Onlayn ictimai-siyasi qəzet
Azərbaycan dünya nəhənglərini və onların himayə etdiyi erməni separatizmini dizə gətirməyi bacardı. İndi dünyada hər kəs anlamaq məcburiyyətindədir ki, Qarabağın erməni azlığı ilə məsələ Azərbaycanın daxili işidir. Rəsmi Bakı bu məsələni birmənalı şəkildə Azərbaycan Konstitusiyasının və qanunvericiliyinin tələblərinə uyğun həll edəcək. Və başqalarının bu məsələyə müdaxiləsi isə yolverilməzdir.
Əslində, Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bu məqama xüsusi olaraq, yer ayırdı. Azərbaycan lideri açıq mətnlə mesaj verdi ki, Cənubi Qafqaza heç bir aidiyyatı olmayanların bu regiondakı proseslərə müdaxilə cəhdləri problemlərin həllini daha da qəlizləşdirir. Və əgər, həmin müdaxilə cəhdləri olmazsa, Cənubi Qafqaz regionu sülhə, sabitliyə və əmin-amanlığa daha tez nail ola bilər.
Nə qədər qəribə də olsa, Qərb siyasi iradə mərkəzlərində bu reallıqla hələ də barışmaq istəməyənlər mövcuddur. Belə ki, ermənipərəst mövqeyi və korrupsioner imici ilə məşhur olan Avropa Parlamenti Avropa Birliyinə Azərbaycanın beynəlxalq hüquqa görə, öz ayrılmaz tərkib hissəsi olan Qarabağ regionunda erməni separatçı-terrorçulara qarşı lokal antiterror tədbirlərinə dərhal reaksiya verməsini tövsiyə etmişdi. Eyni zamanda, bu ermənipərəst və korrupsioner qurum Avropa Birliyini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə də çağırmışdı.
Təbii bu Azərbaycanın daxili işlərinə kobud müdaxilə cəhdi deməkdir. Üstəlik, Avropa Parlamentinin mövqeyi bu qurumun erməni separatizmini və terrorizmini açıq şəkildə dəstəkləməsi anlamı daşıyır. Ona görə də, Avropa Parlamentinin Cənubi Qafqazda gedən proseslərə yönəlik mövqeyinin beynəlxalq məkanda ön plana keçməsinə qətiyyən imkan vermək olmaz. Və bu baxımdan, Avropa Birliyinin Qarabağda mövcud olan vəziyyəti dəyərləndirdiyini, ancaq Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinin gündəmdə olmadığını bəyan etməsi hələlik pozitiv məqam hesab oluna bilər.
Əslində, Qərb siyasi dairələrinin “narahatlığı” üçün qətiyyən hər hansı səbəb mövcud deyil. Rusiyanın Azərbaycanın antiterror tədbirlərinə yönəlik mövqeyi bu baxımdan, təqdirəlayiq hesab oluna bilər. Çünki antiterror tədbirlərinin başlanğıcında Kreml açıq mətnlə bəyan etdi ki, rəsmi Bakının atdığı addımlar Azərbaycanın de-yure ərazisində baş verir. Və Rusiya sülhməramlı qüvvələri baş verən hadisələrə müdaxilə etməyəcək.
Göründüyü kimi, Cənubi Qafqazda əsas geopolitik oyunçulardan biri, “erməni faktoru”nun regional sahibi Rusiya Azərbaycanın suveren hüquqları ilə barışıb. Rəsmi Bakıya əngəl törətməyə həvəs göstərmir, əksinə, passiv müşahidəçi rolunda qalmağa üstünlük verir. Çünki Azərbaycan-Türkiyə İttifaqı ilə normal münasibətlər indi Rusiya üçün regional sahibi olduğu “erməni faktoru”ndan daha əhəmiyyətlidir. Ona görə də, Ermənistanın Rusiyaya xəyanət etdiyi bir şəraitdə Kremlə “erməni faktoru”nu qurban vermək daha sərfəlidir.
Avropa Birliyi də Azərbaycanın öz ərazisində atdığı addımlara əngəl törətmək şansına sahib deyil. ABŞ isə Azərbaycan indi Rusiya üçün olduğu qədər böyük önəm daşıyır. Ağ Ev Ermənistanı dəstəkləsə də, Cənubi Qafqaz planlarını məhz Azərbaycan üzərindən qurmaq məcburiyyətindədir. Çünki Azərbaycan Cənubi Qafqazın yeganə geopolitik iradə sahibidir. ABŞ-ın regional maraqları hazırda Azərbaycanla anlaşma mühitinə bağlıdır. Və bu baxımdan da, Ağ Ev “erməni faktoru”na o qədər də ciddi önəm vermir, sadəcə, ABŞ-ın imicinin qorunmasına yönəlik “növbətçi bəyanatlar”la kifayətlənir.
Ermənistanın ən radikal beynəlxalq himayədarı Fransanın əlindən isə heç nə gəlmir. Rəsmi Paris ermənilərin vərdişli olduğu siyasi hay-küyü eynilə təkrarlamaqdan başqa heç nəyə qadir deyil. Rəsmi Bakı Fransanı Cənubi Qafqazdan tamamilə kənarlaşdırıb, regional preoseslərə təsir göstərmək imkanlarını bloklayıb. Və belə vəziyyətdə Fransa Ermənistana ən yaxşı halda, heç bir faydası olmayan təskinlik verə bilər.
Maraqlıdır ki, Paşinyan hakimiyyətinin son davranışları rəsmi İrəvanın bütün bu reallıqları anladığını biruzə verir. Azərbaycanın lokal antiterror tədbirlərinə münasibət bildirən rəsmi İrəvan Ermənistan sərhədlərində sakitliyin və sabitliyin hökm sürdüyünü bəyan etmişdi. Eyni zamanda, əlavə etmişdi ki, Ermənistan Qarabağda baş verən hadisələrə görə Azərbaycanla müharibəyə başlamaq niyyətində deyil. Yəni, Paşinyan hakimiyyəti dolayısı ilə rəsmi Bakının Qarabağda atdığı addımların Azərbaycanın daxili işi olduğuna eyham vurmağa çalışmışdı.
İndi Paşinyan hakimiyyətini Qarabağdakı erməni azlığının gələcək taleyi qətiyyən düşündürmür. Baş nazir Nikol Paşinyan üçün hazırda Qarabağda baş verən hadisələrin siyasi təsirlərinin Ermənistana sıçraması nəticəsində yaranmış vəziyyətdən xilas olmaq özəl prioritetə çevrilib. Erməni baş nazir Qarabağ ermənilərinə nifrət etdiyini gizlətməkdə belə, çətinlik çəkir. Və bu, rəsmi İrəvanın geopolitik hesablamalarına xüsusi təsir göstərən faktor sayıla bilər.
Məsələ ondadır ki, Azərbaycanın Qarabağ üzərində öz suveren hüquqlarını bərpa etməsi Paşinyan hakimiyyətinə sərfəlidir. Çünki bu halda, rəsmi İrəvan da daşımağa gücü çatmayan problemdən xilas olur. Ermənistan büdcəsini Qarabağdakı erməni terrorçulara xərcləmək ehtiyacı aradan qalxır. Üstəlik, Azərbaycan-Ermənistan qarşıdurmasında sülh sazişinə əngəl törədən əsas siyasi-ideoloji əngəl də sıradan çıxarılır. Və indi Paşinyan hakimiyyəti Azərbaycanla danışıqlar masası arxasında daha tez bir zamanda yekun sülh sazişini imzalamaq şansı qazanmış kimi görünür.
Ancaq Paşinyan hakimiyyətinin hazırda olduqca ciddi ölkədaxili problemləri mövcuddur. Belə ki, Azərbaycanın Qarabağ üzərində öz suveren hüquqlarını təmin etməsindən sonra Ermənistan cəmiyyətinin əsas qəzəbi məhz Paşinyan hakimiyyətini hədəfə alıb. Bu prosesdə baş nazir Nikol Paşinyanın Rusiyaya ardıcıl xəyanət fəaliyyətini nəzərə alan Kremlin də səhnəarxası iştirakı müşahidə olunur. Hər halda, istefa verməkdən imtina edən erməni baş nazirə qarşı kütləvi etiraz aksiyalarında məhz Ermənistanın Rusiya ilə yaxınlaşmasına yönəlik çağırışlar ön planda yer alır.
Belə anlaşılır ki, Rusiya və onun “5-ci kalonu” Azərbaycanın Qarabağı tam nəzarətə götürməsindən faydalanaraq, Ermənistanda Qərbyönümlü Paşinyan hakimiyyətinin devrilməsinə münbit şərait yaratmağa çalışır. Ona görə də, indi Ermənistanda Paşinyan hakimiyyətinin taleyi həll edilir. Baş nazir Nikol Paşinyanın öz hakimiyyətini qoruma potensialının əhatə dairəsi yəqin ki, ən yaxın vaxtlarda aydınlaşmağa başlayacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ