İnsanlara hürriyət, millətlərə istiqlal!

“Avroviziya”nın finalına niyə keçə bilmədik? – Şuşada səslənən “Bayatı-Şiraz” Malmödə səs almazdı

13 il öncə bu günlər “Avroviziya” mahnı müsabiqəsində qalib gəlmiş, birinci olmuş, bütün Avropaya səs salmışdıq.

Bu ilki yarışmada müsabiqənin final mərhələsinə keçə bilmədik.

Sənət baxımından götürsək, İlkin Dövlətov və Fəxrinin təqdim etdiyi musiqi parçası Nigar və Eldarın 13 il əvvəlki ifasından heç də geri qalmırdı. Ürəyə yatan mahnı idi, içində Şərq və Qərb musiqisinin komponentlərinin sintezi vardı, oğlanlar da normal davranışlı, görünüşlü idilər.

Amma bu ifa heç olmasa ilk 7-liyə, 20-liyə daxil olmadı.

“Bu adi bir musiqi yarışmasıdır” deyə küçümsəməyə ehtiyac yoxdur. “Avroviziya” mühüm mədəniyyət və incəsənət hadisəsidir: Avropa ölkələri bu yarışmada can-başla iştirak edirlər. Yarışmanın təkcə yarımfinal və final hissəsi üç gün davam edir, iki həftə öncədən on minlərlə insan müsabiqənin keçirələcəyi yerə axışır. Yarışma özü 50 civarında ölkəyə birbaşa translyasiya edilir. Yəni bu, adi konsert deyil.

“Avroviziya”nın siyasi yarışma olduğunu deyənlər 13 il əvvəl də haqlıydılar, indi də haqlıdırlar. Son 20 ildə bu yarışma siyasiləşə-siyasiləşə gedir. Bir şey ki, iştirakçıların təqdimatları mütləq ölkələrin bayraqları ilə müşayiət olunur, kimin neçənci yerdə olması dövlətin adı və bayrağı ilə göstərilir, başqa sözə nə ehtiyac var? Dövlətin adı və bayrağı olan hər yerdə siyasət var.

Sadəcə, son 10 ildə siyasi konyuktura yarışmanın nəticələrinə açıq-aydın təsir edir. Məsələn, Rusiya Ukraynaya hərbi təcavüz edəndən sonra Ukrayna iki dəfə bu yarışmanı qazanıb – birinci dəfə Krımın və Donbasın işğal olunduğu zaman, ikinci dəfə Rusiya Ukraynada qanlı müharibəyə başladığı zaman. Bu, Avropanın Rusiyaya “mədəni-siyasi cavab”ı idi. Hələ onu da nəzərə alaq ki, birinci dəfə Rusiya təmsilçisi Sergey Lazarevin ifası yarışmanın ən yaddaqalan, hit mahnısıydı, çox da səs almışdı, amma ikinci yerə qoydular.

13 il əvvəl biz “Avroviziya”da qalib gələndə Avropada daha çox sevilirdik. Reklama, təbliğata yaxşı pul xərcləmişdik, Bakı avropalıların ən çox ziyarət etdikləri, yaxşı qarşılandıqları, razı getdikləri şəhər idi. Başqa ölkələrdə də ümumilikdə Azərbaycanın təbliğatı yaxşı aparılırdı və bunun nəticəsi özünü “Avroviziya”nın finalında göstərdi.

Ancaq bu yarışmanı qazanmaq bizə çox baha başa gəldi – həm siyasi, həm maddi, həm də bütün planlarda. Rusiya və İran bu qələbəmizə görə olduqca narazı qalmışdı. Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarıyla görüşdə Azərbaycanın Rusiya təmsilçisinə az xal verməsinə görə açıq-aşkar narazılığını bildirmişdi. İranın məscidlərində axundlar bu məsələni cümə xütbəsinin mətninə salmışdılar, düz bir il boyunca təbliğat apardılar ki, Bakıda gey-parad keçiriləcək, din-iman əldən gedəcək.

Heç təmsilçilərimizə səs verərək birinci edən Avropa ölkələrinin mediası da dinc durmadı. Yüzlərlə jurnalist, reportyor, operator Bakıya axışdı, ciddi-cəhdlə sübut etmək istəyirdilər ki, Azərbaycan Avropaya layiq ölkə deyil, orada siyasi problemlər var, şəhərin arxa məhəllələri mərkəz küçələr kimi deyil, Bakı Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə qarşıdır (yəni Qarabağı Ermənistana vermək istəmir) və sair və ilaxır.

Bütün bunlar göstərirdi ki, “Avroviziya” gerçəkdən də siyasi yarışmadır. Müsabiqənin keçirildiyi günlərdə Bakıda nəqliyyatın intensivliyi ilə bağlı yaranan duruma, ümumi gərginliyə, vur-həşirə görə ölkədə hasil olan ictimai qənaət bundan ibarət idi ki, bir daha “Avroviziya”da qalib gəlmək lazım deyil.

Gerçəkdən də son 13 ildə Azərbaycan heç vaxt bu yarışı udmaq üçün nə böyük əziyyət, nə də külli miqdarda xərc çəkdi. Biz sadəcə normal şəkildə yarışmaya iştriakçı göndərmişik, o qalib gəlməyəndə isə üzülməmişik.

Bir az orası pisdir ki, son illərdə finala keçə bilmirik. Onun da səbəbi, yuxarıda dediyimiz kimi, siyasətlə bağlıdır. Hələ 4-5 il bundan sonra elə də olacaq.

Nə qədər ki, “Bayatı-Şiraz”ımız Şuşada, Xankəndidə səslənir, bizə Malmödə, Liverpulda, Marseldə, Milanda, Berlində səs verməyəcəklər.

Qarabağın işğaldan azad olunması avropalılara bərk yer eləyib. Hələ yaxşı ki, Rusiya kimi, biz də yarışmadan kənarlaşdırmayıblar.

Ancaq bizə nə lazımdır? Bizə yeniyetmələrimizin Kəlbəcərdə, Laçında, Qubadlıda, Zəngilanda, Ağdamda, Cəbrayəlda, Füzulidə qoyun-quzu otara-otara əllərini qulaqlarının dibinə atıb oxumaları, o torpaqlarda azad yaşamaları lazımdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

01 Noyabr 2024

30 Oktyabr 2024

28 Oktyabr 2024

26 Oktyabr 2024

24 Oktyabr 2024

22 Oktyabr 2024

21 Oktyabr 2024

19 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

15 Oktyabr 2024

13 Oktyabr 2024

11 Oktyabr 2024

10 Oktyabr 2024

08 Oktyabr 2024

06 Oktyabr 2024