İnsanlara hürriyət, millətlərə istiqlal!

Bərzaninin Ankara səfərinin SENSASİON DETALLARI - İrana görə Türkiyə və Azərbaycanla...

Bərzani parlament seçkilərindən əvvəl Ankaraya gələrək yalnız təhlükəsizlik və enerji mövzularını müzakirə etməyib.

İraq Kürd Muxtariyyətinin sədri Nəçirvan Bərzani bu həftə Türkiyəyə səfər etdi. Bərzani Ankarada xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəisi İbrahim Kalın və prezident Ərdoğanla görüşdü.

Medianın məlumatına görə, görüşlərdə enerji və regional təhlükəsizlik məsələləri müzakirə edilib. Görüşlərin xarici siyasət və kəşfiyyat rəhbərliyi ilə baş tutması da əsas mövzunun təhlükəsizlik və regional siyasət olduğunu göstərir.

BERZAN .png (1011 KB)

Bu görüşün diqqətçəkən tərəfi iki ildir təxirə salınan kürd muxtariyyəti parlament seçkilərindən dörd gün əvvəl baş tutmasıdır.

Yeri gəlmişkən, Bərzani və Ərdoğan arasında sonuncu dəfə görüş Ərdoğanın bu ilin aprelində İraqa səfəri zamanı baş tutub. Bu səfər zamanı Türkiyə və İraq arasında mühüm razılaşmalar əldə olunub.

Qeyd edək ki, İraqın şimalında kürd administrasiyasında iki əsas siyasi qüvvədən biri olan Bərzanilərin Kürdüstan Demokrat Partiyası ənənəvi olaraq Türkiyə ilə yaxın münasibətdə olub. Cəlal Təlabaninin qurduğu və hazırda oğlu Bafilin rəhbərlik etdiyi Kürdüstan Vətənpərvərlər Partiyası isə daha çox İrana yaxın siyasi qüvvə kimi çıxış edir. Bu mənada Bərzaninin Ankaraya gəlişi həm də yaxınlaşan seçkilərlə əlaqədardır.

Türkiyə artıq 20 ildən çoxdur ki, İraqın şimalı ilə əlaqələrini inkişaf etdirir. Bununla həm İraqda siyasi əlaqələri və təsir dairəsini gücləndirməyi, həm də İraqın şimalında məskunlaşan PKK terror qruplaşmasına qarşı davamlı təzyiq siyasətini davam etdirməyi planlayır. Çünki İraqın şimalında, xüsusən də Qəndil dağları və Sincar düşərgələrində məskunlaşmış PKK Türkiyə üçün hələ də ciddi təhdid olaraq qalır. Xüsusilə, “İnkişaf Yolu” layihəsi üçün PKK-nın şimalı İraqda mövcudluğu təhlükə yaradır. Ankara və Bağdad ehtimal edir ki, gələcəkdə PKK vasitəsilə düşmən qüvvələr bu layihəyə təhlükə törədə bilərlər. Bu səbəbdən də indi Şimali İraq Türkiyə üçün ciddi əhəmiyyət kəsb edir.

KURD.jpg (55 KB)

Şimali İraq Türkiyə üçün həssas bir bölgədir və bu ərazidən gələn terror təhdidi təxminən 100 ilə yaxındır ki, mövcuddur. Bundan başqa, Türkiyə və İraq hökuməti hazırda “İnkişaf Yolu” nəqliyyat dəhlizi layihəsi üzərində işləyir. Bəsrə (Fav) limanı ilə Türkiyəni birləşdirəcək bu dəmir yolu və avtomobil yolundan ibarət dəhliz Şərqi Asiya ilə Avropanı birləşdirəcək ən yaxın marşrutlardan biri hesab olunur. Lakin bu layihənin həm ciddi regional rəqibləri, həm də onların yerli alətləri var. Xüsusilə də, “İnkişaf Yolu”nun İraqın şimalından keçən hissəsi PKK təhlükəsi səbəbindən riskli ərazi hesab olunur. Türkiyə burada PKK-nı sıradan çıxarmaq və layihənin təhlükəsizliyini təmin etmək üçün indi Bağdadla yanaşı kürd administrasiyası ilə də əməkdaşlığı gücləndirir.

Digər tərəfdən, son illərdə İraq mərkəzi hökuməti ilə müəyyən anlaşmazlıqlar səbəbi ilə fəaliyyəti dayandırılmış Kərkük-Yumurtalıq (Adana) boru xəttinin yenidən fəaliyyətə başlaması da Türkiyənin gündəmindədir.

Son illərdə İranla münasibətlərində soyuqluq yaşayan İraq kürd muxtariyyəti Türkiyə və Azərbaycanla yaxınlaşmağa çalışır. Prezident İlham Əliyevlə Bərzani arasında ötən ilin əvvəlində Almaniyada baş tutan görüşdən sonra iyun ayında Bərzani Bakıya səfər edərək yüksək səviyyəli görüşlər keçirib. Həmin vaxt Azərbaycanın Ərbildə konsulluq açacağı ilə bağlı xəbərlər yayılıb. Azərbaycan və Ərbil arasında ticarət dövriyyəsi artmaqdadır. Rəsmi Bakı Bağdadı narazı salmadan kürd muxtariyyəti ilə əlaqələri yaxşı vəziyyətdə saxlamağa çalışır.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

29 Oktyabr 2024

21 Oktyabr 2024

18 Oktyabr 2024

15 Oktyabr 2024

14 Oktyabr 2024

07 Oktyabr 2024

04 Oktyabr 2024

30 Sentyabr 2024

01 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

27 Iyul 2024

17 Iyul 2024

05 Iyul 2024

27 Iyun 2024

16 Iyun 2024

27 Mart 2024

29 Sentyabr 2023