İnsanlara hürriyət, millətlərə istiqlal!

Ziyalı mənəvi statusdur, bu günün ziyalısı isə....

Ötən həftə Azərbaycan Yazıçılar Birliyinin qurultayından sonra yaşananlar çox güman ki, zaman-zaman xatırlanacaq. Əslində, bu gün medianın müzakirə mövzusu AYB sədrinin yeni dönəm üçün planları, hədəfləri və s. olmalı idi. Lakin cəmiyyətin qurultaydan xatırlayacağı xalq yazıçısı Çingiz Abdullayevin media nümayəndəsinə aqressiv və təhqiredici cavabı oldu.

Yazıçı dövlət büdcəsindən formalaşan vəsaitin təyinatı üzrə xərclənib-xərclənmədiyini öyrənməyə çalışan jurnalisti “Özün ölmürsən utanmığdan?” kimi azərbaycanca sözlərdən ibarət olsa da, anlaşılmayan cümlə ilə cavab verir. Və növbəti dəfə cəmiyyət sual qarşısında qalır. Mənim ziyalım bu cür davranırsa, başqasından nə gözləyim? Başqa yolu var idimi? Vardı. Ziyalı çəkilişi dayandırar (ya da dayandırmayaraq), oğlu yaşında gənc müxbirə “oğlum, o sualı elə yox, belə ver, daha yaxşı olar” deyə tövsiyə edə bilərdi. Əslində, 203 min vəsaitin hara və necə xərcləndiyini bu məsələ üzə çıxan kimi açıqlasaydı, saatlarla çəkən qurultaydan yorğun çıxanda bu sualla qarşılaşmazdı bəlkə də, amma olan-olub, keçən-keçib. Kimdir ziyalı? Kimə ziyalı demək olar?

Jurnalist Jalə Mütəllimova hesab edir ki, ziyalı mənəvi statusdur:

1664802785_0001 (2).jpg (37 KB)

“Ali məktəb bitirən, elmi dərəcəsi, rütbəsi olan insan deyil. Həyat akademiyasını keçib ictimai yükü olan insanlar ziyalı insanlardır. İctimai xadimdir ziyalı. Çox təəssüflə qeyd edəcəyəm ki, son 30 il ərzində ziyalıların yetişdirilməsi və tanınması məsələsində ciddi boşluqlarımız olub və bu boşluqları kim gəldi doldurub. Diqqətlə müşahidə etsək, görərik ki, təkcə siyasi müstəvidə yox, həm də ictimai, sosial müstəvidə ədalətliliyin bərpa olunması xətti götürülüb. Dövlət ağır və ağrılı prosesindən ustalıqla gəlməyə çalışır. Hətta təyinatlarda sınaq müddəti olur. Özlərini doğrultmayanların yeri dəyişdirilir və ya başqa çıxış yolu tapılır. Hər halda proses artıq başlayıb. Meydanın boş qalması təkcə ziyalıların məsələsi deyil. Özü öz piarı ilə məşğul olmuş populist şəxsləri danışdırdığımız, ictimai rəyə ziyalıları cəlb etmədiyimiz müddətdə bundan daha ağrılı situasiyalarla rastlaşacağıq. Çünki ziyalılar yaşlanır. Ziyalı artıq kütlənin ayağının altında qalmaq həddinə çatıb.

Ziyalı səviyyəsini, davranışını qoruyan şəxsiyyətdir. Bugünkü müzakirələr prosesində, ideoloji işimizi möhkəm tutmalı olduğumuz zamanda naxoş mənzərə yaranıb. Nədənsə Azərbaycanda ziyalı ağır yeriyən, hündürboy və əzəmətli kişi obrazında təsəvvür edilir. Prezidentin son çıxışlarından birində çox gözəl bir element var-milli dəyərlərlə müasir standartlarla, yəni sən milli dəyərlərini qoruyacaqsan, müasirliyin də təbliğatına çevriləcəksən, dövlət maraqlarını, milli maraqlarını hər şeyin önündə olacaq. Birinci vitse-prezident Mehriban Əliyevanın geyim tərzində mütləq milli ornamentə rast gəlirik. Yəni bu bir növ milli ənənələrlə müasir gələcək qurmağın mesajıdır. Azərbaycanın bu gün də və gələcəkdə də ziyalısı bu meyarların daşıyıcı olmalıdır”.

Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev də vaxtilə bu mövzuda məqalə yazmışdı:

“Uşaqlığımdan bir epizod gözümün qabağına gəlir. Atam mənə küçədən keçən çox qoca bir kişini göstərdi. Bu kişi köhnə filmlərdəki kimi kostyum geyinmişdi və onun davranışında nə isə onu başqalarından fərqləndirirdi. “Bu məşhur intelligentdi”-atam dedi. Atam «ziyalı» yox, məhz “intelligent” sözünü işlətdi. “O olmasın, bu olsun” librettosundan bir replikanı da xatırlatmaq istərdim: “İntelligent ola-ola savaşırsan”. İttiham kimi. Məhz o illərdə bu gün Azərbaycan ziyalısı adlandırdığımız anlayış formalaşırdı.

Hər hansı bir toplumun mövcud olmasının başlıca şərti onun özünü bir toplum kimi dərk etməsidir. Yəni adamların bir qismi mənsub olduğu təbəqənin cəmiyyətdə tutduğu yeri dərk edib, başqa təbəqələrdən fərqi görüb və bu fərqi bir dəyər kimi yaşayıb.

Bunu bir dəyər kimi duymaq üçün zahiri əlamətlər də vacibdir: həyat tərzi, geyim, nitq, davranış. Ziyalı istəyirdi ki, onu zahirən də dərhal tanısınlar: bu, ziyalıdır. Mən ziyalıyam. Bu anlayış o qədər də çoxdan yox, təxminən bir əsr öncə yaranıb. Cəmiyyətdə həmişə mövcud olan adamlar, nəhayət, bir ictimai qrupda birləşib.

Alimlər, yazıçılar, incəsənət xadimləri həmişə olub. Lakin ziyalı nə isə başqa bir şeydir. Bu, cəmiyyətin taleyi sarıdan həyəcan keçirən, tarixin gedişatından narahat olan, xalqın, dövlətin, ölkənin maraqları ilə yaşayan insanların peyda olmasıdır. Xüsusi dünyaduyumunun formalaşmasıdır. Bu duyğunun daşıyıcısı bütün məsələlərə praqmatik, hərbi-siyasi maraqlardan yox, özünün fərdi inamından, vicdanından yanaşıb. Bu zaman başqa bir xüsusiyyət – savadlılıq və qabaqcıl Qərb təcrübəsinə açıqlıq da özünü büruzə verib.

Ziyalı fəaliyyətinin əsas xüsusiyyətləri elmi tədqiqatlara analiz və elmi həqiqətləri axtarmaq yoluyla, ictimai məsələlərə vicdana və hüquqa əsaslanmaqla, bədii məhsullara tərbiyəli zövqlə yanaşmaqdan ibarətdir.

Məhz bu zaman xalqa da bir münasibət formalaşır. Bu münasibət xalqın elədiyinə yox, xalqın arzuladığına əsaslanır.

Cəmiyyətin ictimai-mədəni əlamətlərinin bir-birinə qarışması nəticəsində xüsusən ziyalıya xas olan zahiri görkəm və davranış, danışıq tərzi gözümüzün qabağında yoxa çıxır. Ziyalı sanki kütlənin içində əriyib gedib. O da öz davranışını cəmiyyətdə yayılan normalara uyğunlaşdırır.

Bu həm də xalq adlandırdığımız anlayışın görkəminin dəyişməsi ilə bağlıdır. Məlum olduğu kimi, son vaxtlar əhalinin məhsul istehsal edən hissəsi azalıb, alverlə, xidmət işləri ilə, pul dövriyyəsi ilə məşğul olan hissə isə kəskin şəkildə artıb.

Mədəni-tarixi mənada əhalinin yalnız birinci hissəsi xalq adlana bilər. Gündəlik əməklə məşğul olan bu hissə digərlərindən daha az, səthi əlaqələrə cəlb olunur və milli-tarixi orqanizmin əsaslarını digərlərdən daha çox qoruyub saxlayır. İkinci hissənin həddən artıq artması millətin xalq komponentinin zəifləməsi deməkdir. Belə bir görkəmdə olan xalqın və ziyalıların qarşılıqlı münasibətləri onların hər ikisində özünüidentifikasiyanın itirilməsinə gətirib çıxarır.

Ziyalı heç vaxt varlı olmayıb və istər cəmiyyət, istərsə də ziyalının özü buna həmişə ziyalılığın bir əlaməti kimi baxıb. Bu gün isə bu, bir nöqsan kimi qəbul olunur. Ziyalılığın nüvəsində mənəvi olanı maddi olandan üstün tutmaq dayanır və mənəvi olanı həmişə üstün tutan ziyalı öz ziyalılığını bəzi dövrlərdə onun əqli əməyinin məhsulunun qiymətləndirilməsi sayəsində, bəzi dövrlərdə isə öz tələbatlarını azaltmaq hesabına qoruyub. Bu gün isə bazar iqtisadiyyatının xüsusi postsovet variantı qiymətləri Avropa standartları səviyyəsinə gətirir və xüsusi ziyalı təfəkkürü qiymətlərlə gəlirlər arasında yaranmış bu fərqin öhdəsindən gələ bilmir. Bunun öhdəsindən gələ bilmək üçün ziyalı anlayışı ilə üst-üstə düşməyən fəaliyyət tələb olunur. Ziyalı üçün əsas olan normalar-elmi tədqiqatları analiz və elmi həqiqətləri axtarmaq yoluyla aparmaq, ictimai məsələlərdə vicdana və hüquqa əsaslanmaq, bədii məhsullara tərbiyəli zövqlə yanaşmaq-zəmanənin düzəlişlərinə məruz qalır. Təbiətən ziyalı olan həkim ağrıdan qıvrılan adama pul verməyənə qədər iynə vurmur, orta məktəb müəllimi valideyni uşağa pulla müəllim tutmağın vacibliyinə inandırır və pulla tutulası həmin müəllim elə onun özüdür… Bu gün bu səhnələr artıq heç kimi təəccübləndirmir. Zaman artıq ziyalıdan dövrün əxlaqi mahiyyətinə ciddi qiymət verməyi yox, dövrün maddi fəaliyyətində, maliyyə işlərində iştirak etməyi tələb etməyə başlayıb.
Zaman amansızcasına yalnız onun özünə lazım olan təbəqələri seçir. Və ziyalıların bir qismi zamandan qıraqda qalmağa qorxur. Zamanın içində qalmaq isə ziyalılığın itirilməsi hesabına başa gəlir.

 Bugünkü ziyalı hər şeydən əvvəl öz adını qorumaq uğrunda mübarizə aparır. Onun başlıca vəzifəsi ondan ibarətdir ki, cəmiyyət ziyalılığı lazımsız bir şey kimi qəbul etməsin. O öz tarixi varlığının ömrünü uzatmalıdır. O yeni sivilizasiya ilə özünün bir araya sığışdığını sübuta yetirməlidir.

Onun ömrünü nə uzada bilər?

Ziyalılıq ictimai təbəqə, hətta mədəni-psixoloji tip də deyil. Bu, əslində bizim tarixi əhval-ruhiyyəmizdir. Ziyalılıq bizim ətraf dünya ilə razılaşmamağımızın nəticəsində yaranır.

Ziyalı həmişə vasitəçidir - özününkülərlə yadlar arasında, nə o qədər özününkü, nə də o qədər yad olan hökumətlə xalq arasında, keçib getməkdə olan tarixlə indi-indi yaranan tarix arasında bir vasitəçi. Ziyalılıq özü bu cür vasitəçiliyə olan tələbatdan yaranıb.

Ziyalılıq dünyalar arasında dialoq pəncərəsidir. Bu pəncərələrdən həmişə yel çəkir, ona görə də ziyalının yeri həmişə narahatdır. Ziyalılıq daima sərhədlərin pozulması hissiyatıdır. Ziyalı açıq təbəqədir. Prinsipcə hər adam ziyalı ola bilər. Bu, mənəvi seçim məsələsidir. Ətraf dünya ilə razılaşmayan insanlar həmişə olacaq. Və gələcəkdə ziyalı təbəqəsi məhz bu cür təfəkkürü olan adamların hesabına özünü yaşadacaq”.

Nigar Həsənli,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR