İnsanlara hürriyət, millətlərə istiqlal!

Libas kontrastı – Bakı Paris və Kabul arasında var-gəl edir

Ölkəmizdə orta və ali məktəbə yollanan qızların geyiminin məktəbdaxili qaydalara uyğun olmaması üzərində qalmaqal qopduğu bir vaxtda Əfqanıstanda da kişilərin geyimi ilə bağlı qadağa tətbiq olunduğu barədə xəbərlər gəlir.

Əfqanıstanı idarə edənlər qadınların dress-kodunu müəyyənləşdirib qurtarıblar, indi kişilərə keçiblər. Artıq əfqan kişilər cins şalvar geyə, saçlarını dəbə uyğun vurdura bilməzlər. Onların uzunqol köynək geymə məcburiyyəti çoxdan vardı, dirsəkləri görünməməli idi, saqqal saxlamaları da əsas tələblərdən biriydi.

Bizdə isə tələbə qızların auditoriyaya qısa ətəkdə girməmələri, şagird qızların isə sinifə öncədən müəyyənləşdirilmiş rəngdə libasla gəlmələri tövsiyə olunur – həm də şiddətlə.

Xatirinizdədirsə, ötənlərdə şagird qızların məktəbə hicabla buraxılmaması üstündə də böyük bir qalmaqal yaranmışdı. Radikallar qrupu bu məsələdən sui-istifadə edərək ortalığı qarışdırmaq istəyirdilər, amma təxribatın qarşısı vaxtında alındı.

Tezliklə məlum oldu ki, bu, o qədər də prinsipial məsələ deyil, bu ölkədə qızlar təpədən-dırnağa qədər qara libasa bürünməsələr də, təhsil ala bilərlər.

Əslində orta məktəbin aşağı siniflərində oxuyan qızların mütləq məktəbə çadrada gəlməli olmalarının tələb edilməsi Əfqanıstan yoluydu. Hər hərəkəti, hər sözü, hər şeyi dinə bağlayanların hər tələbi yerinə yetirilsə, şübhəsiz ki, ölkə yavaş-yavaş Əfqanıstana dönəcəkdi.

Unutmayaq ki, ötən əsrin 60-70-ci illərində Əfqanıstanda və Azərbaycanda təhsil alan tələbələrin geyimləri bir-birindən çox da seçilməyib. Köhnə telekadrlara baxanda görürsən ki, iş yerlərində, auditoriyalarda hər iki cinsdən olan insanlar yanaşı işləyir, oxuyur, deyib-gülürlər və nə ar-namus, nə də din-iman əldən getmir.

Ancaq aşırı dinçilər bir hərəkata başladılar və o ölkəni nə günə qoydular. Bu gün əminliklə demək olar ki, onlar Əfqanıstanı daş dövrünə qaytarıblar. İndi qadınlar nəinki üzüaçıq, saçları görünən şəkildə küçəyə çıxa bilərlər, onlar ümumiyyətlə yanlarında kişi olmasa, ölsələr də, A nöqtəsindən B nöqtəsinə hərəkət edə bilməzlər.

Qadınların gülməsi, oxuması, uca səslə danışması qadağandır Əfqanıstanda. Ona görə ki, səsləri məhrəmdir, kişiləri yoldan çıxarır. Nə işdirsə, elə ölkələrdə kişilər çox xırda şeylərə görə yoldan çıxmağa meyllidirlər. Yəni adi bir gülüş səsinə görə kişilər kütləvi şəkildə zina yoluna düşəcəklərsə, ta hansı ruhaniyyatdan, mənəviyyatdan danışmaq olar?

Mat qalmalı işdir: bu qədər insan kütləsinin cinsi yaxınlıq, cinsi həvəs, şəhvət və sair bu kimi şeylərdən başqa dərdləri yoxdurmu? Söhbəti nədən, haradan başlasalar, üçüncü cümlədən sonra kişi-qadın münasibətlərinə gəlir və ehkamlar kəsirlər: bu olmaz, o olmaz, belə olar, elə olar və sair və ilaxır.

İndi Əfqanıstanda cins şalvar geyməyi yasaqlayanlar qadağanı əfqanların Qərb insanlarını təqlid etməli olmamalarıyla əsaslandırırlar. Amma özləri kütləvi şəkildə ərəb geyimləri geyirlər.

Müsəlman ölkələri olan Qazaxıstan və Özbəkistamda isə yerli iqlimlə uzlaşmayan ərəb geyimlərinin istifadə olunması tövsiyə olunmur. Gerçəkdən də, ərəblərin dininə etiqad edirlərsə, nədən soyuq şimalda, küləkli Asiyada yaşayan insanlar mütləq ilboyu 30-40 dərəcəlik isti havada yaşayan ərəblər kimi geyinməlidirlər? Ümumiyyətlə, geyimin dinə, inanca, əqidəyə aidiyyatı yoxdur. Bu, yerli iqlim şəraiti ilə bağlı məsələdir.

Bizə gəlincə, tələbələrin, şagirdlərin (eləcə də daha yetkin insanların) geyiminə aşırı şəkildə qarışmaq cəmiyyətdə rəğbətlə qarşılanmır və həmişə ikili yanaşmalara səbəb olur. Ancaq insanların çoxu hər şeyin (geyimin də, saç düzümünün də, davranışın da) ədəb çərçivəsində olmasından yanadırlar. Sadəcə, bu “ədəb çərçivəsi” anlayışına yanaşmalar da fərqlidir. Paytaxtda elə valideynlər var ki, övladlarının geyiminə “mənim qızıma belə yaraşır” prinsipi ilə yanaşırlar.

Belə məsələlərdə ölkəmizdəki paradoks belədir: Şərq-müsəlman ölkələrini təqlid edərək qız övladlarını çadraya bürümək istəyənlər də var, Qərb ölkələrini təqlid edərək qızlarının qısa və al-əlvan geyimlərdə məktəbə getmələrini normal sayanlar da.

Birincilər və ikincilər məktəblərə tədris müəssisəsinin qoyduğu tələblərə uyğun şəkildə getməyə məcbur olsalar da, dərsdən sonra küçələrə, ümumi istirahət, ticarət, gəzinti yerlərinə istədikləri geyimdə çıxırlar və Bakının kontrastlar şəhəri olması özünü bir də geyimlərdə göstərir. Bir tərəfdən qoca Şərqin, o biri tərəfdən isə Avropanın qapısı olan Bakı hazırda Parislə Kabul arasında var-gəl edir.

Amma qızıl orta deyilən bir şey var. Nə başdan ayağa qaraya bürünmək lazımdır, nə də bud ala gəzməyə ehtiyac yoxdur. Birinci total əsarətin göstəricisidir, ikincisi əndazəsini aşmış “azad”lığın.

P.S. Cins şalvar geyə bilməyən əfqanlar ildə bir dəfə “şortik geymək olarmı, olmazmı” polemikasının kükrədiyi ölkəmizə həsəd aparacaqlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

01 Noyabr 2024

30 Oktyabr 2024

28 Oktyabr 2024

26 Oktyabr 2024

24 Oktyabr 2024

22 Oktyabr 2024

21 Oktyabr 2024

19 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

15 Oktyabr 2024

13 Oktyabr 2024

11 Oktyabr 2024

10 Oktyabr 2024

08 Oktyabr 2024

06 Oktyabr 2024