Onlayn ictimai-siyasi qəzet
2008-ci il. Kiyev. Ukraynalı jurnalist Dmitri Qordonun verilişi. Müsahib Rusiya müxalifətinin liderlərindən biri olan Boris Nemtsovdur.
Qordon soruşur: - Boris Yefimoviç, hökumətdə və Nijeqorodda böyük vəzifələr tutduğunuz vaxt sizə rüşvət təklif ediblərmi?
Nemtsov cavab verir: - Bəli.
Dialoqun mabədi:
- Böyük məbləğ?
- Milyon... dollar.
- Nəyə görə?
- Kustov neft emalı zavodunun özəlləşdirilməsinə görə.
- Nə əcəb ürəyinizdən onu götürmək keçmədi?
- Keçdi.
- Bəs niyə götürmədiniz?
- Çünki bilirdim ki, axırı pis qurtaracaq.
- Qorxu... utanc... Nə mane oldu?
- Dəqiq bilirdim ki, həbs olunacağam. Dəqiq bilirdim ki, karyeram sona yetəcək. Dəqiq bilirdim ki, rahat yata bilməyəcəm. Dəqiq anlayırdım ki, bu, həyatın sonudur.
- Yəni qorxu və utanc, hamısı birlikdə.
- Bəli, hamısı birlikdə. Yox, mən mələk deyiləm. Normal adamam. O vaxt azad mətbuat vardı, rəqabət vardı. Mənim siyasi opponentlərim vardı. Məni əvvəl-axır ifşa edəcəkdilər. Ona görə də o vaxt həmin pulların mənim bütün problemlərimi (ev, maşın, səyahət, uşaqların təhsili və sair) həll edə biləcəyinə baxmayaraq, dedim ki, yox, lazım deyil. Reputasiya daha qiymətlidir... Peşman deyiləm.
Məsələ bax, budur: reputasiya, qorxu, xəcalət. Korrupsiyanın tüğyan etdiyi ölkələrdə isə nə reputasiya dərdi çəkən var, nə də qorxan, utanan. Onlar əllərinə düşən “tarixi fürsət”dən ləngimədən yararlanmağı, milyonlar toplamağı üstün tutur, girlərinə geçən hər şeyi qamarlayır, daşınmaz və şütüyən əmlaklar tədarük edir, övladlarına, yaxınlarına mənfəətli biznes qurur, tədricən oliqarxa çevrilirlər.
Bu yaxınlarda keçmiş baş bankrin övladının Londonda böyük biznesinin olduğu ortaya çıxdı və bu, ilk deyildi. Londonda Azərbaycandan olan başqa varlı adamların övladlarının da biznesi, malı-mülkü var.
Yeni başlayan korrupsionerlər startda ambisiyalı olmurlar, siyasi iddia sərgiləmirlər, onlara varlı adam olmaq, yaxşı yaşamaq kifayət edir. Əgər onlar Nemtsov kimi türmədən, ifşa olunmaqdan qorxsalar, bunun gələcəkdə onların reputasiyasını korlayacağını, siyasi karyerasına mane olacağını düşünsələr, özlərini korrupsiya bataqlığına salmazlar.
Ancaq birincisi, bu şəxslər öz qabiliyyət və intellektlərini bildiklərindən tutduqları vəzifənin onlar üçün hələ çox, göydəndüşmə olduğunu düşünürlər, ikincisi, korrupsiyanı bataqlıq hesab etmirlər, normal bir şey sayırlar.
Siyai ambisiyalar isə sonra əmələ gəlir. Onların bəziləri görəndə ki, ölkənin 5-6 varlı adamından biridirlər və bir izdihamlı məclisə girəndə 200-300 adam ayağa qalxıb onlara baş əyir, o zaman onlarda özlərini mühüm persona zənn etmək kimi zərərli və təhlükəli bir ovqat yaranır. Kim vaxtında ayılıb özünə yığışırsa, bəxti gətirir, kim başını kola soxur və görünmədiyini zənn edirsə, zəli kimi şişməkdə davam edirsə, axırda zəli kimi partlayır, tezliklə vəzifəsini, varidatının mühüm hissəsini itirir, dincəlir.
İndiyədək ölkəmizdə bu xətt üzrə irəliləyən və “vurulan”lar çox olub, hamısını tanıyırsınız. Onların içində türmədə yatanlar da var, ev dustağı olanlar da, ucqar kənddə, qəsəbədə yaşayaraq, artıq heç bir siyasi işə qarışmadıqlarını nümayiş etdirənlər də. Çoxunun yeganə umacağı odur ki, təki onlara toxunan, ortalığa çəkən, sorğu-suala tutan olmasın.
Əsas məsələ odur ki, ölkəmizin “adlı-sanlı” korrpsionerləri arasında ifşa olunanlar, həbsxanaya düşənlər, malı-mülkü müsadirə olunanlar olsa da, yaxası hələ ələ keçməyənlər çəkinmirlər və öz işlərindədir. Onlar düşünürlər ki, keçən dəfə bir dalğaydı, bir küləkdi, gəldi, 5-10 adamı fırladıb apardı, məsələ bitdi.
Belə görünür ki, ölkədə talançılığın, harınlığın qarşısının alınması üçün antikorrupsiya tornadoları permanent, arasıkəsilməz olmalıdır.
Dəfələrlə yazdığımız kimi, ortada parlaq Çin təcrübəsi var. Bu ölkənin qazandığı iqtisadi uğurların əsasında korrupsiyaya qarşı mübarizə durur.
Boris Nemtsov düz deyirdi, reputasiya qiymətlidir. Sui-qəsdə uğramasaydı, o, öz təmiz reputasiyasının bəhrəsini görəcəkdi.
23 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
01 Noyabr 2024
30 Oktyabr 2024
28 Oktyabr 2024
26 Oktyabr 2024
24 Oktyabr 2024
22 Oktyabr 2024
21 Oktyabr 2024
19 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
13 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
08 Oktyabr 2024
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ