İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarix təkrarlanır: Rusiya Ermənistana dirəniş əmri verir, müharibəyə zəmin hazırlayır

 

Son dövrlərdə Cənubi Qafqazda müşahidə olunan geosiyasi dinamika, xüsusilə Rusiyanın Ermənistana münasibətdə sərgilədiyi mövqe, Azərbaycan üçün ciddi narahatlıq doğurur. Ənənəvi vasitəçilik iddiasına baxmayaraq, Moskva bir daha sübut edir ki, əslində regionda tərəfsiz aktor deyil, öz maraqlarını qorumaq naminə müəyyən qüvvələri təhrik edən gücdür. Bu gün revanşist ritorikanın İrəvanda yenidən güclənməsi, məhz Rusiyanın dəstəyi və ya susqun razılığı ilə baş verir.

Ermənistanın siyasi spektrində Rusiya yönümlü revanşistlərin fəallaşması fonunda Moskvanın rəsmi addımları bu prosesi açıq şəkildə stimullaşdırır. Xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri zamanı səsləndirdiyi bəzi fikirlər bu istiqamətdə əhəmiyyətli siqnallardır. Lavrovun Azərbaycanın işğal olunmuş ərazilərinin məhz Rusiya silahları sayəsində tutulduğunu etiraf etməsi, uzun illər gizlədilən reallığın nəhayət Kremlin öz dilindən təsdiqi kimi qiymətləndirilə bilər. Bu bəyanat, Rusiya Federasiyasının postsovet məkanındakı münaqişələrə necə bir mövqedən yanaşdığını göstərən açıq etirafdır: Moskva, sülhə deyil, nəzarətə və asılılığa üstünlük verir.

Arşak Karapetyan da Moskvaya getdi

Maraqlıdır ki, bu yanaşma təkcə siyasi bəyanatlarla kifayətlənmir. Rusiya mediası da bu prosesin ideoloji dəstəkçisi qismində çıxış edir. “İzvestiya” qəzetində Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyanla dərc olunan müsahibə Rusiya mətbuatının hansı informasiya xəttini dəstəklədiyini üzə çıxarır. Müsahibə zamanı jurnalistin bir neçə dəfə Qarabağı “Artsax” kimi təqdim etməsi təsadüfi termin seçimi yox, Kreml yönümlü davranışın nəticəsidir. Karapetyanın özü də müsahibədə qeyd edir ki, Ermənistan yalnız o halda Rusiyanın dəstəyini ala bilər ki, Azərbaycana qarşı dirəniş göstərsin. Bu, faktiki olaraq Rusiyanın Ermənistana qarşı qoyduğu şərtdir – “münaqişəni diri saxla, biz də səni dəstəkləyək”.

Bu cür bəyanatlar və mesajlar təkcə media müstəvisində səslənmir. Ermənistanın keçmiş prezidenti Robert Koçaryan da son çıxışlarında eyni məzmunlu ritorikaya müraciət edib. Onun yenidən ictimai rəyə təsir etməyə çalışması, Qərbyönlü Paşinyan hökumətinə qarşı revanşist kampaniyanın genişlənməsi ilə üst-üstə düşür. Koçaryan və onunla eyni dövrdə hakimiyyətdə olmuş Serj Sarqsyan kimi siyasətçilərin fəaliyyəti uzun illərdir Moskvadan gələn tapşırıqlar çərçivəsində formalaşıb. Hər iki şəxs Birinci Qarabağ müharibəsi dövründə Rusiya xüsusi xidmət orqanları – xüsusilə GRU ilə sıx əlaqədə olmuş, bu əlaqələr vasitəsilə həm siyasi, həm də hərbi təlimatlar alaraq Azərbaycan əleyhinə fəaliyyət göstərmişdilər. Onların fəaliyyəti Ermənistanın deyil, Rusiyanın maraqlarını təmin etməyə yönəlmişdi.

İrəvan qazılığı geri dönür - ermənilər təşvişdə

Bu prosesin kökləri, əslində, müasir dövrü çox aşır. Ermənilərin Cənubi Qafqaza, xüsusilə də Azərbaycan torpaqlarına köçürülməsi hələ Çar Rusiyası dövründə planlı şəkildə həyata keçirilib. Məqsəd regionda etnik balansı dəyişmək, yerli müsəlman əhalini zəiflətmək və rus imperiyasının siyasi və dini dayaqlarını gücləndirmək idi. Bu siyasət sovet dövründə daha sistemli şəkildə davam etdirildi. 1918-20-ci illərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar, 1948-53-cü illərdəki deportasiyalar və nəhayət, 1988-ci ildən etibarən başlayan Qarabağdakı separatizm və ərazi iddiaları – bütün bu proseslərdə Ermənistan vasitəçi olub, arxasında isə həmişə Moskvanın siyasi himayəsi dayanıb.

Birinci Qarabağ müharibəsində Rusiyanın iştirakı artıq danılmaz tarixi faktdır. 366-cı motoatıcı alayın Xocalı soyqırımındakı iştirakı, Pskov diviziyasının münaqişə bölgəsində fəaliyyəti barədə beynəlxalq hesabatlar mövcuddur. Bu hərbi birləşmələr Ermənistanın deyil, Rusiyanın tabeçiliyində olub, lakin onların fəaliyyəti nəticəsində Azərbaycanın torpaqları işğal edilib, minlərlə dinc sakin həlak olub və ya didərgin düşüb. Bu, açıq şəkildə göstərir ki, Ermənistan təkbaşına heç zaman bu miqyasda hərbi uğura nail ola bilməzdi. O, sadəcə icraçı olub – qərarverici isə Moskva idi.

rusiyaya-getmek-isteyen-azerbaycanlilarin-nezerine

Bu gün isə Rusiya yenidən köhnə metodlara qayıdır. Ukrayna cəbhəsində uğursuzluğa düçar olan Kreml, öz təsir dairəsini Cənubi Qafqazda möhkəmləndirmək üçün Ermənistandakı revanşist dairələri fəallaşdırmağa başlayıb. Bu strategiyanın açıq məqsədi – Azərbaycan və Ermənistan arasında sülh prosesini pozmaq, regionda yeni gərginlik yaratmaq və hərbi qarşıdurmanı yenidən gündəmə gətirməkdir. Ermənistan cəmiyyətində militarist ritorikanın artması, Rusiyanın dəstəklədiyi siyasi qüvvələrin yenidən səhnəyə çıxarılması bu planın tərkib hissələridir.

Beləliklə, Rusiya Ermənistan üzərindən növbəti dəfə Cənubi Qafqazda “odla oynayır”.

Ermənistan isə bir daha öz tarixindən dərs çıxarmadan, eyni təhlükəli yola yönləndirilir. Bu yolun sonun onun faciəsi ola bilər...

Əli Rais,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR