İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qrin kard”ın yaşıl işığı - ABŞ-nin seçdiyi və sevmədiyi miqrantlar

Amerika çox uzaqdır, Türkiyə, Rusiya, İran deyil ki, 2-3 saata paytaxtına yetişəsən, dünyanın o başıdır. Başqa dünyadır.

Üstəlik, bu dünyanın yolları yarımqapalıdır. Hər saat təyyarə bileti almaq, çamadanı qablamaq və Amerika deyibən yola çıxmaq mümkün deyil, baryerləri var, viza almalısan. Verməyə də bilərlər – daşdan keçən sənədlər və mühüm səbəblər olmasa.

Ancaq Amerika Birləşmiş Ştatları adlanan və 50 dövlətin birləşməsindən əmələ gələn ölkədə yaşamaq Yer üzündəki insanların əksəriyyətinin arzusudur. Çünki bu dövlət dünya hegemonudur.

Öz daxili o qədər təhlükəsiz olmasa da (tez-tez məktəblərdə və iaşə obyektlərində kütləvi qətllər törədilir), xaricdən ABŞ-yə təhlükə yoxdur. Heç bir başqa dövlət ona hücum edib, işğal altına bilməz.

Bir də bu ölkənin siyasi mühiti həmişə sabitdir, dövlət çevrilişi olmur. Olursa da, gizli olur, heç kim bilmir. Bu barədə məşhur bir zarafat da var, deyirlər, ABŞ ona görə dövlət çevrilişi olmayan yeganə ölkədir ki, orada ABŞ səfirliyi yoxdur.

Bu, dolayısı ilə o deməkdir ki, dünyanın yerdə qalan hissəsində dövlət çevrilişlərini, hakimiyyət dəyişikliklərini, siyasi böhranları ABŞ və onun həmin ölkələrdəki səfirlikləri təşkil edir. Necə deyərlər, hər zarafatın bir həqiqət hissəsi var. Burada isə gerçəyin zarafat hissəsi çox cüzidir. Bu günlərdə siyasi böhran yaşayan Gürcüstanın baş naziri ABŞ səfirliyini məhz bu səbəbdən açıq mətnlə qınamışdı.

ABŞ hökuməti bütün ölkələrdən insanların “yeni dünya”ya can atdığını bilir, ona görə də onlara ABŞ-da yaşamaq-işləmək hüququ verən “qrin kard” qazanmaq şansı verir. Hər il yüz minlərlə əcnəbi bu lotereyada iştirak edir, onlardan bəxti gətirənlər bu şansı qazanır və ABŞ-də leqal miqrant olaraq yerləşmək hüququ əldə edirlər.

Qeyri-leqal miqrantlarla bağlı ABŞ-də ciddi problemlər var və belə görünür ki, bir-birilə rəqabət aparan siyasi qüvvələr yalnız bu məsələdə həmfikirdirlər, hesab edirlər ki, qanunsuz miqrantlara qarşı mübarizə aparılmalıdır.

ABŞ istəyir ki, onun damarına “yeni qan” axsın, ancaq bu ölkəni idaarə edənlər istəmirlər ki, bunlar ABŞ-ni ikinci vətənə özbaşına şəkildə çevirmək istəyən qanunsuz miqrantlar olsun. Çünki “qrin kard” udaraq ABŞ-yə yerləşənlərlə ölkə sərhədlərini tunellərdən, çaylardan, tikanlı məftil və hündür hasarlardan keçib gələn miqrantlar arasında böyük fərq var.

Birinciləri ABŞ özü seçir. Bunlar əsasən ingilis dilini bilən, müəyyən sahə üzrə ixtisaslaşmış, kriminaldan uzaq, intellektual insanlardır və gəlib ABŞ-yə nəsə bir töhfə verirlər.

İkincilər isə öz ölkələrindəki haqsızlıqlardan, kasıbçılıqdan baş götürüb qaçan, dil bilgisi, hər hansı bir ixtisası olmayan, çox asanlıqla kriminal qruplara üz tutacaq adamlardır. Onlar ABŞ-də yalnız krimonegen durumun ağırlaşmasına səbəb olacaq, ABŞ-nin hüquq-mühafizə orqanlarına iş artıracaqlar. Ona görə də Birləşmiş Ştatlarda qeyri-leqal miqrantları sevmirlər.

Bu ölkəyə leqal yollarla gəlib yerləşən, vətəndaşlıq alan minlərlə insanın ya özləri, ya da övladları ABŞ-nin qüdrətlənməsi üçün fövqəladə işlər görüblər, ixtiralar, icadlar ediblər, fenomenal xidmətlər göstəriblər. Ona görə də ABŞ onların qarşısında həmişə “yaşıl işıq” yandırır.

Təkcə ABŞ deyil, o biri böyük dövlətlər, vaxtilə imperiya mərkəzi olmuş ölkələr də dünyanın müxtəlif ölkələrindən ən istedadlı adamları öz içinə çəkir. Təsəvvür edin, bir zamanlar Böyük Britaniyanın müstəmləkəsi olan Hindistandan çıxmış Rişi Sunak indi krallığın baş naziridir. Ata-babası daha bir müstəmləkə ölkəsi olan Pakistanda doğulub-böyümüş Sadiq Xan isə bu günlərdə yenidən Londonun meri seçilib.

Fransanın bayrağını qaldıran, himnini səsləndirən məşhur idmançıların (eləcə də dünya şöhrətli futbolçuların) tam əksəriyyəti Afrika kökənlidirlər. Fransa istedadlı “gəlmə”lərin sayəsində su üzündə qalmağı bacarır.

Bu gün açıqlanan “qrin kard” nəticələrinə görə yenə bir qrup həmvətənimiz ABŞ-də yaşamaq hüququ qazanıb. Bəxt onlardan bir hissəsinin üzünə güləcək və onlar ABŞ-yə yerləşə biləcəklər. Amma keçən dəfələrdə olduğu kimi gözləyə-gözləyə qalanlar da olacaq. Çünki “qrin kard” udmaq hələ ABŞ vətəndaşı olmaq demək deyil. Prosedurlar, baryerlər var.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

09 Noyabr 2024

08 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

01 Noyabr 2024

30 Oktyabr 2024

28 Oktyabr 2024

26 Oktyabr 2024

24 Oktyabr 2024

22 Oktyabr 2024

21 Oktyabr 2024

19 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

15 Oktyabr 2024

13 Oktyabr 2024

11 Oktyabr 2024

10 Oktyabr 2024

08 Oktyabr 2024

06 Oktyabr 2024

04 Oktyabr 2024

02 Oktyabr 2024

30 Sentyabr 2024

28 Sentyabr 2024

26 Sentyabr 2024

24 Sentyabr 2024

22 Sentyabr 2024

20 Sentyabr 2024