Onlayn ictimai-siyasi qəzet
Avropanın üstqurum təşkilatlarının, eləcə də aparıcı dövlətlərinin Azərbaycana qarşı birdən-birə kükrəmiş qəzəbinin səbəbi bir deyil. Heç iki də deyil. Bir neçədir.
Biz bu hikkəli münasibətin ərazi bütövlüyümüzü, Qarabağ üzərində yirisdiksiyamızı bərpa edərkən erməni sakinlərin regionu kütləvi şəkildə tərk etmələri səbəbi ilə yarandığını düşünərkən bir az yanılırıq. Bu, səbəblərdən yalnız biridir.
Avropalıların bizə qarşı hiddəti heç ölkəmizdə insan haqları, demokratik prinsiplər, azad seçki mühitinə dair problemlər üzündən də deyil. Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun gəlməməsi vaqiələri, insan haqları xüsusunda bundan qat-qat artıq problemlər yaranması halları çox olub, amma Avropa birlikləri sadəcə “narahat olub”, quru bəyanatlar veriblər. Belə zamanlarda Avropanın böyük dövlətlərinin heç tükü də tərpənmirdi, ölkəmizlə karbohidrogen resurslarının istismarı sahəsində ard-arda müqavilələr imzalayırdılar. Dəvətlər, səfərlər, iltifatlar, mükafatlar da öz yerində.
Avropalı deputatların, eləcə də ayrı-ayrı dövlətlərin rəsmi şəxslərinin bizə qəzəbnak olmalarının bir tutarlı səbəbi də var.
Bu da onların Rusiya ilə apardıqları müharibəyə Azərbaycanı bu və ya digər şəkildə cəlb edə bilməmələri üzündəndir. Azərbaycan Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmur, Rusiyaya arxadan xəncər saplamaq anlamı daşıyan hərəkətlər etmir.
Avropanın uzun illər Ermənistanı Rusiyadan aralamaq cəhdi, nəhayət, baş tutub, amma hələ 1994-cü ildən, “Əsrin müqaviləsi” imzalanan vaxtdan üzünü Avropaya tutan, Rusiya ilə bəlli ara məsafəsi saxlayan Azərbaycan elə olduğu yerdədir, Moskvadan tam üz döndərmək, Avropaya tam sığınmaq fikri yoxdur.
Maraqlıdır, Azərbaycanın siyasi qüvvələrinin (iqtidarlı-müxalifətli) Avropayönümlü siyasət yeritdiyi illərdə Ermənistan özünü Rusiyanın federal subyektlərindən biri kimi aparırdı, amma həmin vaxt Qərb dünyası İrəvana qəzəblənmirdi, əksinə, onun durumuna anlayışla yanaşır, erməniləri yavaş-yavaş “bişirirdilər”.
ABŞ və Avropa bir ara Gürcüstanı da Rusiyadan ayırmaq, öz yanlarına çəkmək xətti yeritdi, xeyli dərəcədə buna nail də oldu. Amma Rusiya Gürcüstanın ondan qopmasına bu ölkənin iki bölgəsini qoparmaqla cavab verdi. Artıq bir dəfə ağzı yanmış Gürcüstan suyu üfürə-üfürə içir. Bu ölkə nə Rusiya ilə yaxınlaşa bilir, nə də ondan tamamilə üz döndərərək Avropa dövləti ola bilər. 8 avqust 2008-ci il müharibəsi gürcülərin gözünü tamam qırıb. Onlar həmin vaxt Qərbin etibarına, “rus ayısı”nın caynağına yaxşı bələd olublar.
İndi Cənubi Qafqazda Rusiya ilə münasibəti normal olan bircə ölkə var: Azərbaycan. Bu da Qərbə xoş gəlmir və bizi Rusiyanın müttəfiqi kimi görür.
Üstəlik, Azərbaycan Avropa dövlətlərinin xor gördüyü başqa bir dövlətlə - Türkiyə ilə də müttəfiqdir.
Bu baxımdan hələ uzun illər öncə Türkiyənin Avropa İttifaqına üzv olmayacağına imkan verməyəcəkləri barədə söz verən, az qala and içən iki ölkənin - Almaniya və Fransanın bu gün Azərbaycana qarşı sərt mövqe tutması təsadüfi deyil. Azərbaycan onların sevmədiyi iki ölkənin müttəfiqidir, ikisi ilə də yaxşı münasibəti var, demək, onların səfindədir – düşüncə budur.
Erməni məsələsi, sadəcə, bardağı daşırdan damladır, tutarlı səbəb-bəhanədir.
Ermənilər bir neçə günün içində görünməmiş bir səfərbərliklə yığışıb, elliklə Azərbaycandan köçəndə əsas niyyətləri heç də canlarını sağ-salamat qurtarmaq deyildi. Onları belə bir təhlükə gözləmirdi. Ermənilərin əsas məqsədi köç kampaniyasının beynəlxalq arenada “deportasiya”, “məcburi köçürülmə” kimi qeydə alınması, böyük dövlətlərin onların havadarına çevrilməsiydi. Ermənilər bu məqsədlərinə müəyyən qədər çatıblar. Artıq Avropa Şurası, digər Avropa təşkilatları tutduğunu buraxmayan kor kimi eyni arqumentdən yapışıblar və “cavab haqqı” deyilən qaydaya, “məcburi köçürülmə”nin detallarını göstərən yüzlərlə video və fotomateriallara məhəl qoymadan dediklərini deyirlər.
Biz bu saatdan sonra Avropanın əsassız tələblərini, arzu və istəklərini yerinə yetirə bilmərik. Yəni, avropalıların xətri xoş olsun deyə Türkiyə və Rusiya ilə müttəfiqliyimizə xələl gətirmək absurd olar. Eləcə də erməniləri təzədən ellikcə Qarabağa qaytarıb, hələ bir onlara status bəxş etməyimiz mümkün deyil. 190 illik problemi həll etmişkən, bir də başımızı dərdə salmamalıyıq.
Amma insan haqları xüsusunda müəyyən addımlar atmaq, Avropanın bu bəhanəsini əlindən almaq olar və bu, zənnimcə, faydalı olar. Məsələn, həbs edilmiş siyasət adamlarını və jurnalistləri azad etmək, onların günahı varsa da, ləngitmədən mühakimə edərək, şərti azadlığa buraxmaq mümkündür. Bunun faydası ziyanından çox ola bilər.
23 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
01 Noyabr 2024
30 Oktyabr 2024
28 Oktyabr 2024
26 Oktyabr 2024
24 Oktyabr 2024
22 Oktyabr 2024
21 Oktyabr 2024
19 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
13 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
08 Oktyabr 2024
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ