Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın çamadan əhvallı prezidenti Co Bayden Ağ Evdən gethagetdə Azərbaycan və Ermənistan rəhbərlərinə məktub göndərmək qərarına gəlib. Xüsusi elçi Maykl Karpenter vasitəsi ilə onlar bir gün fərqlə öncə Bakıda İlham Əliyevə, sonra isə İrəvanda Nikol Paşinyana çatdırılıb.
Hər iki məktubda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezləşdirilməsi, uzağı, cari ilin sonunadək imzalanması xahişi əksini tapıb. Yəni məktublar məzmunca təxminən eynidir. Fəqət, tərəflərin böyük sülhlə bağlı yanaşmaları, eyni sayılmaz. Əsas problem də bu.
Hərgah məram-məqsədindən və nəticəsindən asılı olmayaraq, məktublar rəsmi Vaşinqton tərəfdən ən azı, xoş məram göstəricisi sayıla bilər. Zira, ilin axıra kimi qalan iki aylıq zamanda çətin ki, möcüzə baş versin və sülh müqaviləsi imzalansın. Obrazlı ifadə eləsək, 4 ildir “yeməklə” doymayan erməni tərəfi qarşıdakı iki ayda “yalamaqla”mı doyacaq?..
Məsələ də ondadır ki, Azərbaycanın böyük sülh naminə edəcəyi, yaxud güzəştə gedəcəyi heç nə qalmayıb. Milli maraqlarımız bizim “qırmızı xətt”imiz. Daha heç kimə onu keçməyə izn verməyəcəyik. Hər şey Ermənistanın rəhbərliyinin və xalqının iradəsinə bağlı. “Top” çoxdan İrəvanın meydanında.
Əfsus ki, erməni cəmiyyəti iki əsas qonşusu ilə barışığa, dinc-yanaşı yaşamağa hazır deyil, buna səmimi şəkildə can atmır, təcriddən çıxıb inkişafa üz tutmaq istəmir. “Miatsum” virusu, “bəlkə də qaytardılar” xülyası qoymur...
Paradoks da ondadır ki, əgər Paşinyan sözdə də olsa, sülh deyirsə, Azərbaycan və Türkiyə ilə kommunikasiyaların, sərhədlərin açılmasının zəruriliyini pis-yaxşı təbliğ edirsə, onun xalqının əksəriyyəti faktiki “müharibə” deyir. Ümumən Türkə nifrət qonşu toplumda yüksək olaraq qalmaqdadır.
Bu da növbəti fakt.
Beynəlxalq Respublikaçılar İnstitutunun (ABŞ) ötən ay - sentyabrın 13-25-də Ermənistanda keçirdiyi və dünən açıqlanan sorğu müəyyən edib ki, respondentlərin 56%-i Ermənistan-Türkiyə sərhədinin açılmasının əleyhinə, 42%-i qəti (!) əleyhinədir. Yalnız 18%-i əlaqələrin normallaşmasını dəstəkləyir.
Sonra. Rəyi soruşulanların əksəriyyəti hesab edir ki, “sərhədin açılması ilə türklər və azərbaycanlılar sərbəst gəlib-gedəcəklər ki, bu da təhlükəlidir”...
Göründüyü kimi, qonşu xalqa kin-nifrət öz sözünü yenə deyib. Ermənilərin cəmi 18%-i ikitərəfli münasibətlərin normallaşmasına tərəfdardır. Sülh tərəfdarları da aşağı-yuxarı elə bu qədər olar – 18%.
İndi aydın oldumu, cənab “Sem dayı”, niyə sülh müqaviləsi üzrə danışıqlar dalana girib?..
Söz düşmüşkən, bundan az öncə - ötən yay GELLUP-un keçirdiyi sorğu Ermənistan əhalisinin əksəriyyətinin konstitusiyadan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəaların çıxarılmasının əleyhinə olduğunu üzə çıxarmışdı. Düşünmürük ki, ötən müddətdə bu xüsusda müsbətə doğru ciddi dəyişiklik baş versin. Son sorğu buna bariz sübutdur.
Odur ki, ritorik suallar yaranır: cəmi 3 ayı qalmış Baydenin (yeni prezidentin andiçməsi yanvarın 25-də olacaq) məktubuna nə verərlər? Ondansa konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmağa tələsməyən bir ölkənin silahlandırlmasını dayandırmaq sülhə ən böyük töhfə olmazdımı?..
13 Noyabr 2024
12 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ