İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Azərbaycanı dinləyir: Zirvə toplantısında güc və prinsipiallıq nümayişi


Ötən gün dünya liderləri Albaniyanın paytaxtı Tiranaya toplandı. Oradan dünyaya mühüm mesajlar, görüntülər yayıldı.

Xüsusilə də liderlərin ayaqüstü görüşlərindən yayılan video və fotolar dünya gündəmini zəbt edib.

Azərbaycan lideri də bu görüşdə idi və tutarlı mesajlar, önəmli görüşlərə şahid olduq.

Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin (ASB) 6-cı Zirvə Toplantısında iştirakı ölkəmizin beynəlxalq müstəvidə artan təsir imkanlarının və strateji rolunun növbəti aydın göstəricisi oldu.

İlham Əliyev Tiranada Zirvə toplantısının açılış mərasimində iştirak etdi –  Fotolar

 Musavat.com xəbər verir ki, bu mühüm beynəlxalq tədbirdə dövlət başçımızın iştirakı Azərbaycanın diplomatik fəallığının yüksələn xətt üzrə inkişaf etdiyini, Avropa İttifaqı (Aİ) və Avropa dövlətləri ilə münasibətlərdə yeni mərhələyə qədəm qoyduğunu bir daha sübut etdi.

Son illərdə Azərbaycan-Aİ münasibətlərində müşahidə olunan dinamizm, xüsusilə enerji, nəqliyyat və yaşıl iqtisadiyyat sahələrində əməkdaşlığın genişlənməsi fonunda daha da aktuallaşır. Halbuki, bir müddət öncə bu münasibətlərdə durğunluq və hətta gərginlik hiss olunurdu. Bu, Aİ-nin əvvəlki rəhbərliyinin qeyri-obyektiv və bəzi hallarda qərəzli yanaşmalarından qaynaqlanırdı.

Lakin Prezident İlham Əliyevin milli maraqlara əsaslanan qətiyyətli siyasəti, çevik diplomatik addımları və balanslı mövqeyi nəticəsində bu ədalətsiz yanaşmaların aradan qaldırılması mümkün oldu.

Azərbaycan hazırda Avropanın yalnız enerji və nəqliyyat layihələrində mühüm tərəfdaş deyil, həm də təhlükəsizlik, regional sabitlik və ekoloji çağırışlar kontekstində vacib aktora çevrilib. Qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizə, enerji təhlükəsizliyi və logistik şəbəkələrin formalaşdırılması kimi sahələrdə Azərbaycanın rolu getdikcə artır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz Cənubi Qafqazda sabitliyin dayağı kimi qəbul olunur.

Azərbaycan Şərqdən Qərbə könülləri fəth edir

Bunun bariz nümunəsi kimi, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Prezident İlham Əliyevlə görüşdə şəxsən iştirak etməsi, Kaya Kallasın Bakıya səfəri və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dövlət başçımızla telefon danışığı göstərilə bilər. Bu kimi diplomatik kontaktlar Aİ-nin Azərbaycanla münasibətləri dərinləşdirməyə və strateji səviyyəyə çatdırmağa xüsusi önəm verdiyini təsdiqləyir.

Əlavə olaraq qeyd olunmalıdır ki, Azərbaycanın Aİ ilə tərəfdaşlıq strategiyası digər regional güclərlə – xüsusilə Çin, Türkiyə və Mərkəzi Asiya ölkələri ilə münasibətlərdə də tarazlaşdırılmış və qarşılıqlı faydaya əsaslanan bir kursun həyata keçirildiyini göstərir. Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, Orta Dəhliz layihələri kimi təşəbbüslər Azərbaycanın həm Şərqə, həm də Qərbə açılan önəmli tranzit ölkəsi statusunu möhkəmləndirir.

Dünənki Zirvədə Prezident İlham Əliyevin bir sıra Avropa liderləri ilə keçirdiyi ikitərəfli görüşlər, regional və qlobal məsələlərə dair fikir mübadilələri Azərbaycanın diplomatik nüfuzunun yüksəldiyini və tərəfdaş ölkələrin Azərbaycana olan marağının artdığını göstərir. Bu, təkcə siyasi dialoq deyil, həm də iqtisadi, texnoloji, humanitar və təhlükəsizlik sahələrində geniş əməkdaşlıq potensialının göstəricisidir.

Avropa Siyasi Birliyinin sammiti - Oxu.az

Eyni zamanda, Ermənistanın bölgədə birtərəfli təşəbbüslərlə xüsusi status əldə etmək cəhdlərinin də nəticəsiz qalması, Aİ daxilində Azərbaycanın mövqeyinə hörmətin və anlayışın artdığını təsdiqləyir.

 Prezident İlham Əliyevin prinsipial mövqeyi və qəti diplomatik xətti bu balanssız yanaşmaların qarşısını almaqda mühüm rol oynayıb.

Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi” Zirvəsində iştirakı Azərbaycanın regional liderliyinin və beynəlxalq nüfuzunun yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Bu iştirak təkcə simvolik deyil, eyni zamanda, Azərbaycan diplomatiyasının praktik və strateji uğurunun təcəssümüdür. Gələcəkdə ölkəmizin daha geniş beynəlxalq layihələrdə aparıcı aktorlardan biri kimi çıxış etməsi bu gün atılan addımların məntiqi nəticəsi olacaq.

Əli Rais,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

BÜTÜN XƏBƏRLƏR