İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağa görə bizə əsas təhdid haradan gəlir – Rusiyadan, yoxsa Qərbdən?

 

Bu mövzuda fikirlər nəinki siyasi və ictimai dairələrdə, hətta bir kollektivdə işləyən mehriban dostlar arasında da vaxtaşırı haçalaşır: biri Azərbaycanın ümdə maraqları, vazkeçilməz mənafeləri üçün əsas təhlükənin Qərbdən gəldiyini iddia edir, o birisi başlıca təhdidi Rusiyadan görür.

Bu, hər iki tərəfin mövqeyinin haqlı olduğu, heç birinin haqsız olmadığı durumdur. Ancaq yenə də, necə deyərlər, 50+1 məsələsi var. Sözügedən tərəflərin, tirələrin hansısa birinin təhdidi daha ağır gəlməli, daha çox təhlükə mənbəyi olmalıdır. Əslində 50-50-yə olsa, nə olacaq ki? Təhlükə təhlükədir.

Tarixi götürsək, ABŞ-ın bizə hərbi müdaxiləsi baş verməyib, o da ona görə ki, buralar son 200 ildə Rusiyanın cənub əyaləti, ondan əvvəl isə İranın şimal vilayəti olub – yarımmüstəqil xanlıqlar dövrünü nəzərə almasaq. ABŞ SSRİ dağılıncaya qədər bu regiondan hərtərəfli uzaq olub. Yoxsa, bəlkə ABŞ bizdə də, Vyetnamın Sonqmi dairəsindəki kimi qırğın (Pentaqon əsgərləri hamısı qoca, uşaq və qadın olmaqla 504 nəfəri güllələyiblər) törədər, ölkəmizi işğal etməyə çalışar, Bakının zəngin neft ejtiyatlarına sahiblənmək istəyərdi.

Ancaq Rusiya yaxın olub və bu deyilənlərin hamısını edib: ölkəmizi işğala məruz qoyub, İrəvanı bizdən alıb ermənilərə verib, şəhər və rayonlarımıza (Bakı, Sumqayıt, Mingəçevir, Füzuli, Gədəbəy, İmişli, Biləsuvar, Cəlilabad, İsmayıllı, Xaçmaz və s.) slavyan əsilli icmalar köçürüb, koloniyalar yaradıb, vaxtaşırı qırğınlar törədib, xalqımızı ruslaşdırmağa çalışıb, xalqı istismar edib, ölkənin sərvətlərini sümürüb. Təkcə bir faktı desək, mənzərə aydın olar: uzun illər neftdən gələn hər 100 rublun 93-ü Moskvanın sərəncamına gedir, yalnız 7 rublu ölkəyə gəlirmiş və o da əsasən neftçilərin əmək haqqına, sosial müdafiəsinə yönəlirmiş.

Qarabağ münaqişəsinin 101-119 il əvvəlki tarixinə baxsaq, Rusiya həmişə ermənilərin əlini gücləndirməyə çalışıb, İrəvanın, Zəngəzurun ardınca bu bölgənin də Ermənistana verilməsi Kremldə məqsəduyğun sayılmayıb (elə olsa, Rusiya Azərbaycanda nüfuzunu tamamən itirər, yerli bolşeviklər problemlə üzləşərdilər). Bunun əvəzində Moskva o qədər çoxsaylı olmayan Qarabağ erməniləri üçün muxtariyyat statusu təşkil edib, Dağlıq Qarabağ Muxtar Vilayəti (1991-ci ildə Azərbaycan Ali Sovetinin qərarı ilə ləğv olunub) yaradıb.

1988-ci ildə başlayan II Qarabağ münaqişəsində əvvəlcə SSRİ-ni idarə edən kommunist rusların, sonra isə rus demokratların Ermənistan və Azərbaycan arasında necə ayrı-seçkilik etməsinə dair yüzlərlə fakt var. Faktiki olaraq Kreml 1988-94-cü illər arasında qolumuzu tutaraq bizi ermənilərə döydürdü: əvvəlcə Qarabağın dağlıq hissəsi, sonra aran rayonları əldən getdi, dinc əhalimizə qarşı genosid aktları törədilidi (Xocalı qırğını Sonqmidən betər oldu), Ermənistan 30 il boyunca RF-yə, onun silahına, ordusuna, siyasi dəstəyinə güvənərək sülhə gəlmədi, həmişə destruktiv mövqe tutdu, üstəlik, vaxtaşırı təhdid də yağdırdı.

Yalnız 2020-ci ildə Ermənistan-Rusiya-Azərbaycan “sevgi-nifrət üçbucağı”nda dəyişiklik baş verdi və bizə revanş şansı yarandı. O da ona görə oldu ki, Qərb, klassik şairlərimizin sözü ilə desək, “əğyar” sifətində Rusiya ilə Ermənistanın arasına girdi, onların dostluğunu zədələdi. Yoxsa Rusiya heç vaxt Ermənistanın xətrinə dəyən, maraqlarına zidd olan addımlar atmayacaqdı.

İndi eyni rolu ABŞ başda olmaqla Qərb ölkələri oynamaq istəyir, erməniləri hamiliyə götürmək, müdafiə etmək, özlərinin Qafqaz bastionuna çevirmək istəyirlər.

Rusiya pis-yaxşı Azərbaycanın dostluğa, müttəfiqliyə sadiq ölkə olduğunu, qırdı-qaçdı olmadığını anlayıb (hərçənd Rusiyada bizi xor görənlər hələ də zəif deyillər), eyni zamanda Ermənistanın etibarsızlığına şahid olub.

Ancaq yenə də ölkəmiz üçün əsas təhdid məhz bu ölkədən gəlir. Qərb nə qədər ermənisevər olsa da, regiona qoşun yeridəsi, patavalı hərəkətlər edəsi, silah gücünə bir mahalı qoparıb başqa dövlətə verəsi deyil. Rusiya isə Ermənistanı öz ağuşuna qaytarmaq üçün Qarabağ ermənilərini zorla olsa da yenidən Xankəndiyə və ətraf rayonlara yerləşdirməyə hazırdır və ara-sıra bu niyyəti barədə Ermənistan ictimaiyyətinə eyhamlar edir. Fəqət Rusiyadan üzü dönmüş ermənilər bu şirnikləndirici vədə hələlik məhəl qoymurlar. Onlar bəlkə də eyni lütfü Qərbin edəcəyini gözləyirlər.

Ona görə də bizim üçün Qərbin, yoxsa Rusiyanın siyasi iradəsinin təhlükəli olduğu barədə mülahizə yürüdərkən, sanki Kremlin daşı tərəzinin gözündə daha ağır gəlir.

P.S. Sonqmi qırğını barədə ayrıca yazı hazırlayacağıq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

01 Noyabr 2024

30 Oktyabr 2024

28 Oktyabr 2024

26 Oktyabr 2024

24 Oktyabr 2024

22 Oktyabr 2024

21 Oktyabr 2024

19 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

15 Oktyabr 2024

13 Oktyabr 2024

11 Oktyabr 2024

10 Oktyabr 2024

08 Oktyabr 2024

06 Oktyabr 2024