Onlayn ictimai-siyasi qəzet
Bir həftə öncə məşhur müğənni ilə klinika mühafizəçisinin arasında olan adi məişət qovğasının söz-söhbəti bitmək bilmir.
Dünən dava tərəfləri ilk dəfə olaraq baş vermiş insidentə dair öz açıqlamaların veriblər və bu, sönməkdə olan nifaq tonqalını daha da alovlandırıb.
Həm müğənni, həm də mühafizəçi, el dilində desək, öz sözlərinin göyçəyini deyiblər.
Ağadadaş Ağayevin üzr videosuna baxanda onun hara qədər dürüst danışdığını, haradan sonra işlətdiyi cümlələri beynində redaktə etdiyini aydın şəkildə sezmək olur.
Elə mühafizəçi Nurəddin Cəlilov da elə danışır ki, sanki o yaşda insan durduğu yerdə baltaya əl atıb.
Gerçəklik isə budur ki, tərəflər startdaca anlaşa bilməyiblər, davaya meylləniblər. Müğənni canındakı ağrının verdiyi əsəbiliklə mühafizəçiyə müraciət edib, o da “əl-ayaq işinə baxan oğlan” olmadığından ona sərt cavab qaytarıb.
Sonra tərəflər söyüşlərin mərtəbəsini və dozasını artıra-artıra irəliləyiblər. Axırda söhbət balta mərhələsinə keçib, süpürləşmə ilə müşayiət olunub və başa atılan təpik epizodu ilə nəticələnib.
Əslində bu qovğa mediaya sızmaya, onun vasitəsilə ictimaiyyətə çatmaya, vaxtında yat-yut edilə bilərdi. Fəqət “MedEra” klinikasının rəhbərliyi zeytun yağı kimi üstə çıxmaq istəyərək baş verən insident barədə xəbəri mediaya, həm də şişirdərək ötürüb: “Ağadadaş Ağayev adam baltaladı”.
Bunun necə bir yalan olduğu sonrakı saatlarda və günlərdə ortaya çıxdı. Bilindi ki, müğənni heç kəsi şaqqalamayıb, sadəcə, bir nəfərə uzaqdan, özü dediyi kimi, alət tullayıb. (A.Ağayevin o boyda baltaya “alət” deməsi sözün göyçək variantıdır). Hələ o baltanın da kimisə gerçədən yaralaması şübhəlidir. Güman ki, adı çəkilən şəxs xəsarət almayıb. (Videolardan birində baltanın klinikanın qapısından içəri girdiyi, amma heç kəsə xəsarət yetirmədiyi görünür - yaralandığı iddia olunan xidmətçi qadın aləti götürüb kənara aparır).
Klinikanın kameralarının çəkdiyi görüntülərin lazımi yerlərinin kəsilib montaj edilməsi də “MedEra” rəhbərliyinin qara piar əməliyyatı sayıla bilər. Məhz o görüntülərə görə ictimaiyyətin böyük əksəriyyəti müğənniyə qarşı cəbhə aldı.
Əslində isə bu, dava-dalaşın son dəqiqələrini göstərən video idi, ondan qabaq tərəflər arasında kifayət qədər uzun dartışma, söyüşmə mərhələsi olub.
A.Ağayevin xalqa ünvanladığı videomüraciətdə özünün mühafizəçini necə ağır formada təhqir etməsi barədə kəlmə də yoxdur. Mühafizəçi isə müğənninin ona “ermənidən əmələ gələn” sözü işlətdiyini iddia edir və bundan əvvəlki açıqlamalardan aydın olur ki, arada belə bir söhbət olub.
Etiraf edək ki, bu təhqir istənilən adamda şüur qapanması, affekt vəziyyəti yarada biləcək ağırlıqdadır. Bu təhqirə çox nadir adamlar dözə bilər. Yerdə qalan hər kəs o sözü işlədənin ağzının payını vermək istəyəcək və bu zaman gözünə məhkəmə, türmə və s. görünməyəcək.
Tərəflər danışdıqca, təfərrüatlar açıldıqca hadisənin bütün mənzərəsi ortaya çıxır.
İndi bəllidir ki, baş vermiş hadisədə haqlı tərəf yoxdur. Müğənni də haqsızdır, onu döyən mühafizəçi də. Onların ikisi də nifaqı daha da qızışdıran sözlər dilə gətirib, hərəkətlər ediblər.
“Hirsli başda ağıl olmaz” kəlamının hikmətinin növbəti dəfə doğrulması demək olan bu hadisə əslində hər kəsə, xüsusilə də tanınmış şəxslərə dərs olmalıdır.
Bu dava iki fəhlənin, iki qəssabın, iki sürücünün, bir sözlə, iki adi adamın arasında olsaydı, bu qədər ajiotaj doğrumayacaqdı, bəlkə heç mediaya da sızmayacaqdı.
Hər gün inşaat meydançalarında o qədər belə hadisələr olur ki. Adamlar bir-birinə əllərinə keçən predmeti atır, əlbəyaxa dava edirlər, ağır xəsarət, ölüm hadisəsi olmasa, biz bu insidentlərdən xəbərsiz qalırıq.
Bu da ictimaiyyətin xəbər tutmamasını vacib edən hadisəydi, amma “MedEra” klinikasının rəhbərliyi nəyə görəsə bunu, bir az da təhrif edərək ictimaiyyətə təqdim etməklə həm iki nəfərin cəncələ salıb, həm də ölkədəki ictimai-siyasi atmosferi gərginləşdirib.
Bir həftədir sosial şəbəkələrdə, ictimaiyyət arasında dalaşanlardan kimin haqlı, kimin haqsız olması barədə mübahisə gedir və bu kimi söhbətlər irəliləyərək xoşagəlməz istiqamətlərə yönəlir.
Bir gerçəklik də budur ki, ilk günlər ortada heç bir təfərrüat olmadan ehkam kəsməyimiz, hökm çıxarmağımız yanlış imiş. Öz üzərimizə hakim funksiyası götürürüksə, insident iştirakçılarının hamısının ifadələrini dinləməli, tutuşdurmalı, kimin harada düz dediyini, harada yalan danışdığını müəyyən etməliyik. Yalnız ondan sonra deyə bilərik ki, kim haqlı, kim haqsızdır.
Təəssüf ki, biz həmişəki kimi emosiyalara qapıldıq, tərəf tutduq, yanlış hökmlər verdik.
Həqiqət isə xeyli dərəcədə ortaya çıxıb. Burdan beləsi artıq məhkəmənin işidir. Hesab edək ki, bu, bir stəkan fırtınasıymış.
23 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
01 Noyabr 2024
30 Oktyabr 2024
28 Oktyabr 2024
26 Oktyabr 2024
24 Oktyabr 2024
22 Oktyabr 2024
21 Oktyabr 2024
19 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
13 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
08 Oktyabr 2024
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ