İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur dəhlizi: Azərbaycanın geosiyasi şah gedişi

Cənubi Qafqazda geosiyasi reallıqların dəyişməsində ən mühüm faktorlardan biri Zəngəzur dəhlizi məsələsidir.

Bu ideya ilk dəfə gündəmə gələndə, bir çoxları onu sadəcə logistika və nəqliyyat layihəsi kimi qiymətləndirsə də, əslində burada daha geniş strateji plan mövcud idi. Dəhlizin açılması həm Laçın yoluna qarşı balans yaratmaq, həm də Ermənistanın siyasi manevr imkanlarını minimuma endirmək məqsədini daşıyırdı.

Azərbaycan bu istiqamətdəki mövqeyini ardıcıl və prinsipial şəkildə müdafiə etdi. Qarabağ məsələsində əldə olunan hərbi qələbə bir çoxlarını yanlış qənaətə gətirdi ki, Bakı bundan sonra Zəngəzur dəhlizi üzərindəki israrını zəiflədəcək. Lakin proses tam əks istiqamətdə inkişaf etdi – rəsmi Bakı diplomatik masada mövqelərini daha da sərtləşdirdi və beynəlxalq hüququn “razılaşmalar yerinə yetirilməlidir” prinsipini əsas arqument kimi ortaya qoydu.

Ermənistanın yubatma taktikası və nəticəsiz manevrlər

Son illərdə Ermənistan müxtəlif bəhanələrlə prosesin qarşısını almağa çalışdı. “Sülh kəsişməsi” adlanan və real məzmunu olmayan layihə də bu məqsədə xidmət edirdi. Amma zaman göstərdi ki, bu, sadəcə vaxt qazanmaq cəhdi idi. Azərbaycan isə diplomatik təzyiqi davamlı saxladı və beynəlxalq tərəfdaşlarla koordinasiyalı şəkildə hərəkət edərək məqsədinə çatdı. 

media-zengezur-dehlizi-0h1l27w9auv4m6bsk5rp.jpg (49 KB)

Bu gün Zəngəzur dəhlizi faktiki olaraq reallığa çevrilib. Adı rəsmi sənədlərdə fərqli təqdim olunsa da, mahiyyət dəyişməyib – əsas məqsəd Azərbaycanın qərbdən Naxçıvana və oradan Türkiyəyə birbaşa çıxışını təmin etməkdir.

Yeni idarəetmə modeli və güc mərkəzləri

Dəhlizin idarəetmə mexanizminin Vaşinqton formatında müəyyənləşdirilməsi regionda güc balansının dəyişdiyinin göstəricisidir. Bu, həm Ermənistan, həm də İran üçün ciddi siqnaldır. Regiondakı bəzi dairələrin artıq ABŞ-la birbaşa siyasi dialoqa məcbur qalması, Azərbaycanın diplomatiya sahəsindəki üstünlüyünü daha aydın göstərir.

Zəngəzur dəhlizinin idarəetməsi ABŞ-da olacaq. Mollalar, SEPAH, Vilayətilər indi gedib ABŞ-la “qırmızı xəttləri”ni müzakirə etsinlər.

Hərbi qələbədən diplomatik zəfərə

Dünyada çoxlu nümunələr var ki, ölkələr müharibədə qalib gəlsələr də, diplomatik masada məğlub olublar. Azərbaycanın fərqi ondadır ki, 2020-ci ildə qazandığı hərbi üstünlüyü beynəlxalq hüquqi çərçivəyə daşıya bildi. Bu, təkcə Qarabağ məsələsində deyil, həm də Zəngəzur dəhlizi kimi strateji layihələrdə özünü göstərdi. 

9999999778.jpg (57 KB)

2020-dən sonra Azərbaycanın regional siyasətdə təcrid olunmasına çalışan qüvvələr əks nəticə ilə üzləşdilər. İndi həmin dairələr həm regional, həm də beynəlxalq müstəvidə zəif və təsirsiz görünürlər. Zəngəzur dəhlizinin açılması isə Cənubi Qafqazın siyasi arxitekturasını tamamilə dəyişdirəcək, Azərbaycanın mövqelərini daha da möhkəmləndirəcək.

Zəngəzur dəhlizi artıq təkcə nəqliyyat xətti deyil – bu, Azərbaycanın strateji zəfərinin simvoludur. Prezident İlham Əliyevin ardıcıl və çevik diplomatik siyasəti sayəsində Bakı həm hərbi, həm diplomatik, həm də iqtisadi üstünlükləri eyni vaxtda təmin edə bilib. Bu uğur, gələcək onilliklər boyu regionun geosiyasi istiqamətini müəyyən edəcək əsas faktorlardan biri kimi qalacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR