Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Federal Ticarət Komissiyası (FTC) "Meta" korporasiyasına qarşı inhisarçılıq iddiası ilə bağlı işi 30 milyard dollar təzminatla məhkəmədən kənar həll etməyi təklif edibmiş.
Musavat.com "Wall Street Journal"a (WSJ) istinadən xəbər verir ki, "Meta" şirkətinin rəhbəri Mark Zukerberq məbləği ödəməkdən imtina edərək martın sonunda iddiadan imtina olunması üçün 450 milyon dollar təklif edib.
WSJ-nin yazdığına görə, Zukerberq Federal Ticarət Komissiyası ilə mübahisədə ABŞ prezidenti Donald Trampın dəstəyinə ümid edirdi. Onun korporasiyası daha əvvəl Trampın andiçmə mərasiminə 1 milyon dollar bağışlamışdı. Bundan əlavə, "Meta" 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdan sonra "Facebook" və "Instagram"da səhifələrinin bloklanmasına görə Amerika prezidentinə 25 milyon dollar ödəməyə razılaşıb.
Lakin belə görünür ki, Tramp köhnə düşmənini bağışlamayıb. Belə ki, FTC rəhbəri Endryu Ferqyuson Zukerberqin təklifi ilə razılaşmayıb və nəticədə Kolumbiya dairəsinin məhkəməsi "Meta"ya qarşı iddiaya baxmağa başlayıb. Aprelin 14 və 15-də Zukerberq məhkəmədə ifadə verib.
FTC "Facebook"un sahibi olan korporasiyanı sosial media bazarında rəqabəti aradan qaldırmaq üçün 2012-ci ildə Instagram və 2014-cü ildə "WhatsApp"ı əldə etməkdə ittiham edir. Agentlik "Meta"nı bu xidmətləri yenidən qurmağa və ya satmağa məcbur etmək niyyətindədir.
Musavat.com
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ