Onlayn ictimai-siyasi qəzet
Dövlət İmtahan Mərkəzinin müdirəsi xalqın balalarına düz yol göstərmək əvəzinə, görün nə deyir: “Tənqidi düşüncə, düzgün suallar vermək, çeviklik, özünü inkişaf etdirmək və öyrənmə bacarığı - bunlar gələcəyin əsas bacarıqlarıdır”.
Əlbəttə. Tənqidi düşüncənin Kürdəxanıya ən qısa yol olduğunu biz çox yaxşı dərk edirik. Məsləhətdirsə, özünüz davam edin, bizi çıxın. Uca millətimiz artıq bu işin yolunu tapıbdır, uşağına doğulan kimi məsləhət verir, hətta dua kimi yazdırıb boynundan asır: “Başını aşağı sal, dinmə, nə desələr, onu elə, qabağa gedərsən”. Vəssalam. Bizim, necə deyərlər, rol modelimiz bundan ibarətdir. Tənqidi düşüncə... Yox, bir, ağcaqanad quyruğu. Nə bilim, tüklü əcinnə...
Elə o biri maddələr də həyat prinsipləri olaraq heç bir şeyə yaramır, həmin prinsiplərlə heç Dağıstan Universitetinin Qazax filialının San-Marino texnikumunun regionşünaslıq ixtisasına qiyabi girmək belə mümkün deyildir. Məsələn, düzgün suallar verməklə Azərbaycanda kim qabağa gedib, yaxud özünə və ailəsinə gün ağlamışdır? Bir nəfər belə tanımırıq. Əksinə, səhv suallar və yanlış cavablar verənlər zirvələrə yüksəlib. Hətta heç bir sual-cavab verməyənlər, mal kimi susanlar daha parlaq yaşayırlar. O cümlədən, zəvzək jurnalistlər həmin kadrların zəhləsini tökəndə adətən belə cavab alırlar: “Filankəs danışdı, quş buraxdı. Mən susuram, ağıllı görünürəm, başım da ağrımır”.
Həqiqətən belədir. Azərbaycanda DİM müdirəsinin dediyi birinci nəzəri punkta (“tənqidi düşüncə”) lap əməl eləsən belə, ikinci punktda, yəni əməli fəaliyyətə keçərkən (“düzgün suallar vermək”) peşmançılıq labüddür. Özü də bu, bugünün-dünənin işi deyil, əsrlər boyunca bölgəmizdə tənqid və düzgünlük insana yalnız problem yaşadıb. “Düz adam düzdə qalar”, “Dilim-dilim olasan, dilim”, “Danışmaq gümüşdür, susmaq qızıldır” kimi ata sözləri və məsəllərimiz havadan-sudan, öz-özünə yaranmayıb ki? Bunların hamısının arxasında böyük xalq təcrübəsi dayanır. Gözü çıxan qardaşdan öyrənmişik.
Mövzudan uzaqlaşmaq kimi çıxmasın, amma elə sayın DİM müdirəsinin çıxışından fərəhlənərək “tənqidi düşüncə” bacarıqlarımı inkişaf etdirmək qərarına gəldim və suallarım məhz onun idarəsinin fəaliyyəti ilə bağlıdır. Həkimlərin sertifikasiya imtahanları zamanı testlərdə belə suallar var imiş: “Şəkərli diabet xəstələrində hamiləliyin saxlanması üçün göstərişlərin genişlənməsinə mümkünat yaradıb?”, “Yumurtalıqların PCOS sindromu zamanı insulinə davamlılıqsızlıqla keçəndə...” və sairə. Həkimlər deyirdilər, bundan heç nə anlamırıq. Açığı, mən də heç nə anlamadım. Xüsusilə “davamlılıqsızlıq” sözünü kəşf edən DİM ekspertinə yararlılıqsızlıq üzrə avamlılıqsızlıq fəxri adı verilməsini təklif edirəm.
Ali məktəblərə qəbulda düşən suallar da bəzən Yaroslav Haşekin ünlü əsərindəki kimi olur: “On dörd qatlı binanın hər qatında səkkiz pəncərə, damda iki pəncərə və iki baca var, hər qatda da iki kirayəçi yaşayır. İndi isə, cənablar, mənə deyin görüm, qapıçının nənəsi neçənci ildə ölmüşdür?”
Qayıdaq mövzuya. Sayın müdirənin digər təklifləri də gənclərin təlim-tərbiyəsini pozmaqdan başqa nəyəsə yaramır. Çeviklik, özünü inkişaf, öyrənmək... Bunların bizdə qara qəpiklik əhəmiyyəti yoxdur. Onsuz karyera yüksəlişini, lap elə yüksəliş cəhənnəm, adi iş tapmağı da kiminsə qahımı olmaq, tapşırılmaq təmin edir. Ən yaxşı halda. Ən pis halda isə qabağa getmək üçün yalan danışmaq, yaltaqlıq eləmək, rüşvət vermək, oğurlamaq lazımdır. Bunun belə olduğunu öyrənmək üçün çox da uzağa getməyə ehtiyac yoxdur. Elə girişdə adını çəkdiyimiz Kürdəxanı yolçularının tərcümeyi-hallarını oxumaq yetər. Ən çevik və özünü inkişaf etdirənlərimizin axırı oradan keçir. Bankirlər, deputatlar, nazirlər, icra başçıları, generallar... Bir növ, Kürdəxanı tənqidi düşüncə və özünü inkişafımızın kəsişmə nöqtəsidir.
Amma lap çox özünü inkişaf etdirsən, villada ev dustağı şəklində də qala bilərsən. İnsafən, bu variant mümkündür. DİM başçısının çıxışındakı “Bu gün prestij artıq zahiri görünüş və ya dəbdə olmaqla deyil, faydalı olmaq, problemləri həll etmək və işini peşəkarcasına yerinə yetirməklə ölçülür” cümləsini də mən bu cür anladım. Villa çox olsa, Kürdəxanıya getmirsən.
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ