Onlayn ictimai-siyasi qəzet
Avropa Birliyi özünün ənənəvi fəaliyyət çərçivəsindən kənara çıxmağa başlayıb. Belə ki, bu qurum əslində, iqtisadi inkişaf hədəfli tərəfdaşılıq prioritetləri üzərində qurulub. Üstəlik, Avropa Birliyinin “xristian klubu” prinsipləri də ön plandadır. Ona görə də, Avropa Birliyinin üzvlük standartlarından uzaq Şərqi Avropa ölkələri keçmiş SSRİ-nin süqutundan dərhal sonra bu qurumun sıralarına qəbul olundu. Ancaq müsəlman dövləti olması ucbatından Türkiyə ötən əsrin 70-ci illərindən üzü bəri Avropa Birliyindən uzaq tutulur. Və bu qurumun strateqləri Türkiyənin Avropa Birliyinə üzv qəbul edilməməsinin əsas səbəblərini qətiyyən gizlətmirlər.
Onlar hesab edirlər ki, Türkiyənin üzv olacağı təqdirdə, Avropa Birliyi öz prinsiplərindən, hədəflərindən və prioritetlərindən tamamilə uzaqlaşa bilər. Xüsusilə də, Türkiyənin əhali sayı Avropa Birliyinin strateqlərində ciddi narahatlıq yaradır. Çünki Avropa Birliyinin idarəçilik sisteminə görə, əgər, Türkiyə üzv qəbul edilərsə, əhali sayı sayəsində rəsmi Ankara bu qurumun seçkili orqanlarında üç əsas avanqard ölkədən birinə çevrilə bilər. Və bu “xristian klubu” bir müsəlman ölkəsinə belə geniş idarəçilik imkanları tanımaq istəmədiyini qətiyyən gizlətmir.
Ancaq nə qədər qəribə də olsa, son illərdə rəsmi Ankara Türkiyənin Avropa Birliyinə üzvlük məsələsində əvvəlki kimi israrçı davranmır. Əksinə, indi Türkiyə Avropa Birliyinə sadəcə, iqtisadi-ticari tərəfdaş kimi yanaşmağa üstünlük verir. Çünki rəsmi Ankara Avropa Birliyinin artıq tədricən çöküş mərhələsinə yaxınlaşmış ola biləcəyindən duyuq düşmüş kimi görünür. Və bu baxımdan, Avropa Birliyi artıq əvvəlki səviyyədə cəlbedici iqtisadi alyans təsiri bağışlamır.
Maraqlıdır ki, Avropa Birliyinin əvvəl-axır çökəcəyi və dağılaraq, beynəlxalq siyasi-iqtisadi məkandan silinəcəyi barədə ehtimallar həmişə aktual xarakter daşıyıb. Halbuki, bu qurumun strateqləri onu daim yaxınlaşan iflas təhlükəsindən kataklizmlərdən yayındırmağı bacarıblar. Ancaq Böyük Britaniyanın Avropa Birliyini tərk etməsindən sonra bu qurumun sarsıdıcı zərbə aldığı da inkaredilməz reallıqdır. Və bu reallığın arxasında həm də, Avropa Birliyini özünə iqtisadi-ticari problem hesab edən ABŞ-ın maraqları da olmamış deyil.
Əslində, rəsmi Londonun Avropa Birliyini tərk etmək barədə qərarında Böyük Britaniyanın ən yaxın müttəfiqi olan ABŞ-ın birbaşa təzyiqlərinin rolu da planda yer alırdı. Ağ Ev bununla öz əsas beynəlxalq rəqiblərindən birini ciddi şəkildə zəiflətməyə nail oldu. Avropa Birliyinin son illərdə Rusiya ilə yaxın tərəfdaşlıq münasibətləri qurması da ABŞ-ı bu qurumun sıradan çıxarılmasına indeksləşdirməkdəydi. Və Ağ Ev Rusiya enerji resurslarından asılı vəziyyətə düşmüş Avropa Birliyinin Kremldən verilən təlimatlar qarşısında acizliyini artıq real təhlükə hesab edirdi.
Ancaq ABŞ bu vəziyyəti tamamilə tərsinə çevirməyi bacardı. Ukrayna savaşının əsas nəticələrindən biri də ondan ibarətdir ki, ABŞ Avropa Birliyini Rusiya asılılığından uzaqlaşdırmağa nail olub. Üstəlik, rəsmi Brüssel və Kreml arasında hərbi-siyasi düşmənçiliyin təməlini atmağı da bacarıb. Hətta son vaxtlar Ağ Ev Ukrayna savaşının maliyyələşdirilməsini də məhz Avropa Birliyinin üzərinə yükləmək üzrədir. Və ona görə də, hazırda bu qurum kifayət qədər ağır vəziyyətə düşmüş kimi görünür.
Hazırda Rusiyaya tətbiq olunmuş sanksiyalar Avropa Birliyi ölkələrinin iqtisadiyyatında bumeranq effekti verməkdədir. Bu səbəbdən də, “qoca qitə”nin əhalisinin vərdiş etdiyi rifah səviyyəsi tədricən aşağı düşməyə başlayıb. Yüksək inkişaf səviyyəsinə çatmış bu ölkələrin büdcələrində “yırtıqlar”ın əmələ gəlməsi indi açıq şəkildə etiraf olunur. Rusiya enerji resurslarına alternativ qaynaqların daha baha qiymətə başa gəlməsi isə sosial-iqtisadi situasiyanı tündləşdirir. Və hətta bəzi Qərb ekspertləri Avropa Birliyi məkanını dərin böhran gözlədiyini iddia etməyə başlayıblar.
Təbii ki, “qoca qitə”də sosial-iqtisadi rifahın aşağı düşməsi digər istiqamətlərə də təsir göstərir. Belə ki, Avropa əhalisinin son vaxtlar radikallaşdığı müşahidə olunur. Bu radikallıq həm siyasi hakimiyyətləri, həm də ölkədə mühacir həyatı yaşayan insanları hədəfə alıb. Ona görə də, hazırda avropalılar ultramillətçiliyə meyil göstərməyə başlayıblar. Bəzi Avropa Birliyi ölkələrində artıq ultramillətçi siyasi qüvvələr seçkilərdə qalib gələrək, hakimiyyəti ələ keçirirlər. Və bu, Avropa Birliyinin demokratiya, insan hüquqları kimi təməl ideoloji prinsiplərinə ziddir, onu təhdid edir.
Digər tərəfdən, radikallaşmış avropalılarla mühacirlər arasındakı qarşıdurmanın dərinləşməsi küçə toqquşmalarına da zəmin yaradır. Bəzi Qərb ekspertləri hesab edirlər ki, əgər, qarşısı vaxtında alınmazsa, bu proses tezliklə Avropa məkanını kütləvi iştişaşlara və daxili savaşlara sürükləyə bilər. Bu haldasa, Avropa Birliyi ölkələrinin iqtisadiyyatları sarsıdıcı zərbələr ala bilər. Və bu baxımdan, yaxın illər üçün “qoca qitə”də ötən əsrin 30-cu illərində baş vermiş maliyyə-iqtisadi böhranın təkrarlanmasının qaçılmaz hesab olunur.
Onu da qeyd etmək lazımdır ki, əksər Qərb ekspertləri hətta ən yüngül iqtisadi böhranın Avropa Birliyini iflas mərhələsinə götürəcəyini iddia edirlər. Onların fikrincə, əgər, belə böhran baş verərsə, Avropa məkanı yaşayış üçün ən uğursuz coğrafiyaya çevriləcək. Avropa Birliyi ölkələri arasında maliyyə-iqtisadi ziddiyyətlər hərbi-siyasi konfliktlərə yol açacaq. Hətta bəzi ölkələr arasında müharibələrin baş verməsi də istisna edilmir. Vətəndaş müharibəsi ilə bağlı təhlükə isə Avropa Birliyi ölkələri üçün gözlənilən əsas təhlükələrdən biri hesab olunur. Və bütün bunların son nəticədə Avropa Birliyinin çöküşünü sürətləndirəcəyi ehtimal olunur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ