Onlayn ictimai-siyasi qəzet
Fransa gerçəkdən ağ edib. Son aylarda elə bir gün olmur ki, hansısa fransız siyasətçi, dövlət xadimi, deputat və ya diplomat Ermənistanın tərəfində durub Azərbaycana daş atmasın.
Bu trendə Fransa prezidenti Emmanuel Makrondan tutmuş ta Fransanın Ermənistandakı səfirinə qədər, demək olar ki, bütün fransız siyasilər qoşulub. Hətta Fransanın müxalifət qüvvələri də yekdilliklə ermənilərin tərəfindədir və bu, özlüyündə fenomenal hadisədir.
Sanki Fransa Azərbaycanla müharibə aparır və bütün fransızlar istər-istəməz patriot olmağa məhkumdurlar, yoxsa onlara barmaq tuşlayıb “vətən xaini” adlandırarlar.
Heç 100 faiz haqlı və 100 faiz zərərçəkən olduğumuz illərdə belə ölkəmizdə heç də hamı yekdilliklə öz vətəninin haqqını müdafiə etmirdi, müxtəlif məramlı qüvvələr və ayrı-ayrı şəxslər fərqli fikirlər irəli sürürdülər, pasifizm sərgiləyir, özümüzü borclu çıxarırdılar.
Fransada isə məhz Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə fərqli fikir yoxdur. Hər halda belə görünür. Hamı yekdildir. Bəzi qüvvələr sırf erməni-fransız müttəfiqliyinin 300 illik tarixinə (belə bir iddia Fransanın eks-prezidenti Jak Şirak tərəfindən səsləndirilib) istinad edirlər, bəziləri məsələyə xristian-müsəlman qarşıdurması prizmasından yanaşırlar. Türkiyənin acığına bizə düşmən kəsilənlər, bir müsəlman-Şərq ölkəsinin tərəqqisini, dünyəviliyini gözü götürməyənlər də var.
Hər necə olur, olsun, fransız siyasilərin ifrata varmış, bütün hədləri aşmış ermənipərəstliyi artıq qıcıq doğurur.
Budur, xəbər verirlir ki, dünən İrəvanda Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan və Fransanın mədəniyyət naziri Rima Abdul Məlak birgə mətbuat konfransı keçiriblər və brifinqdə tərəflər Qarabağ bölgəsində “ermənilərin mədəni və dini irsi”ni müzakirə ediblər.
Əslində burada “müzakirə” kəlməsi yerində deyil. Sadəcə olaraq, nazirlər bu mövzuda növbə ilə qeybət ediblər, Azərbaycanın “erməni mədəni və dini irsinə hərmət etmədiyi”ni, erməni abidələrə qarşı “vandallıq etdiyi”ni deyiblər.
Rima Əbdül Məlak qeyd edib ki, Fransa bütün bu məsələləri beynəlxalq platformalarda qaldırmağa hazırdır. Bu, yeni xəbər deyil, Fransanın son 3 ildə, xüsusilə də axırıncı ayda başqa işi yoxdur, bütün platformalarda erməni məsələsi ilə məşğuldur. Söhbət 1 ayda iki dəfə ermənilərə görə BMT-nin Təhlükəsizlik Assambleyasının növbədənkənar iclasını təşkil edən dövlətdən gedir.
Fəqət nazir Məlakın “mədəni irs” məsələsində ölkəmizi şərləməsi gün kimi aydındır. Ya o, bölgəyə aid heç bir müvafiq bilgiyə malik deyil, ya da hər şeyi bilə-bilə özünü bilməzliyə qoyur. Azərbaycanın 9 rayonundakı mədəni və dini irsinə, tarix və mədəniyyət abidələrinə qarşı vandallıq edən ermənilərin bu cinayətlərinin izləri video və fotomateriallarla lazımınca sənədləşdirilib. Həmin şəhərlərdki abidələrin xarabalıqları Əfqanıstanda “Taliban” terrorçuları tərəfindən partladılaraq dağıdılan Budda heykəlinin yeri kimi açıq-aşkar durur. İstənilən təftişçi baxan kimi bilər ki, vaxtilə burada abidə olub, amma indi yoxdur.
Bəs Azərbaycan hansı erməni mədəni və dini irsini korlayıb? Şuşadakı kilsənin bir böyrünə çovuyan mərmi dəymişdi, o da 44 günlük savaşın bitməsindən bir neçə gün sonra təmirə götürüldü. Xankəndi şəhərinin girəcəyindəki “Biz və bizim dağlar” adlanan, yanaşı dayanmış qoca və qarını andıran tikili olduğu kimi durur. Kəlbəcərdəki Xudavəng adlı qədim alban kilsəsi isə hətta müharibədən sonra da ermənilərin ibadət etməsi üçün açıq saxlanmışdı. Başqa kilsə və abidələr də eləcə. Hamısı sağ-salamatdır.
Bu yerdə “nazirlər hansı faktlara istinad ediblər” sualı qoymaq olardı, amma ermənilərin və onların havadarlarının yalançı fakt düzəltmə qabiliyyətləri çoxdan bəllidir, güman ki, yenə də xeyli “fakt” sadalayıb, şəkillər nümayiş etdiriblər.
Əgər fransızların ermənipərəstliyi Ermənistan dövlətinin iqtisadiyyatına köməkdən, erməni xalqının rifahına dəstəkdən ibarət olsa, buna diqqət yetirməmək olardı. Ancaq bu dövlətin ermənipərəstliyi özünü şiddətli anti-Azərbaycan platformasında göstərir.
Başqa sözlə, Fransa Azərbaycanla “soyuq müharibə” aparır. Bölgədə dominant rolda olan Türkiyə və Rusiya (Azərbaycan ikisi ilə də müttəfiqdir) amili olmasa, bəlkə də Fransa Ermənistana döyüşkən hərbi kontingent göndərər, döyüş əməliyyatları aparardı. Yəni fransız siyasətçilərin bizə qarşı hirs-hikkəsi, hiddəti, hətta nifrəti o qədərdir.
Bəs bu işin axırı necə olacaq? Bu işin axırı olmayacaq, uzun müddət belə davam edəcək, Fransa sağdan, soldan həmlə edəcək, ortalığı qarışdıracaq, Ermənistan isə öz yenianaş hamisinin qanadlarının altına sığınacaq.
Ancaq hər işdə bir xeyir var, belə olması bizə sərf edir. Nəticədə biz həmişə ayıq-sayıq, döyüşkən ovqatda qalacağıq, dostumuzu-düşmənimizi daha asan ayırd edəcəyik, arxayınlaşaraq xainləri ocaq başına keçirməyəcəyik.
23 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
01 Noyabr 2024
30 Oktyabr 2024
28 Oktyabr 2024
26 Oktyabr 2024
24 Oktyabr 2024
22 Oktyabr 2024
21 Oktyabr 2024
19 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
13 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
08 Oktyabr 2024
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ