İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskiyə “əvəz” tapıldı- Moskvaya tankla girmək  istəyən Zalujnıy kimdir?  

 

 

 

 “Time” jurnalı ukraynalı generalı  “Liderlər” kateqoriyasında ən nüfuzlu 100 şəxs sırasına daxil edib,   ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli isə onu tərifləyən məqalə dərc edib

 

Rusiyanın müxtəlif media orqanları son günlər Kiyevdə hakimiyyətlə ordu rəhbərliyi arasında narazılıqlar olduğu barədə yazırlar. Müharibə başlayandan informasiya savaşında Rusiyanın uduzduğu haqda yerli ekspertlər də danışırlar. Ukrayna mediasında xüsusilə Putinin xəstəliyi, tezliklə hakimiyyətdən gedəcəyi, hətta çevrilişlə təhdid edildiyi haqda çoxsaylı iddialar var. İndi isə Rusiya mediası da bu iddialara Ukrayna prezidenti Zelenskini hədəf almaqla cavab verməyə başlayıb. Bu barədə   iddialarda bildirilir ki, ordu rəhbərliyi, konkret olaraq Ukrayna Silahlı Qüvvələrinin  Baş Komandanı Valeri Zalujnıy ilə prezident Zelenski arasında gərgin münasibətlər var.           

İstefada olan polkovnik Viktor Baranets, “Radio- 1”-də danışarkən, Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin atipik davranışlarına diqqət çəkib: “Onlar təslim olurlar və ya demək olar ki, bütün batalyonla döyüşməkdən sadəcə imtina edirlər”. Hərbi ekspertin fikrincə, bu faktlar göstərir ki, Ukrayna ordusunun sıralarında çaxnaşma var, buna səbəb isə ali hərbi komandanlığın öz aralarında razılığa gələ və vahid strategiya hazırlaya bilməməsi səbəb olur.

 "Joker" Telegram kanalının xəbərinə görə isə bu günlərdə Nezalejnaya prezidenti hökumətin fövqəladə iclasında “cəbhədəki uğursuzluqlara görə məsuliyyət daşıyan hərbi generalların tapılıb cəzalandırılmasına göstəriş verib”. Telekanalın məlumatına görə, yalnız Ukrayna Silahlı Qüvvələrinin  Baş Komandanı Valeri Zalujnıya toxunmamaq əmri verilib. “Ukraynalı generallar onları birbaşa təhdid edən təhlükəni real qiymətləndirir və Rusiyanın  əli ilə Zelenskini aradan götürmək   variantını nəzərdən keçirməyə başlayıblar. Zelenskinin yaxın çevrəsindən kimlərsə generallarla sövdələşmə aparır” deyə, iddiada bildirilir.

Ukrayna qanunvericiliyinə görə, əgər qəfildən Zelenskiyə nəsə olarsa və o, prezidentliyini davam etdirə bilməsə, seçkilərə qədər boş qalan kürsüyə ya parlamentin rəhbəri, ya da baş nazir oturmalıdır. “Amma dövlət başçısı kürsüsünə böyük ehtimalla Ukrayna Silahlı Qüvvələrinin generalı Valeri Zalujnıy otura bilər. Onu kənarda deyil, Amerika qəzetlərinin səhifələrində təbliğ edirlər. Məsələn, “Time” jurnalı Zalujnını “Liderlər” kateqoriyasında ən nüfuzlu 100 şəxs sırasına daxil edib.  ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millinin isə ukraynalı generalı tərifləyən məqaləsi dərc edilib”. 

Valeri Zalujnıy Ukraynanın Şimali Atlantika Alyansına daxil olmasının tərəfdarıdır və mütəmadi olaraq bütün Avropanın poliqonlarında NATO qüvvələri ilə təlimlərdə iştirak edir. O, Rusiyaya qarşı sərt mövqeyi ilə seçilir. Təsadüfi deyil ki, Zalujnıy Qırmızı Meydan və Arbat küçələrində  tank sürmək arzusunu dilə də gətirmişdi.

Orxan ƏLİYEV,
Musavat.com  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR