İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayılan Bayden, qolubağlı Tramp, bədnam Kennedi... - bir də Reyqanın desant adaşı DeSantis

ABŞ-da 2024-cü ilin prezident seçkisinə namizəd olaraq qatılanlar 11 nəfərə çatsa da, aydın məsələdir ki, gələn il bu vaxta qədər onlardan 9-u ələnəcək. Axıra iki namizəd qalacaq. ABŞ prezident seçkilərində ənənəvi olaraq iki iddiaçı yarışır.

İndilikdə bu 11 iddiaçının 3-ü Demokratlar Partiyasının üzvüdür, 8-i respublikaçılardandır.

Demokratların əsas namizədi yenə də Baydendir. O, 81 yaşına, yeriyəndə büdrəyib yıxılmasına, danışanda cümləsinin sonunu unutmasına, hərdən xəyali bir kabusa əl uzatmasına, daha dəqiqi, ağıldankəmlik aktları nümayiş etdirməsinə baxmayaraq, hesab edir ki, daha bir müddət də prezident ola bilər.

Partiyadaşları və iqtidar komandasının üzvləri hələlik ona demirlər (bəlkə də deyirlər) ki, cənab Bayden, yaşın o yaş deyil, əslində indinin özündə də səhhətin, fiziki durumun ABŞ kimi superdövləti lazımi qaydada idarə etməyə imkan vermir, istirahətə çəkilsən, yaxşıdır.

Görünür, ABŞ-ı idarə edənlər vaxtilə (1980-ci illərdə) SSRİ-ni idarə edənlərin yoluxduğu xəstəliyə, sona qədər kresloya yapışın qalmaq mərəzinə yoluxub.

41 il əvvəl SSRİ-ni idarə edənlərin yaşı ortalama götürsək, 70 idi və ahıl və xəstə liderlər (Brejnev, Andropov, Çernenko) ali postda növbə ilə bir-birini əvəz etdilər, təxminən hər il biri öldü. Bu estafeti nisbətən gənc olan Qorbaçovun hakimiyyətə gəlməsi pozdu, o da öz siyasəti ilə 3-4 ilə SSRİ-nin dizini yerə gətirdi, 7 ilə qalmadı, sovet imperiyası dağıldı.

İndiki iddiaçıların nüfuzuna, gücünə və ambisiyasına qalsa, belə görünür ki, yarıışma 2024-cü ildə 82 yaşı olacaq Baydenlə 78 yaşlı Tramp arasında gedəcək. Ancaq onlarla bağlı fors-major halların yarana biləcəyi ehtimalı da gündən-günə artır.

Mümkündür ki, bu ilin sonunda, gələn ilin əvvəlində ortaya daha xarizmatik, sevilən və qələbəsi real görünən iddiaçılar çıxsın. İndilikdə onların içində ən parlaq olanı Ronald Dion DeSantisdir. O, 2012, 2014, 2016-cı illərdə Florida ştatından Nümayəndələr Palatasına seçilib. 2018 və 2022-ci illərdə Florida ştatının qubernatoru postunu tutub. ABŞ-da keçmiş konqresmen və qubernatorların sonradan prezident kürsüsünə oturması halları çox olub.

DeSantislə müqayisədə Trampın zamanında vitse-prezident olmuş Maykl Pensin personası olduqca boz görünür. Ona görə ki, prezident Tramp 2017-2021-ci illərdə “harda aş, orda baş” idi, qalmaqallı qərarlar verir, hərəkətlər edir, statuslar yazırdı, bütün günü medianın, ictimaiyyətin diqqət mərkəzindəydi. Pens onun qatı kölgəsində qalır, görünmürdü. Bu gün amerikalılardan soruşsalar ki, Trampın dövründə vitse-prezident kim olub, bəlkə də yarıdan çoxunun ağlına başqa soyadlar gələr, nəinki Pens.

ABSH-prezidentliye-iddiacilar.jpg (87 KB)

Gələn xəbərlərdə qeyd olunur ki, Konqresin yuxarı palatası olan Senatın üzvü Tim Skott, Arkanzas ştatının sabiq qubernatoru Asa Xatçinson, sahibkar, yazıçı Vivek Ramasvami, jurnalist Larri Elder də prezident olmaq istəyirlər. Amma onların iddiası elə iddia olaraq da qalacaq və ilk ələmələrdə sıradan çıxacaqlar.

Baydenlə yanaşı, Demokratlar Partiyasından prezident postuna iddia edənlərin biri (Marianna Uilyamson) çox məşhur olmasa da, o birinin (hüquqşünas, yazıçı Robert Frensis Kennedi) nəsil şəcərəsini bütün Amerika, eləcə də dünya tanıyır. Babası səfir və nazir, əmisi prezident, atası baş prokuror, daha bir əmisi senator olan Robert Kennedi gəncliyində o qədər səhvlər (avaralıqdan narkotik aludəçiliyinə qədər) buraxıb, elə qeyri-ciddi hərəkətlər edib ki, onun ABŞ prezidenti olmaq ehtimalı minimaldır. Adam “oddan kül törəyər” məsəlinin bariz nümunəsidir.

Prezidentliyə 11 namizəd irəli sürülməsinə baxmayaraq, gələn il seçki bülletenlərinə hansı siyasətçilərin adının daxil ediləcəyi çox qeyri-müəyyəndir. Yuxarıda dediyimiz kimi, sağlıq problemi olan yaşlılar və Femida ilə problem yaşayan Tramp seçkidən kənarda qala bilər. Sonuncuya qarşı irəli sürülmüş cinayət ittihamları eks-prezidentin qolunu xeyli dərəcədə bağlayıb, amma o hikkəsini hələ də sürdürür.

Əslində Trampın 2016-cı il kampaniyasında prezident seçilməsi də gözlənilməz olmuşdu, siyasi elitada dövlət təhlükəsizliyinə, eləcə də demokratik prinsiplərə təhlükə hesab edilmişdi.

2017-ci ilin yanvarında Tramp tərəfdarlarının Konresə hücumu göstərdi ki, bu şəxs demokratiya üçün gerçək təhlükə kəsb edir və hakimiyyəti əlində saxlamaq üçün hər şeyə hazırdır. Sadəcə, ABŞ-ın inkişaf etmiş demokratiyası, hakimiyyətin dinc ötürülməsi mexanizminin işləkliyi, hakimiyyət qollarının dürüst bölünməsi, hüquq-mühafizə orqanlarının hakimiyytətdə olan şəxsə yox, qanunlara tabe olması ABŞ tarixinin ilk dövlət çevrilişinin qarşısını aldı.

İndi belə bir adamı yenidən dövlət idarəçiliyinə buraxmamaq üçün, güman ki, bütün hüquqi və siyasi addımlar atılacaq.

Bir sözlə, indilikdə prezidentliyə namizədlərin ən güclüsü Ronald DeSantisdir. Onun 44 yaşı var. Milliyyətcə italyandır. Hərbi ixtisasına görə dəniz desantıdır. Yal və Harvard universitetlərini bitirib, Quantanamoda və İraqda hərbi xidmət keçib.

Görək, 41 il öncə adaşı Reyqan hakimiyyətə gələndə 3 yaşı olan DeSantis respublikaçılara qələbə sevinci yaşada biləcəkmi?

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

01 Noyabr 2024

30 Oktyabr 2024

28 Oktyabr 2024

26 Oktyabr 2024

24 Oktyabr 2024

22 Oktyabr 2024

21 Oktyabr 2024

19 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

15 Oktyabr 2024

13 Oktyabr 2024

11 Oktyabr 2024

10 Oktyabr 2024

08 Oktyabr 2024

06 Oktyabr 2024