Onlayn ictimai-siyasi qəzet
30 il öncə bu gün Azərbaycan növbəti təlatümlü günlərini yaşayırdı.
Ölkə növbəti hərbi qiyam cəhdi ilə üzləşmişdi. Bu, son 4 ildə dördüncü belə cəhd idi.
1992, 1993, 1994-cü illərdə hakimiyyətin silah gücünə dəyişdirilməsi cəhdləri olmuş, ilk ikisi baş tutmuş, üçüncüsü fiaskoya uğramışdı, dördüncüsü isə kifayət qədər ciddi təşəbbüs idi.
Əslində 1992-ci ilin mayında baş verən üsyan və hakimiyyət dəyişikliyi ilə bağlı vəziyyət mübahisəlidir. Çünki ondan bir gün əvvəl, mayın 14-də eks-prezident Ayaz Mütəllibov saray çevrilişi nəticəsində hakimiyyətə qayıtmağa çalışmışdı, dönəmin ən güclü siyasi təşkilatı olan AXC isə onun qarşısını silahlı hərbi birləşmənin dəstək verdiyi xalq üsyanı ilə almışdı.
Hər necə olsa da, bu, hakimiyyətin dinc mexanizmlərlə ötürülməsi deyildi. Mütəllibovçular bunu hələ də çevriliş adlandırırlar, amma fakt budur ki, həmin vaxt döyüş, qan-qada, itki olmamışdı.
1993-cü ilin iyununda Gəncədən başlayan və yavaş-yavaş ölkənin başqa rayonlarına da yayılan, qətliamla müşayiət olunan hərbi qiyam haqqında çox yazılıb, təkrara lüzum yoxdur. Sadəcə, onu qeyd edək ki, bu hadisələr baş qiyamçı Surət Hüseynovun baş nazir postunu ələ keçirməsi ilə nəticələndi.
Ondan 1 il 4 ay sonra uğursuz baş nazir yenidən qiyam cəhdi etmək istərkən, böyük dövlət vəzifəsi tutmasına, hakimiyyətdə və hərbi sferada tərəfdarlar korpusuna malik olmasına baxmayaraq, elə startdaca məğlub edildi. Onun ikinci qiyamı özü və tərəfdarları üçün acınacaqlı sonluqla bitdi, ölən öldü, tutulan tutuldu, Surət özü və bəzi adamları ölkədən qaçası oldu. Bir müddətdən sonra onu və o biri qiyamçıları qolubağlı şəkildə Rusiyadan alınıb ölkəyə gətirdilər. Surət uzun illər həbs həyatı yaşadı.
1995-ci ilin martı ayının ikinci ongünlüyündə Qazaxda başlayan və həmin ayın bu günü Bakıda məğlubiyyətlə bitən dördüncü qiyamın da sonu atışma ilə bitdi. Tarixdə "OMON-çuların qiyamı" kimi yer almış hərbi itaətsizliyin rəhbəri Rövşən Cavadov və bəzi qiyamçılar atışma zamanı həlak oldular, xeyli adam həbs olundu.
Bununla da bir hərbi birləşmənin siyasi hakimiyyətdən incik düşdüyü halda hakimiyyəti silahlı yolla dəyişməsi ənənəsinə son qoyuldu.
Yoxsa dövlət müstəqilliyini yenicə bərpa etmiş, onu yıxıla-dura birtəhər möhkəmlətmək istəyən ölkə dünyada “banan ölkələri”ndən də pis reputasiya qazanmaqda idi. 4 ildə 4 hərbi çevriliş cəhdi nə demək idi?
Bu məsələdə eks-prezident Heydər Əliyevin ekstremal situasiyada qətiyyətli davranışı ilə yanaşı, həm 1994-cü, həm də 1995-ci illərdə baş verən qiyam cəhdlərində ölkədəki siyasi partiyaların səbatlılığını da qeyd etmək lazımdır.
1993-cü ildəki qiyamdan fərqli olaraq, sonrakı qiyamlarda siyasi partiyalar qiyamçılara hər hansı dəstək vermədilər, onların xeyrinə söz danışmadılar, qiyamçıların “haqq-ədalət üçün ayağa qalxdıqları” barədə bəyanat yaymadılar.
Bu çox önəmli idi. Əgər 1994-cü və 1995-ci ildəki qiyamların hansısa biri baş tutsaydı, o zaman ölkə geri dönüşü olmayan pis yola düşəcəkdi və ən pis ssenarilər gerçəkləşəcəkdi.
Çünki hakimiyyətə iddia edən şəxslərin idarəçilik qabiliyyəti yun zavodu və ya bir polku idarə etməkdən o yana deyildi. Surət Hüseynovun adi bir məntiqli cümlə qurub başa çatdırmaq qabiliyyəti yoxkən, söhbətin nədən getdiyini bilməzkən, dövləti idarə etməsini təsəvvür edin.
Rövşən Cavadov isə ona nisbətən daha savadlı olsa da, ölkədəki siyasi xadimləri, xalq hərəkatının liderlərini qətiyyən qəbul etmirdi və hakimiyyətə yiyələnəcəyi halda yəqin ki, siyasi partiyaları qapadacaq, öz hərbi diktaturasını elan edəcəkdi.
Bu, Yuli Sezardan üzü bəri yüz dəfələrlə təkrarlanan, siyasi terminologiyada isə “bonopartizm” adlanan trenddir. Mahiyyəti də budur: müharibədə müəyyən uğur və şöhrət qazanan, necə deyərlər, adı qulağına dəyən komandan bundan və arxasındakı gücdən istifadə edərək hakimiyyəti götürür və diktatura yaradır.
Vaxtilə Avropada, 20-ci əsrdə isə Asiyada, Afrikada, Latın Amerikası ölkələrində onlarla general və polkovnik bu kimi çevrilişlər törədib hakimiyyətə gəliblər. Daha sonra ortaya yeni bir “Bonopart” çıxıb və onları devirib.
Bu, demokratiyaya keçid dövrü yaşayan ölkələr üçün çıxılmaz dalan deməkdir.
10 Oktyabr 2025
08 Oktyabr 2025
06 Oktyabr 2025
04 Oktyabr 2025
01 Oktyabr 2025
29 Sentyabr 2025
26 Sentyabr 2025
24 Sentyabr 2025
22 Sentyabr 2025
21 Sentyabr 2025
19 Sentyabr 2025
18 Sentyabr 2025
16 Sentyabr 2025
14 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025
09 Sentyabr 2025
07 Sentyabr 2025
06 Sentyabr 2025
04 Sentyabr 2025
02 Sentyabr 2025
31 Avqust 2025
29 Avqust 2025
27 Avqust 2025
11:00 Dördüncü Mirzənin xidməti – 70 il öncə ana dili təəssübü çəkən yazıçının savaşı yenə aktualdır
25 Avqust 2025
23 Avqust 2025
21 Avqust 2025
19 Avqust 2025
17 Avqust 2025
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ