İnsanlara hürriyət, millətlərə istiqlal!

Korrupsiya yuvası olan Avropa Parlamenti niyə narahatdır?

Ötən gün Avropa Parlamenti Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edən qətnamə qəbul edib. Qətnamə 473 səslə qəbul edilib, 46 deputat əleyhinə səs verib, 16 deputat bitərəf qalıb.

Hər kəsə məlumdur ki, müxtəlif lobbi qruplarının maraqlarına xidmət edən Avropa Parlamenti indiyədək dəfələrlə Azərbaycana qarşı qərəzli və birtərəfli mövqe nümayiş etdirib. 44 günlük müharibə zamanı da anti-Azərbaycan mövqeyində qətnamələr qəbul ediblər. İndi də Azərbaycanın öz torpaqlarında separatçılara qarşı anti-terror tədbiri görməsi bu korrupsiya yuvasını hərəkətə gətirib. Bir aydır ki, bizim əleyhimizə çıxışlar edirlər.

Avropa parlamenti görmək istəmir ki, Vətən müharibəsindən sonra Azərbaycanın üzləşdiyi mina terroru nəticəsində 300-ə qədər vətəndaşımız partlayışların qurbanı olub. Eləcə də, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ərazilərində aşkarlanan minaların 2021-ci ildə Ermənistanda istehsal olunması faktı onu göstərir ki, Ermənistan yeni minalar basdırmaqla azərbaycanlılara qarşı hərbi cinayətlərini, 1990-cı illərdəki davranışlarını davam etdirir.

efefef.jpg (153 KB)

Vaxtilə Azərbaycanın vətəndaşları məcburi köçkün həyatı yaşayıb, erməni vəhşiliyinin qurbanı olublar, ancaq Aİ həmin ərəfədə susub. Aİ-nin ikili standartlarını və riyakarlığını göstərən ən gözəl fakt elə təşkilatın Ukraynaya, Ermənistana yanaşması ilə Azərbaycana münasibəti arasındakı fərqdir.

Məlumat üçün qeyd edək ki, ötən il Avropa İttifaqı Ukraynaya dəstək üçün 80 milyard avro ayırıb, bu məbləğ həmçinin hərbi yardıma da xərclənir.

Azərbaycanın əzəli torpaqlarının bərpasına, ermənilərin bizə qarşı mina terrorunun qarşısını almağa isə heç bir maddi, siyasi dəstək verilmir. Əksinə, bizə qarşı qətnamə qəbul edirlər.

Vaxtilə elə erməni separatçılarının Azərbaycana qarşı vəhşiliklər törətməsində də bu kimi qurumların rolu böyük olub. Xatırlayaq ki, Avropanın ədalətsiz mövqeyi nəticəsində 1988-ci ildə erməni separatizmi baş qaldırdı və azərbaycanlılara qarşı olmazın vəhşiliklər, terrorlar törətdilər.

İndi insan haqqından danışan Avropa o zaman susdu, hətta separatçılara maliyyə yardımı da ayırdı. Bütün bunlar tarixi faktlardır və unudulmayıb. İllər ərzində bu qurumların heç biri Ermənistanı işğalçı dövlət kimi tanımadı. Baxmayaraq ki, erməni vəhşiliyini göstərən foto, video faktlar, canlı şahidlər var idi. Bu gün də işğaldan azad edilmiş ərazilərə getdikdə orada hansı vandallıqların törədildiyini görmək olar.

_1625203328.jpg (212 KB)

Həmin torpaqlar ki, hər qarışında erməni vəhşiliyi, azərbaycanlıların ailə faciəsinin izlərini görürük. Avropa Parlamenti bu gün ermənilərin Qarabağdan öz istəkləri ilə köçüb getməsini etnik təmizləmə adlandırır. Halbuki çəkilən kadrlardan da görünür ki, bu ermənilər öz istəkləri ilə, lüks şəraitdə Qarabağı tərk edirlər. Onlara get deyən, evindən qovan yoxdur. Seçim özlərinindir və bu seçimə görə də Azərbaycan qınanır.

Azərbaycan nə edir ki, qınansın? Azərbaycan polisi onlara su, qida verir və onları sərhədçilərimizilə birlikdə hörmətlə yola salırlar. Bunu ancaq alqışlamaq olar...

Bu, həmin Avropadır ki, 1990-cı illərdə Azərbaycan vətəndaşları qarlı, şaxtalı günlərdə, erməni gülləsi altında, əli-ayağı yalın çayları, dağları keçib gələndə, susub. Bundan başqa İrəvan Birinci Qarabağ müharibəsi zamanı əsir və girov düşmüş 4000-ə yaxın azərbaycanlının taleyi barədə heç bir məlumat vermir. Bunu da qabardan yoxdur. Ermənilər Ballıqaya, Qaradağlı, Ağdaban və Xocalı qətliamlarının müəllifidirlər və bu, Avropanı zərrə qədər maraqlandırmır.

Bu gün Avropa parlamentinin korrupsiya yuvasına çevrilməsi hər kəsə məlumdur. Avropa Parlamenti daim müxtəlif lobbi qruplarının maraqlarına xidmət edib. Qurum korrupsiya qalmaqalları, dəfələrlə parlament üzvlərinin rüşvət və korrupsiya ittihamları ilə üzləşib. AP-nin Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin adının milyonlarla dollarlıq korrupsiya qalmaqalında hallanması hər şeyi göstərir. İndi də həmin ənənəni davam etdirirlər. Yəni bu kimi qurumları demokratiya, insan haqları yalnız pul qazanmaları, rüşvət almaları üçün maraqlandırır.

Azərbaycana indiyə qədər çox qurumlar, şəxslər qarşı çıxıb, nələrisə diktə etməyə çalışıblar. Lakin Azərbaycan heç zaman bu təzyiqlər qarşısında dövlət maraqlarından çəkinməyib. Bu kimi təzyiqlər indi də nəticə verməyəcək. Azərbaycan torpağını erməni işğalından azad edib, öz ərazisindəki terrorçu rejimi təmizləyib. Bizim kiminsə daxili məsələsi ilə işimiz olmadığı kimi kimsə də bizə qarışa bilməz.

8j7lfc3yy7_04.jpg (145 KB)

Azərbaycan Prezidenti Vətən müharibəsi zamanı xalqa müraciəti zamanı demişdi:

“Ermənistan işğalçı dövlət kimi tanınsa da onu diplomatik vasitələrlə qınayan dövlətlər az olmuşdu. Belə vəziyyət işğalın sonlanmasında siyasi təsir vasitəsi ola bilmədi. BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin 28 ilə həll edə bilmədiyi münaqişəni Azərbaycan Ordusu döyüşlə 44 günə həll etdi”.

Cənab Prezidentin öz çıxışında dediyi kimi, “Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz”. Çünki biz, beynəlxalq hüquqdan, haqq-ədalətdən kənar heç bir addım atmırıq.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur