İnsanlara hürriyət, millətlərə istiqlal!

“İŞİD-Xorasan” 3 ölkəyə qarşı – yeni ilginc DETALLAR

Talibana qarşı qurulmuş terror təşkilatı niyə Türkiyə, İran və Rusiyanı hədəfə alır?

Ötən həftə Moskva yaxınlığında baş vermiş terror aktından sonra İŞİD yenidən diqqət mərkəzinə gəldi. Xatırladaq ki, həmin terror aktına görə məsuliyyəti hadisədən dərhal sonra İŞİD-K, yəni “İŞİD Xorasan” (ingiliscə “Khorasan” sözünün baş hərfi) qruplaşması öz üzərinə götürüb. Qanlı olayı törətməkdə ittiham olunan 4 tacikin bu qruplaşmanın üzvü olduğu deyilir.

Doğrudur, Moskva terrorunun İŞİD tərəfindən həyata keçirilməsi versiyası birmənalı qarşılanmır, hətta bunu şübhə ilə qarşılayanlar var. Rusiya hakimiyyəti isə Ukraynanı ittiham etməklə bir mənada hadisənin əsas sifarişçisinin İŞİD olmadığına işarə edir. Lakin ABŞ kəşfiyyatı, eləcə də ekspertlər hadisədə İŞİD-in iştirakını təsdiqləyir. Ən azı icraçı qismində.

Qeyd edək ki, 2017-ci ildə İraqda, 2018-ci ilin əvvəlində isə Suriyada quru ərazilər üzərində hakimiyyətini itirən İŞİD müəyyən mənada “yer altına” çəkilib. 2019-cu ildə ABŞ ordusunun İŞİD-in lideri və “xəlifəsi” Əbubəkr əl-Bağdadini öldürməsindən sonra qruplaşma əhəmiyyətli dərəcədə zəifləsə də, İraq, Suriya başqa olmaqla Afrikadan Pakistana qədər geniş coğrafi ərazidə silahlı hücumları, terror aktlarını həyata keçirməyə başlayıb.

405653914_09516681144_1920x0_80.jpg (189 KB)

Əbubəkr əl-Bağdadi 

Məsələn, statistik məlumatlara əsasən İŞİD 2022-ci ildə dünya üzrə 1811 terror və silahlı hücumun məsuliyyətini öz üzərinə götürüb. 2023-cü ildə isə 838 hücumu həyata keçirib və ya keçirdiyini iddia edib. Bu da onu göstərir ki, ümumi sayda azalma olmasına rəğmən, İŞİD hələ də fəaliyyət göstərir.

Yeri gəlmişkən. son aylar Suriyada İŞİD-in yenidən fəallaşması müşahidə olunur. Qruplaşma hücumlarını artırıb, ən son olaraq ölkənin şimalında kürdlərin nəzarət etdiyi bölgədə İŞİD üzvlərinin saxlanıldığı həbsxanada qaçış cəhdi və üsyan baş verib. Ayrı sözlə, dünyada qeyri-sabitlik ocaqları qaldıqca İŞİD-in fəaliyyəti də davam edəcək...

Konkret olaraq Moskva terrorunda adı keçən İŞİD-K özünü ilk dəfə 2021-ci ildə büruzə verib. Məsələ ondadır ki, İŞİD Əfqanıstanda ilk dəfə 2015-ci ildə üzə çıxsa da, 2021-ci ildə koalisiya qüvvələri “Taliban”la razılığa gələrək, ölkəni tərk etdiyi günlərdə fəallaşaraq hədəf qismində ABŞ və müttəfiqləri ilə yanaşı, “Taliban”ı da göstərdi. Məlum olduğu kimi, Xorasan hazırda İran, Əfqanıstan və Orta Asiya regionunu əhatə edən qədim vilayət adıdır. Bu mənada İŞİD-K-nın əsas hədəf regionu Pakistan, Əfqanıstan (“Taliban”), İran, Orta Asiya və Rusiyadır.

Ancaq maraqlıdır ki, bu il yanvarın 28-də Türkiyədə “Santa Maria” kilsəsinə hücumda iştirak edənlərin İŞİD-K üzvləri olduğu açıqlanmışdı. Bu isə onu göstərir ki, qruplaşmanın hədəfində Türkiyə də var.

Yeri gəlmişkən, Moskva terrorundan sonra Türkiyə polisi ölkə ərazisindəki İŞİD üzvlərinə qarşı əməliyyatların sayını artırıb. 30 vilayətdə keçirilən əməliyyatlar nəticəsində qruplaşmanın 147 üzvü saxlanılıb. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, Türkiyədə İŞİD-ə qarşı aktiv əməliyyatlar dayanmayıb. Rəsmi məlumata görə, ötən il iyunun 1-dən bu günə qədər Türkiyə DİN İŞİD üzvlərinə qarşı 1329 əməliyyat həyata keçirib. Bu zaman 2919 nəfər qruplaşma üzvü şübhəli şəxs qismində saxlanılıb, 692 nəfər həbs olunub. Bunların bir qismi Türkiyə vətəndaşı, digər qismi isə xarici ölkə vətəndaşlarıdır...

65fe6c320a6ad65fe6c320a6ae171117.jpg (176 KB)

Eyni zamanda İŞİD-K İranda son illərdə bir neçə səs-küylü terror hücumu həyata keçirib. Bunların içərisində 2022-ci ilin oktyabrında və 2023-cü ilin avqustunda Şahçıraq dini ziyarətgahında törədilən iki terror aktı nəticəsində 20-dən çox insan dünyasını dəyişib. 2024-cü ilin yanvarında isə general Qasim Süleymaninin il mərasimi zamanı qəbiristanlığa gedən yolda törədilən partlayış nəticəsində 90-a yaxın insan dünyasını dəyişib. Hər 3 hadisənin məsuliyyətini İŞİD-K üzərinə götürüb və terrorçular arasında tacik əsilli şəxslər olub.

İran hakimiyyət orqanları da İŞİD-K-nı hədəf göstərsə də, hadisənin sifarişçisinin Qərb xüsusi xidmətləri olduğunu iddia edib. Oxşar yanaşma Türkiyədə və Rusiyada baş verən terror aktları zamanı müşahidə olunub. Bu isə müəyyən şübhələrə yol açır. Terror aktını doğrudan İŞİD-K törədib, ancaq sifarişçi xarici xüsusi xidmətlərdir. Yəni sonuncular sadəcə, İŞİD-K yarlığından istifadə edir. Qruplaşma isə sadəcə məsuliyyəti öz üzərinə götürür.

Məsələn, çox ciddi sual ortaya çıxır ki, nədən Türkiyədə terror hücumunu İraq və Suriyadakı İŞİD deyil, uzaq Əfqanıstanda məskunlaşan İŞİD-K həyata keçirib? Üstəlik Türkiyə İŞİD-K-nın hədəf dairəsində deyil. İran İŞİD-K-nın hədəf coğrafiyasına daxil olsa da, Tehran rəsmiləri Q.Süleymaninin ölüm günü həyata keçirilən terror aktının arxasında xarici ölkələrin kəşfiyyat orqanlarının olduğunu əminliklə söylədilər...

Rusiyada son terror aktına gəlincə, əlbəttə, Rusiya İŞİD-K və İŞİD-in hədəfində olan ölkələrdəndir. Moskva həm Suriyada İŞİD-ə qarşı əməliyyatlar həyata keçirir, həm də Əfqanıstanda “Taliban”la əməkdaşlıq edir. Bu səbəbə daha əvvəl də İŞİD-K Rusiyanı hədəfə alıb və hələ də əsas hədəf ölkələrdən biri sayır. Rusiya rəsmilərinin açıqlamalarından belə görünür ki, Moskva terror hücumunun arxasında başqa qüvvələrin dayandığını ehtimal edir. Lakin bu ölkənin adını açıqlamaq istəmir.

747606Image1.jpg (164 KB)

Bir çox sahə ekspertlərinə görə, “İŞİD-Xorasan”ın məhz ABŞ və müttəfiq ordularının Əfqanıstanı “Taliban”a təhvil verməsindən sonra fəallaşması bu qruplaşma üzərində xarici ölkələrin təsiri ilə bağlıdır. Çünki “Taliban” şəriət idarəçiliyi qurub, müəyyən ideoloji baxış fərqini çıxmaq şərti ilə İŞİD-lə toqquşmaya səbəb olacaq bir fərqliliyi olmayıb. Sadəcə, “Taliban” yerli islamçı qrup idi. Normalda məsələn, 1996-cı ildə “Taliban” birinci dəfə Əfqanıstanda hakimiyyəti ələ keçirəndə İŞİD-in sələfi hesab olunan “Əl-Qaidə” “Taliban”a qarşı çıxmamış, əksinə, onunla ittifaq qurmuşdu. Ancaq 2021-ci ildə “Taliban” 20 illik fasilədən sonra Əfqanıstanda hakimiyyəti ələ keçirəndə ona qarşı ilk hücum edən İŞİD oldu. Bu mənada İŞİD-K daha marginal və şübhəli qruplaşma kimi qəbul olunur.

Təcrübə göstərir ki, bu cür sui-qəsd hücumları zamanı qisas əməliyyatları icraçılara deyil, sifarişçilərə qarşı yönəlir. Bu mənada Rusiyanın Əfqanıstan dağlarında gizlənən İŞİD-K üzvlərinə qarşı yönələcəyi ehtimal azdır. Çox güman ki. ruslar terrorun əsl sifarişçilərinə qarşı cavab zərbəsi həyata keçirəcək. Bunu isə yaxın vaxtlarda biləcəyik...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

29 Oktyabr 2024

21 Oktyabr 2024

18 Oktyabr 2024

15 Oktyabr 2024

14 Oktyabr 2024

07 Oktyabr 2024

04 Oktyabr 2024

30 Sentyabr 2024

01 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

27 Iyul 2024

17 Iyul 2024

05 Iyul 2024

27 Iyun 2024

16 Iyun 2024

27 Mart 2024

29 Sentyabr 2023