İnsanlara hürriyət, millətlərə istiqlal!

İki körpəsini qoyub düşmən üzərinə gedən Tofiq, bu nə paylaşım idi?

 

Bəri başdan deyim ki, Tofiq Yaqublunun son qalmaqallı paylaşımına mənim qədər üzülən, məyus olan adam az-az olar.

Təkcə ona görə yox ki, onun mülahizələri, tutduğu mövqe və yol yanlışdır, əsasən ona görə ki, o, bu mövqeyi ilə öz üzərinə haqlı hücumlara səbəb verir, özünü hədəfə çıxarır və bəzi fürsətcillər də bu durumdan özlərini “patriot” göstərmək üçün istifadə edir, nə gəldi, yazırlar.

Baxıram, Tofiq Yaqublunu xain, savadsız adlandıranlar var. O, savadsız deyil, istənilən kitaba arqumentli təfsir yaza biləcək analitik beyni də var, publisistik qələmi də.

Tofiq Yaqublu vətən xaini, xalq düşməni də deyil. 31 il öncə iki körpə qız balasını kirayə yaşadığı evdə analarının ümidinə qoyub Xocalının qisasını almağa getmiş və almış adamdır.

2000-ci ildə onun 5 ümumi dəftərdə yazdığı cəbhə xatirələrini dərc etmişik, bilirəm. Salamat çıxdığı qanlı döyüşdən yarım saat sonra bir küncə çəkilərək, əlinin hisini, pasını, qanını yumadan yazdığı qeydlərdə nələr var, nələr – müharibənin bütün dəhşətləri, ekstremal situasiyada özünüqoruma instinktinin şüura necə hakim kəsilməsi, döyüş dostlarının düşüncələri... və qətiyyət, düşmənə qalib gəlmək, qisas almaq ehtirası...

Könüllü batalyonda rota komandiri olan Tofiqin döyüş epizodlarından biri belədir: o, səngiyən döyüşdən bir müddət sonra təpədən baxanda kəndin kənarındakı bir həyətdə tərk edilmiş su maşını görür, enir, gəlir, həyətə girir, su içəndə darvazadan eşikdə qart-qurt səsi eşidir, anlayır ki, gələnlər ermənilərdir. O, tez silahını, qumbarasını götürür, arxası darvazaya tərəf dayanmış su maşınının ön kapotuna sinir. Ermənilər həyətə keçir, maşına yaxınlaşır, silahlarını çəpərə söykəyib qurşağa qədər soyunur, növbə ilə yuyunmaq istəyirlər. Tofiq qumbaranın halqasını çəkib maşının arxasına atır, partlayış baş verir, ağır yaralanan düşmən hərbçilərin zarıltısı ərşə qalxır. Tofiq sakitcə onlara yaxınlaşır, yerdə can verən düşmənlərə aman vermir, rəhm etmir.

İndi mat qalmalı məqam budur: necə olur ki, təkbaşına üç düşməni öldürən, dostu Əlövsət (sağdır) və digərləri ilə şose yolunda pusqu quraraq, UAZ markalı maşında gedən 5 erməni hərbçisini (ikisi mayor və kapitan) zərərsizləşdirən gerçək bir qəhrəman bu cür şeylər yazır: “Çox üzücüdür ki, Azərbaycan öz torpaqlarını Putinin Paşinyanı devirmək planının icrası nəticəsində azad edir”.

96544531-6ec4-40a1-b9a6-41d196ccf371.jpg (15 KB)

Niyə üzücü olsun, ay qardaş? Məgər ermənilər bizim torpaqları əlləri çatan hər kəslə sazişə gedərək işğal etməmişdilər? Şuşa necə, hansı şəraitdə işğal olunmuşdu? Rusiya Şuşanı və Laçını Mütəllibovu yenidən hakimiyyətə qaytarmaq, AXC-nin hakimiyyətə gəlməsinin qarşısını almaq üçün işğal etdirmişdi. Mütəllibov hakimiyyətdə möhkəmlənə bilsəydi, böyük ehtimalla Kreml ermənilərə təzyiq edəcəkdi ki, Şuşadan çıxsınlar ki, Ayaz müəllimin nüfuzu artsın, xalq onu “xilaskar” saysın.

Bənzər vaqiə 30 ildən sonra ermənilərin başına gəldi. Bu dəfə Rusiya ermənilərlə ləc düşdü, nəticədə bizim işimiz yavər getdi. Biz bu tarixi fürsəti 28-30 il gözləmişdik. Necə deyərlər, fürsət bu fürsət idi. Kimin nə planı var, bizə nə? Əsas bizim öz torpağımızı işğaldan azad etmək planıydı.

Özü də ən paradoksalı odur ki, həmişə belə planlar düşünənlərdən biri Tofiq Yaqubluydu. Hələ 15-20 il qabaq o, vaxtaşırı öz yazılarında və ya çıxışlarında silahlanaraq, səfərbər olaraq II Qarabağ müharibəsinə başlamağın təşəbbüskarı kimi çıxış edir, düşməni Qarabağdan qovmaqdan danışırdı. Hətta II Qarabağ müharibəsi başlayanda təcrübəli veteran döyüşçü kimi o da orduya getmək istəmişdi, aparsalar, gedəcəkdi.

İndi nə oldu, nə baş verdi ki, onun arzuları həyata keçdi, planları gerçəklşdi, amma o, qələbəmizə sevinə bilmir, hətta daha betəri ona mız qoyur?

Əslində bunun sirləri dərində deyil. Müxalifət liderləri və funksionerləri arasında ən çox iztirab çəkən, tutulan, döyülən adam Tofiq Yaqubludur. Belə görünür ki, illərlə çəkdiyi mərhumiyyətlər onda indiki hökumətə qarşı şəxsi qərəz yaradıb və o, öz nifrətinin girovuna çevrilib. Amma hakimiyyətə qarşı olmaq xalqın ümdə mənafeyinə qarşı olmaq anlamına gəlməməlidir axı.
Heç cür inanmaq olmur ki, özünü vətənə, millətə, Qarabağa fəda edən adam indi ən böyük arzusunun çin olduğunu görə-görə sevinməsin, hətta əksinə, onu gözdən salan fikirlər yazsın.

Bu, mənim tanıdığım və döyüş yoluna, siyasi mübarizəsinə, intellektinə hörmətlə yanaşdığım Tofiq Yaqubluya yaraşmır.

Çünki o, az qala Ələkrəm Hümbətovun yolunu gedir. Ələkrəm də bir zamanlar könüllü batalyon təşkil edərək Qarabağda ermənilərə qarşı rəşadətlə döyüşmüşdü, sonra fitnəyə getdi, xəyanət yoluna düşdü, lap axırda ermənilərə qoşuldu, İrəvanda, Xankəndidə ana vətəninə qarşı çıxışlar etdi.

Ona görə də Tofiq Yaqublunun bir yerdə dayanması, daha da uzaqlara getməməsi lazımdır.

O, xalq hərəkatına da, siyasətə də məhz Qarabağı, milləti müdafiə etmək üçün qoşulmuşdu. Budur, Qarabağ davası istədiyimiz nəticə ilə yekunlaşır, buna hamlıqca sevinməli olduğumuz yerdə niyə qarşı çıxaq, nəyə görə düşmənin sözünə, ritorikasına qüvvət verək?

Çox üzücüdür....

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

01 Noyabr 2024

30 Oktyabr 2024

28 Oktyabr 2024

26 Oktyabr 2024

24 Oktyabr 2024

22 Oktyabr 2024

21 Oktyabr 2024

19 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

15 Oktyabr 2024

13 Oktyabr 2024

11 Oktyabr 2024

10 Oktyabr 2024

08 Oktyabr 2024

06 Oktyabr 2024