Onlayn ictimai-siyasi qəzet
Ermənipərəst rusiyalı analitikin mövqeyi təxribat kimi qiymətləndirilir
Suriyada 61 illik qaniçən Əsəd rejiminin süqutu ilə İranın xeyli zəifləməsi və strateji məğlubiyyəti fonunda Zəngəzur dəhlizi ilə bağlı ən müxtəlif versiyalar, iddialar səslənməkdədir. Ortaq fikir təxminən belədir ki, Türkiyə və Azərbaycanın “əlinin güclənməsi” fonunda məsələnin Ermənistan tərəfindən süni şəkildə uzadılmasının zərəri ən çox elə Ermənistana dəyəcək.
“Ən yaxşı vaxtlarda Zəngəzurda maksimum 40 min insan yaşayırdı, indi, məncə, orada daha az adam var. Zəngəzurun geniş ərazisində demək olar ki, yaşayış yoxdur, istənilən radikal üçün açıq hədəfdir”.
Bu sözləri erməni mediasına açıqlamasında rusiyalı politoloq Modest Kolerov Zəngəzur dəhlizi ilə bağlı danışarkən deyib. O, ermənilərin və Paşinyanın təhlükəni real dəyərləndirə bilmədiyini vurğulayıb: “Paşinyan deyir ki, Ermənistan sovet sərhədlərini qorumalıdır, əks halda, o, mövcudluğunu dayandıracaq. Bəs onda Dağlıq Qarabağa açıq şəkildə iddia edilən konstitusiyanı niyə dəyişdirmirsiniz? Hesab edirəm ki, Nikol Vovayeviç Ermənistan üçün təhlükəni adekvat qiymətləndirmir. Problem ondadır ki, konstitusiyanın bu maddəsi hərbi əməliyyatların davam etdirilməsinə imkan yaradır”.
Rus ekspert işarə edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddiasının qalması Bakı və Ankaraya özünü müdafiə üçün “bufer zona” yaratmağa hüquqi əsas verir.
“Suriya timsalında gördük ki, ərazini işğal etmək üçün hərbi əməliyyatlara başlamaq lazım deyil. Bunun üçün "bufer-zona" demək kifayətdir, indi maraqlı tərəf Zəngəzuru “bufer zona” adlandırıb ora girə bilər. Mən bilirəm ki, maraqlı tərəfləri Zəngəzuru “bufer zona”ya çevirməyə İran mane olur. Ümumiyyətlə, Zəngəzurun faktiki olaraq Azərbaycana birləşməsinin önünü alan İrandır. Amma İran Suriyada ağır məğlubiyyətə uğradı və artıq bəziləri İranın zəiflədiyini düşünə bilər", - Kalerov əlavə edib.
M.Kalerovun fikirləri doğrudurmu? Ermənistan konstitusiyası İrəvanı bitirə bilərmi?
Abutalıb Səmədov
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan konstitusiyasının preambulasında Müstəqillik haqqında Bəyannaməyə istinad var: "Müstəqillik haqqında Bəyannamədə isə Qarabağın Ermənistanla birləşməsi barədə qərar öz əksini tapır. Bu səbəbdən Azərbaycan dəfələrlə tələb edib ki, preambulanı və ya Müstəqillik haqqında Bəyannaməni Ermənistan dəyişdirsin, Azərbaycana ərazi iddiası, Qarabağın Ermənistan ərazisi olduğu yazılan müddəanı oradan çıxarsın. Ermənistan müxtəli bəhanələrlə onu etməkdən imtina eləyib. Sonuncu dəfə Konstitusiya Məhkəməsi delimitasiya komissiyaları haqqında reqlamenti təsdiq edərkən, daha doğrusu, rəy verərkən belə bir iddia irəli sürdü ki, Ermənistan Konstitusiyası yalnız konstitusiyada yazılan mətndən ibarətdir, istinadlar konstitusiyaya daxil deyil, konstitusiyada açıq şəkildə yazılmayıbsa ki, Qarabağ Ermənistanla birləşib, deməli, konstitusiyada Azərbaycana qarşı ərazi iddiası yoxdur. Ancaq təbiidir ki, Ermənistan Konstitusiya Məhkəməsinin bu rəyi Azərbaycanı qane eləmədi, Ermənistanın özündə isə böyük etiraz dalğası yaratdı. Əslinə qalsa, bu məsələni həll eləmək o qədər də çətin deyil. Ermənistan Konstitusiyasının 202-ci maddəsinə görə, referendumla dəyişə biləcək fəsillər və maddələr sadalanıb. Orada preambula yoxdur. Preambula parlamentdə üçdə iki səs çoxluğu ilə dəyişdirilə bilər və bu yaxınlara qədər hakim partiyanın belə bir üçdə iki səs çoxluğu var idi. Bir deputatı partiyadan xaric etdilər, nəticədə üçdə iki səs çoxluğunu itirdilər. Amma istəsələr, bir deputat tapa və səs verdirərək üçdə iki səs çoxluğunu təmin eləyə bilərlər. Ermənistan hökuməti bu addımı atmalıdır. Bu addım atılmasa, ən azından sülh sazişini 2025-ci ildə də imzalamaq mümkün olmayacaq”.
Ekspert qeyd etdi ki, Zəngəzur dəhlizi ilə bağlı problemləri, Türkiyə Prezidentinin də açıq şəkildə söylədiyi kimi, Ermənistandan daha çox İran yaradır. İranın tutduğu mövqe daha kəskin mövqedir: “Xatırlatmaq yerinə düşər ki, İrandakı İslam İnqilabı Keşikçiləri Korpusu bir neçə ay bundan əvvəl çox kəskin bəyanatla çıxış eləmişdi və həm Azərbaycanı, həm Türkiyəni, həm də Rusiyanı müharibə ilə hədələmişdi. Açıq şəkildə bəyanatda yazılmışdı ki, əgər Zəngəzur dəhlizinin İranın istəmədiyi şəkildə açılmağına cəhd göstərilərsə, İran diplomatik və hərbi vasitələrlə buna imkan verməyəcək. Bundan sonra Sergey Şoyqunun İrana səfəri oldu və görünür, müəyyən razılaşmalar əldə edildi. İndi İran İsraillə bağlı ciddi gərginlik yaşayır. Bu gərginlik imkan vermədi İran Suriya hadisələrinə aktiv şəkildə müdaxilə eləyə bilsin. Həm Rusiya, həm İran Suriyadan çəkilmək qərarına gəldilər, müdaxilə eləmədilər. Bu vəziyyətdə Zəngəzurda bufer zonanın yaradılması təklifi və bu təklifin ermənipərəst Modest Kolerov tərəfindən irəli sürülməsi daha çox təxribata oxşayır. Mən inanmıram ki, Türkiyənin, Azərbaycanın, elə Rusiyanın da İranla açıq qarşıdurmaya getmək - burada söhbət təkcə İrandan getmir, burada Fransa da var, ABŞ da var-düşüncəsi olsun. Suriyadakı baş verən hadisələr uzun zaman ərzində hazırlanmış, müəyyən dövlətlərlə razılaşdırılmış çox ciddi bir plandır və uğurla da nəticələndi. Modest Kolerovun təklifinin reallaşmasının mümkün olması inandırıcı deyil. Azərbaycan dəfələrlə bəyan edib ki, heç bir dövlətin ərazisində, o cümlədən Ermənistanın ərazisində gözü yoxdur və hansısa bufer zonası yaratmaq fikrində deyil. Sadəcə olaraq, sülh sazişinin imzalanmasını Ermənistan istəyirsə, konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır. Əgər çıxarılmasa, sülh sazişinin imzalanması da ləngiyəcək. Başqa bir addımın atılması barədə indiyə qədər danışılmayıb və məncə, belə bir addımın atılması ehtimalı da yoxdur”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ