İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ, Avropa Birliyi və Fransadan sonra NATO da Qafqaza yerləşir: Alyans Ermənistanda hərbi baza yaradır

CİA-nin Paşinyan hakimiyyəti daxilindəki əsas agenti Armen Qriqoryanın Ermənistanı NATO-nun "yeni cənub cinahı"na çevirmək təklifi ABŞ və Qərbin Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq planlarına tamamilə cavab verir... Böyük ehtimalla Ermənistan Təhlükəsizlik Şurası rəhbərinin avantürist təklifləri məhz CİA tərəfindən əvvəlcədən hazırlanmış ssenaridir, sadəcə, bu planın detallarının NATO-nun hərbi rəhbərliyinə təqdimatı erməni agentə həvalə olunub...

Cənubi Qafqaz uğrunda mübarizə artıq təhlükəli istiqamətlər almağa başlayıb. Belə ki, ABŞ və Qərb bu regionda sülh prosesinə dəstəkdən danışıb, israrla xaos yaratmaq istiqamətində addımlar atmağa çalışır. Üstəlik, bu məqsədlə ən qəliz planları reallaşdırmaq baxımdan, yolverilməz manevrlərlə regional situasiyanı daha da gərginləşdirir. Və Qərbin bu təhlükəli planlarında Ermənistan əsas "geopolitik alət" rolunda çıxış edir.

Onu da qeyd etmək lazımdır ki, son vaxtlar Ermənistan rəhbərliyinə daxil olan bəzi şəxslər ABŞ və digər Qərb ölkələrinin xüsusi xidmət servisləri ilə qapalı görüşlər keçirməklə, diqqəti çəkirlər. Həmin görüşlərdə Ermənistanın üzərinə bəzi təhlükəli geopolitik öhdəliklər yüklənir. Rəsmi İrəvan isə Ermənistanı Qərbə mümkün qədər daha baha qiymətə sata bilmək üçün öz xidmətlərini təklif edir. Və bu, o deməkdir ki, rəsmi İrəvan Ermənistanın Qərb tərəfindən dəstəklənməsi üçün istənilən təlimatı dərhal icra etməyə hazırdır.

5dc10b64f99e682b9e48220cc22e09e8.jpg (296 KB)

Maraqlıdır ki, rəsmi İrəvan ABŞ və Qərbə hətta Rusiyaya qarşı ikinci cəbhənin açılmasını belə, təklif edir. Xüsusilə də, ABŞ-ın nüfuzlu kəşfiyyat qurumu olan CİA-nin Paşinyan hakimiyyəti daxilindəki əsas agenti, Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan bu məsələdə fəallıq göstərir. Və Qərbin baş nazir Nikol Paşinyanın əvəzinə əsas alternativ olaraq, gündəmdə saxladığı bu avantürist erməni məmuru NATO-nu da regional qarşıdurmanın içərisinə çəkməyə çalışır.

Məsələ ondadır ki, CİA-nin erməni agenti Armen Qriqoryan 30 sentyabrda NATO-nun baş qərargahında bu qurumun hərbi rəhbərliyi ilə görüşüb. "Caliber"in əldə etdiyi məlumata görə, Armen Qriqoryan Rusiyaya qarşı Cənubi Qafqazda ikinci cəbhənin açılmasının mümkün olduğuna NATO-nun hərbi rəhbərliyini inandırmağa çalışıb. CİA-nin erməni agenti NATO baş qərargahında keçirdiyi müzakirələrdə ABŞ, Avropa Birliyi və Ermənistanın 5 aprel Brüssel təxribatında əldə olunmuş anlaşmaların davamı hesab edilə biləcək məkrli planın dəstəklənməsinə razılıq almağa nail olub.

Diplomatik mənbələrdən "Caliber"in əldə etdiyi məlumata görə, Armen Qriqoryan Ermənistanın NATO-nun "yeni cənub cinahı"na çevrilməyə hazır olduğunu açıq mətnlə bildirib. O, NATO-nun Ermənistanda hərbi aviasiya bazalarının yaradılmasını və Hava Hücumundan Müdafiə sistemlərinin yerləşdirilməsini təklif edib. Armen Qriqoryan bildirib ki, bununla NATO Ermənistanda quru, hava və xüsusi təyinatlı qüvvələrdən ibarət çevik reaksiya kontingentinə malik olmaq imkanı qazana bilər.

nato-rusiya-cnubi_qafqaz.jpg (287 KB)

Maraqlıdır ki, CİA-nin erməni agentini dinləyən NATO hərbçiləri sırasındakı ABŞ və Fransa təmsilçiləri Armen Qriqoryanın təklifini fəal şəkildə dəstəkləyiblər. Ancaq Almaniya təmsilçisi Ermənistanda Rusiya hərbi bazalarının və kəşfiyyatının, eləcə də, İranın agentura şəbəkəsinin mövcud olduğunu əsas gətirərək, Armen Qriqoryanın təşəbbüsünə şübhə ilə yanaşıb. ABŞ və Fransa tandemi isə bunun qarşılığında Ermənistanın Rusiyanın təsir dairəsindən çıxarılması üçün bu ölkədə hərbi güc balansı yaradılmasının vacibliyini qabardıb. Buna misal olaraq, Cibutidə ABŞ və Çin hərbi bazalarının paralel fəaliyyət göstərdiyi vurğulanıb.

Nəticədə Armen Qriqoryan NATO-nun Ermənistanda hərbi baza yaratması ilə bağlı ilkin anlaşmaya nail olub. Belə ki, "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində Ermənistanın cənub bölgəsində dağ-atıcı qoşunları üçün hərbi təlim mərkəzinin yaradılması qərara alınıb. Məhz bu hərbi təlim mərkəzinin NATO hərbi kontingentinin Ermənistanda olmasının ört-basdır edilməsi məqsədilə fəaliyyət göstərəcəyi bildirilir. Bu anlaşmanın reallaşdırılmasını təmin etmək üçün ABŞ ordusunun Avropa komandanlığının nümayəndə heyətinin tezliklə Ermənistana göndərilməsinə də qərar verilib.

Göründüyü kimi, rəsmi İrəvan ABŞ, Avropa Birliyi və Fransanın ardınca artıq NATO-nu da Ermənistana yerləşdirməyə cəhd göstərir. Hər halda, bu istiqamətdə kifayət qədər ciddi addımların atılmasına başlanılıb. Üstəlik, NATO-nun hərbi rəhbərliyini də bu plandan tamamilə məmnundur və yaxın vaxtlarda Cənubi Qafqaza yönəlik radikal qərarlar vermək niyyətindədir. Və bu, o deməkdir ki, Rusiyadan uzaqlaşmaq niyyətində israrlı olan rəsmi İrəvan artıq ən riskli addımlara belə, həvəs göstərməyə başlayıb.

e2e65d887dc9002ace9fce24d89dc82a.jpg (227 KB)

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan bu addımları atarkən, ilk növbədə Ermənistanın hərbi təhlükəsizliyini təmin edə biləcəyinə ümid bəsləyir. Buna qədər Paşinyan hakimiyyəti ABŞ ordusunun erməni mənşəli hərbçilərindən ibarət 50 nəfərlik kontingentin Ermənistanın cənub bölgəsində yerləşdirilməsinə nail olmuşdu. Rəsmi İrəvan israrla təkzib etməyə çalışsa da, erməni mənşəli ABŞ hərbçilərinin Ermənistan ordusunun İranla sərhəd bölgəsindəki bazasına yerləşdirildiyi faktlarla sübuta yetirildi. Və hazırda Ermənistan ordusunun forması geyindirilmiş erməni mənşəli ABŞ hərbçiləri həmin ərazidə fəaliyyət göstərirlər.

Belə anlaşılır ki, ABŞ və Qərb NATO hərbi kontingentinin Ermənistanda yerləşdirilməsi üçün təxminən oxşar taktikadan istifadə etmək niyyətindədir. Hər halda, Ermənistanın cənubunda yeni yaradılacaq hərbi təlim mərkəzi NATO hərbçilərinin mövcudluğunu gizlətmək üçün nəzərdə tutulub. Yəni, ABŞ, Fransa və NATO hərbi kontingentləri azsaylı qruplar ilə Ermənistan ərazisinə sızmağa başlayıb. Və belə davam edərsə, tezliklə Ermənistan ərazisi Qərbin hərbi poliqonuna çevrilmiş olacaq.

Təbii ki, bütün bunlar ABŞ və Qərbin Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq planlarına tamamilə cavab verir. Böyük ehtimalla Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın təklifləri məhz onun agenti olduğu CİA tərəfindən əvvəlcədən hazırlanmış bir plandır. Sadəcə, bu planın detallarının elə Ermənistanı rəsmən təmsil etmək hüququ olan Təhlükəsizlik Şurasının rəhbəri tərəfindən təklif olunmasına qərar verilib. Və CİA-nin Paşinyan hakimiyyəti daxilindəki əsas agenti Armen Qriqoryan da ona verilən təlimatı artıq yerinə yetirib.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR