Onlayn ictimai-siyasi qəzet
O Türkiyə Cümhuriyyəti tarixinin staj baxımından ən uzunömürlü siyasi xadimlərindən biridir. Rəcəb Tayyib Ərdoğan artıq 21 ildir ki, fasiləsiz olaraq Türkiyənin ən ali kürsüsünü tutur. Bundan əvvəl o, 2003-cü ildən 2017-ci ilə qədər Türkiyəni baş nazir olaraq idarə edib, ondan sonra isə prezident seçilib və yenilənmiş konstitusiyaya görə, yenə ölkəsinin birinci şəxsidir.
Xatırladaq ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk ölkəsini 15 il (1923 – 1938) boyunca idarə edib. Onun yerinə gələn İsmət İnönü bu vəzifədə 12 il qalıb. Düzdür, o, Atatürkün zamanında 15 baş nazir olub, prezident vəzifəsini tərk etdikdən sonra yenidən baş nazir seçilib və toplamda 42 il Türkiyə siyasətinin 2-3 önəmli simasından biri olub, ancaq heç də Ərdoğan kimi həmişə birinci lider olmayıb.
Onlardan başqa, Süleyman Dəmirəl də baş nazir kürsüsünü 5 dəfə (1965-1971, 1975-1977, 1977-1978, 1979-1980, 1991-1993), axırda isə prezident (1993-2000) postunu tutmaqla Türkiyə siyasətində dərin iz qoyub. Əslində Dəmirəlin siyasi həyatı daha keşməkeşli olub, hərbi çevrilişlərdən keçib, ev dustağı edilib, hərbçilərin ultimatumu qarşısında istefa verməyə məcbur olub, qurduğu hökumət koalisiyaları xarici güclərin fitvası ilə dağıdılıb və s.
Rəcəb Tayyib Ərdoğanın sələflərindən fərqi odur ki, o, hərbçilərin ultimatumuna boyun əyməyib, hərbi çevrilişdən və həyatına sui-qəsddən çəkinməyib. Bu uzun illərdə onu sələfi Menderes kimi asa, Ecevit kimi ən güclü vaxtında devirə, Dəmirəl kimi ev dustağı edə bilərdilər. Hər dəfə o, türklər demişkən, qıl payı qurtulub.
Gerçəklik budur ki, Türkiyə əsl dövlət suverenitetinə Atatürkün, İnönünün, bir də Ərdoğanın dövründə nail olub. II dünya müharibəsindən sonra Türkiyə SSRİ-nin potensial hərbi təcavüzü təhdidi qarşısında qalaraq, özünü qorumaq üçün NATO-ya üzv olanda və ABŞ-la yaxınlaşanda yarımmüstəqil ölkəyə çevrilmişdi. Artıq bu ölkədə hakimiyyətə hansı qüvvələrin gələcəyini, dövlətin xarici siyasətinin necə olacağını ABŞ və NATO həll edirdi. Xalqın səsini alaraq hakimiyyətə gələn qüvvələr ayaqlarını ABŞ-ın çəkdiyi cızıqdan kənara qoyan kimi ya hakim koalisiya dağılır, yeni seçkilər təyin edilirdi, ya da hərbi çevriliş olurdu. Ölkədə mülki hökumətlər müvəqqəti idi, əsl iqtidar NATO-ya işləyən türkiyəli generalların əlindəydi. Bu anormal idarəetmə 2007-cı ilə qədər davam etdi.
2007-ci ildə ölkənin prezidenti Abdulla Gül olsa da, 1-ci şəxsi baş nazir Rəcəb Tayyib Ərdoğan idi. O vaxt hərbçilər ultimatumu A.Gülə vermişdilər və o, özünü itirmişdi. O dövrdə Gül və Ərdoğan bir partiyanın iki lideri idilər və Gülə verilən ultimatum avtomatik olaraq baş nazirə verilən ultimatum demək idi. Fəqət Güldən fərqli olaraq, Ərdoğan özünü itirmədi, ultimatumun qarşısından çəkilmədi. Generallarla Ərdoğan hakimiyyətinin açıq-gizli çəkişməsi 2016-cı ilə qədər davam etdi. Nəhayət, həmin ilin 15 iyulunda hərbçilər ölkədə nəzarəti ələ keçirməyə çalışanda Ərdoğan ciddi müqavimət göstərdi, aslanlar kimi kükrədi, dirəşdi və xalqın iradəsi ilə qalib gəldi. Yalnız ondan sonra okeanın o tayında anladılar ki, artıq Türkiyəni idarə edən şəxs əvvəlkilər kimi “sözəbaxan əfəndilər”dən deyil.
O vaxtdan bəridir onu ABŞ-da, eyni zamanda Avropada xor görürlər. Bu ölkələrin mediasında Ərdoğan haqqında işlədilən “diktator” ifadəsi müasir tiranların (onların ümumi sayı 100-dən artıqdır) heç biri haqqında işlədilmir. Elə çıxır ki, dünyada ən böyük və ən qəddar diktator Ərdoğandır.
Ancaq bu necə diktatordur ki, onun ölkəsinin ən iri meqapolislərində hakimiyyət hələ 4 il öncədən müxalifət partiyasının təmsilçilərinin əlindədir, bütün güclü partiyalar ölkə parlamentində lazımınca təmsil olunurlar. Öz ölkəsində o, həm müxalifət tərəfindən, həm də tərəfsiz media və ziyalılar tərəfindən açıq şəkildə tənqid olunur, gücü əndazəsini aşanları məhkəməyə verməyə çatır.
Düzdür, o, xarizmatik, iradəli və öz sözünü yeritməyi sevən və bacaran, avtoritarizmə meylli siyasətçidir, ancaq o, ölkədəki demokratik təsisatlara qarşı məqsədyönlü fəaliyyət göstərmir, parlamenti öz notariat kontoruna döndərmək, müxalifəti məhv etmək, azad medianı tamamilə susdurmaq, seçkilərdə total saxtakarlığa rəvac vermək kimi təşəbbüslər etmir.
Budur, martın 31-də keçirilən bələdiyyə seçkilərində Ərdoğanın partiyası ikinci nəticə göstərib. Bu, hakim partiyanın seçkiləri uduzması deməkdir. Dünyanın heç bir ölkəsində diktatorlar heç bir seçkiləri uduzmurlar. Ərdoğan, avropalıların dediyi kimi, sərt diktator olsaydı, ölkəsindəki bələdiyyə başqanlarının ən azı 75 faizi onun partiyasından “seçilərdi”. Amma belə olmadı. Türkiyədə dürüst, şəffaf, ədalətli seçkilər keçirildi və prezidentin partiyası seçki birincisi ola bilmədi.
Başqa sözlə, Qərbin Ərdoğana mənfi münasibəti heç də Türkiyəni çox istədiklərindən, onun qüdrətli və demokratik dövlət olmasını arzuladıqlarından irəli gəlmir, Ərdoğanın onların iradəsinə boyun əyməməsindən, öz dövlətinin, xalqının mənafeyini üstün tutmasından qaynaqlanır. Qərbdən olsa, Türkiyə Səudiyyə Ərəbistanı kimi kral mütləqiyyətinə sahib olar, bir şərtlə ki, müti olsun, problem yaratmasın.
Türkiyənin problemləri çoxdur və son 101 ildə o problemlər heç vaxt az olmayıb. Ərdoğan öz 21 illik fəaliyyəti ilə Türkiyəni bir neçə addım irəli aparıb. Ancaq bəlkə də daha çox aparmalıydı. Onun hakimiyyətinin ilk 10 ilini çox effektiv sayanlar var. Yəqin ki, haqlıdırlar.
Bizə qalsa, Ərdoğanın hakimiyyətinin son 4 ili daha effektiv olub. Bu “qoca aslan” bizə 200 illik problemimizi böyük ölçüdə həll etməyimizə kömək edib.
Əlbəttə, heç bir siyasətçi dünyanı və taxt-tacı tutub gedə bilmədiyi kimi, Ərdoğan da bir neçə ilə hakimiyyətdən gedəcək. Bax, onda onun fəaliyyətinə və xidmətinə daha doğru-dürüst qiymət vermək mümkün olacaq.
23 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
01 Noyabr 2024
30 Oktyabr 2024
28 Oktyabr 2024
26 Oktyabr 2024
24 Oktyabr 2024
22 Oktyabr 2024
21 Oktyabr 2024
19 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
13 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
08 Oktyabr 2024
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ