvi qırğın silahına qarşı cavab mexanizmilərinin öyrənilməsinin başqa adı yoxdur. Ermənistanın ətrafında olan dövlətlər nüvə silahına malik olmayan dövlətlərdir. Ermənistana bu dövlətlərin heç birindən təbii ki, nüvə təhlükəsi yoxdur. Ermənistanda ABŞ-ın keçirdiyi hərbi təlimlər daha çox Rusiyaya qarşı siyasətin, planın tərkib hissəsidir".

Polkovnik qeyd etdi ki, Ermənistanın özündə atom elektrik stansiyası fəaliyyət göstərir. Həmin AES-də hər hansı bir təxribat törədilə bilər. O cür təxribatın nəticələrinə qarşı da Ermənistanı hazırlamaq məqsədi güdülə bilər: “Bunu bəhanə edib müəyyən silah növlərini, müdafiə sistemlərini Ermənistana gətirəcəkləri də istisna deyil. Qərb Ermənistanı böyük oyunlara  qatmaq niyyətindədir. Bu niyyətin gerçəkləşməsi Ermənistanı bütün regionun təhlükəsizliyi üçün çox böyük təhdid yaradan dövlətə çevirə bilər. Kənar güclərin oyuncağına çevrilən Ermənistan bütün region üçün təhlükə mənbəyi olacaq. Ona görə də Rusiya başda olmaqla, bütün region dövlətləri təcili hərəkətə keçməlidir. Sonra gec ola bilər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR