İnsanlara hürriyət, millətlərə istiqlal!

2-ci Putin, 1-ci Pyotr və Pyotr Tolstoya: Azərbaycan toponimi Rusiyadan da qədimdir!

SSRİ 32 ildir cəhənnəmlik olsa da, köhnə və orta nəsil rus siyasi elitasının bir çox tanınmış simalarının “göz yaşları” qurumur ki, qurumur. Mənasız nostalji hisslərinin əsiri olan bu geri zəkalılar vaxtilə rusların ərazisini qamarladığı yeni müstəqil dövlətləri hələ də Rusiyanın “arxa bağçası”, hətta “zorla qoparılmış” halal əraziləri hesab edirlər...

Zəmanəmizin ən böyük “neo-bolşevik”i, Rusiyanın hazırkı prezidenti Vladimir Putin hakimiyyətə təzəcə gələr-gəlməz, söylədiyi belə bir məşhur ifadə var: “SSRİ-nin süqutuna sevinənlərin ürəyi, onun bərpasını mümkün sayanların isə ağlı yoxdur”.

Amma işə baxın, neçə ildir onun özü öz dediyinin əksini sübut eləməyə, ağılsızcasına “SSRİ-2”-nin bərpasına çalışır. Bundan ötrü qanbir, dinbir slavyan qardaşların – ukraynalıların belə, başına qalmayan oyun gətirməyib. Son iki ildə isə Kreml rəhbəri ümumiyyətlə, qondarma saydığı, guya sırf Stalinin yaratdığı (halbuki Ukrayna hətta SSRİ dönəmində BMT TŞ-nin üzvü idi!) dövlət adlandırdığı Ukraynanın altını-üstünə çevirməklə məşğuldur. Nəyin naminə?

Az yuxarida yazdıq. Yəni sözlə əməlin tərs mütənasibliyi məsələsi. Bu yerdə Putinin imzası duran 10 noyabr 2020 və 22 fevral 2022-ci il Moskva bəyannamələrinin niyə tez unudulduğuna təəccüblənməyə dəyirmi? Dəymir. Aylar öncə Putin hətta özünü 1-ci Pyotrun mənəvi davamçısı adlandırmışdı.

O zaman onun hakim “Vahid Rusiya” (“Yedinaya Rossiya”) partiyasından olan silahdaşları - yazıçı Lev Tolstoy nəslinin bədnam davamçısı Pyotr Tolstoy, Konstantin Zatulin, Vitali Milonov çaplı siyasi avantüristlər, Azərbaycana baxıb köks ötürən digər xəbislər niyə də ayaqlanmasınlar? Axı “Ukrayna, Azərbaycan Rusiyasız mövcud ola bilməz” nə demək? Hansı əsrdə yaşayır, nə sayıqlayır bunlar, imperiya təfəkküründən niyə qurtula bilmirlər?

Əvvəla, Azərbaycan artıq mövcuddur. 32 il müstəqillik üçün az müddət hesab olunmaz. Azərbaycan adlı toponim isə Rusiya toponimindən də qədimdir! Ölçüyə gəlməz dərədəcə qədim! Gedin gerçək tarix kitablarına baxın.

İkincisi və ən mühümü, bu qəbil hədələr Rusiyanın tikişlər üzrə sökülməli, dağılmalı olduğunun zəruriliyini bir daha gözümüz özünə sərir. Ona qədər, yəni qonşuluğumuzda yırtıcı və əcaib bir varlıq yaşadıqca, əlbəttə ki, Azərbaycan yatmamalı, maksimum ehtiyatlı və diqqətli olmalıdır. Qardaş Türkiyə başda olmaqla, sadiq dost-tərəfdaşları ilə birliyini daim gücləndirməlidir. Eyni zamanda, daxildəki Moskvaya bağlı “5-ci kolon”çuları nəzarətdə saxlamalı və bu müdrik deyimi unutmamalıyıq: “Ayı ilə rəqs edirsinizsə, oturmaq vaxtını ayı müəyyən edəcək, siz yox”...

Biz SSRİ-nin çöküşündən sonra Rusiyada, onun yazılı və elektron KİV-lərində erməni əsilli şarlatanların, o sırada sortbasort “politoloq” və “analitik”lərin Azərbaycan əleyhinə meydan sulamasına artıq öyrəşmişik. Onlara heç fikir vermirik də. Amma və lakin zatulinlər, tolstoylar, milonovlar axı Putinin sədri olduğu hakim partiyada təmsil olunur – həm də əksəriyyəti yüksək dövlət postları tutur: Tolstoy Dövlət Duması sədrinin müavini, Zatulin Dumanın MDB işləri üzrə komitə sədrinin müavinidir. Ötən il Azərbaycanı Bakının neft yataqlarına nüvə zərbəsi endirməklə hıədələyən Mixail Delyagin də Dumanın (iqtisadi siyasət üzrə) sədr müavinidir.

Bu harasıdır, srağagün məlum olub ki, qatı anti-Türkçü V.Jirinovksinin partiyasının – LDPR-in Dumadakı fraksiyası Qarabağ münaqişəsi iştirakçılarına “döyüş veteranı” statusunun verilməsi ilə bağlı parlamentə layihə təqdim edəcək. “Veteranlar haqqında” qanunun 3-cü maddəsinə “1988-ci ilin martından 1991-ci ilin dekabrınadək Qarabağ münaqişəsində iştirak etmiş döyüşçülərin döyüş veteranı kimi tanınması” ilə bağlı yeni norma əlavə edilməsi təklif olunur. Bu da Azərbaycana növbəti həqarət.

Söz düşmüşkən, hər iki qalmaqallı olay və təşəbbüslə bağlı Milli Məclis rəhbərliyi Rusiya Dövlət Dumasına, hakim YAP isə Putinin rəhbəri olduğu “Vahid Rusiya” partiyasına etiraz məktub yollasa, pis olmazdı...

Və sonda. Dünən xəbər lentində məlumat keçdi ki, Sankt-Peterburqda - Putinin doğma şəhərində ikinci Vladimir (Volodya) Putin dünyaya gəlib. Körpənin “böyük” Putinə qohumluğunun çatıb-çatmaması haqda bir söz deyilmir. Bizə isə yalnız bunu arzu eləmək qalır ki, heç olmasa, “2-ci Putin” layiq olduğu, sırf rusların özünə məxsus torpaqlarda təşəkkül tapacaq dövlətdə yaşasın. İmperiya iştahı kəsilmək bilməyən Rusiyada yox!

Elə rus xalqı da. Zira, başqa xalqların bədbəxtliyi üzərində xoşbəxt olan xalq(lar) qeydə alınmayıb...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR