İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin istədiyi kimi qələbə olmur

Ukrayna liderinin açıqladığı “qələbə planı”nından ən çox Qərb narahat olub, çünki...

Nəhayət, Zelenski qovluğunda Avropanı və ABŞ-ı gəzdirdiyi “qələbə planı”nı açıqladı, həm də hamısını yox, ikisi məxfi saxlanıldı. Ukrayna lideri Ali Radanın iclasındakı çıxışında planın beş bəndini səsləndirib, gizlilər yenə gizli qalıb, müxalifət də daxil plana yekdil dəstək də alıb. Bəs sonra?

Zelenski hələ bir neçə ay əvvəl belə bir plan üzərində işlədiyini anons etmişdi, yəqin ki, bu sənəd üzərində işi də təkbaşına aparmamışdı, çünki bir baş ağıllı, üç-dörd baş ondan da ağıllıdır. Hər halda, Bayden daxil Qərb koalisiyası elə o iki məxfi saxlanılan bəndlə də tanışdır.

563x304.jpg (48 KB)

“Qələbə planı”nda əsas diqqətçəkən əlbəttə ki, bu müharibənin başlamasını tətikləyən Ukraynanın NATO-ya üzvlüyüdür. Zelenski əvvəllərdə dəfələrlə bəyan edib ki, Ukraynanın gələcəyini müəyyən edən Şimali Atlantika blokuna üzvlüyüdür. Müharibədən əvvəl də, sonra da bu vəd verilmişdi, amma Ukrayna hələ də Alyansa üzvlükdən çox uzaqdır. Düzdür, hətta NATO-nun bəzi üzvlərinin görmədiyi dəstək, silahlar Ukraynaya verilib, amma “üzvlük bileti” yoxdur. Ukraynanın NATO-ya daxil olmaq istəməsi bu müharibəyə əsas səbəbdir. Müharibədən əvvəlki Rusiya-NATO-ABŞ danışıqlarında Moskva israr edir ki, belə bir qərar onun təhlükəsizliyinə təhdiddir. NATO və ABŞ isə deyirdi ki, Ukraynanın hərbi alyansa üzvlük istəyi onun suveren hüququdur, kimsə buna qarışa bilməz. Bəs, niyə bu müharibədən əvvəl Ukrayna NATO-ya qəbul edilmədi? Çünki Qərbin dərdi Ukraynanın təhlükəsizliyi deyildi, onu bu oyuna salmaq idi ki, onu da bacardılar. Bəs, indi niyə NATO üzvlüyünə qəbul etmirlər, çünki xaraba Ukrayna onlara ümumiyyətlə gərək deyil.

DADFHDFH.JPG (49 KB)

Zelenski böyük bir tarixi məsuliyyətin altında əzilib, o da oyunun mahiyyətinin fərqində olmayacaq qədər axmaq deyildi. Amma indi israrla “NATO, NATO ” deməklə həm özünü sığortalamaq istəyir, həm də Qərb liderlərini zərbə altına qoyur. Sabah deyəcək ki, mən Ukraynanın “qələbə planı”nın da təqdim etdim, bizi NATO qarantiyasına almağın yolunu da göstərdim, amma onlar qəbul etmədilər. Qərb koalisiyası bəlkə də bu planın açıqlanmasını ABŞ-dakı prezident seçkilərinə qədər ertələmək də istəyib, amma Ukraynanın cəbhədəki vəziyyəti indi o qədər ağırdı ki, hər günün öz hökmü var.

Zelenskinin planında Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək, düşmənə maksimum ziyan vurmaq, o cümlədən Rusiya ərazisindəki hədəflərə hücum ayrıca bənddir. Bu bəndin gizli əlavəsi də var ki, orada da yəqin potensial hədəflər və onları məhv etmək üçün lazımi vasitələr sadalanır. Ukraynanın bu müharibədə dönüş etmək şansı əlbəttə ki, qalır. Amma “bu, Rusiyanın işərisindəki hədəfləri vurmaqla mümkündürmü” sualı açıq qalır. Qərbin Zelenskiyə izahı budur ki, uzaqmənzilli və Rusiyanın içərələrinə doğru zərbələr cəbhə xəttində vəziyyəti dəyişə bilməz. Qərb əlbəttə ki, Rusiyanın dərinliklərinə vurmaq üçün raketlər mövzusu aktuallaşan kimi Putinin dərhal nüvə silahından istifadə ilə bağlı doktrinada korrektələr etməsini görməzdən gələ bilməz. Qərb, NATO bloku Rusiya ilə birbaşa qarşıdurmada ona görə maraqlı deyil ki, Putinin hansı reaksiya verə biləcəyini proqnozlaşdıra bilmirlər. Düzdür, “Putin blef edir, Kurska girib “qırmızı xətti”ni keçdik” deyirlər. Amma Moskva ətrafına NATO arsenalında olan raket atmaq artıq ayrı havadır. Zelenskiyə yəqin ki, belə silah verilməyib, çünki nə qədər hələ onların pul kilsəsindən asılı olsa da, müharibə emosiyası da var. Elə Zelenskinin üçüncü “qələbə bəndi” də bu raketlər barədədir.

СнимокCV.JPG (39 KB)

Zelenski “qələbə planı”nıda Rusiya təcavüzünün qarşısının alınması üçün ölkəsində “hərtərəfli qeyri-nüvə paketi”nin yerləşdirilməsini istəyir. Bir ölkədə qeyri-nüvə raketi yerləşdirmək bir ordunun orada mövqe tutması deməkdir, yəni söhbət əslində Ukraynada xarici hərbi bazaların yaradılmasından gedir. Bu bənddə gizli bir əlavə də var ki, Zelenski onu da açıqlamayıb.

Dördüncü bənd Ukraynanın iqtisadi inkişafı və Rusiyaya qarşı iqtisadi sanksiyalardır. Bu Qərbin gördüyü və hələ də görə biləcəyi işdir, amma sanksiyalar Rusiyada gözlənilən effekti vermədi. Əksinə, ölkə sanksiyalar altında yeni istehsal sahələri yaratdı, ÜDM artdı.

Zelenski beşinci bənddə isə təklif edir ki, NATO ölkələrini qorumaq üçün Ukrayna ordusunun döyüş təcrübəsindən istifadə etmək lazımdır. Yəni Ukrayna ordusu Avropadakı Amerika hərbi hissələrini qismən əvəz edə bilər. Bu isə indilikdə gələcək üçün deyilmiş yaxşı tosta bənzəyir...

Ukrayna lideri vəd edir ki, onun planı gecikmədən həyata keçirilərsə, 2025-ci il müharibənin bitdiyi il ola bilər. Təklif olunan tədbirlər Rusiyanı sülhə məcbur edə bilər: “Rusiya vicdanlı sülh axtarmır, Putin dəli olub və yalnız müharibə istəyir. O, hamı üçün kardır. Lakin biz tərəfdaşlarımızla birlikdə şəraiti elə dəyişməliyik ki, Putinin nə istədiyindən asılı olmayaraq müharibə bitsin. Vəziyyəti dəyişdirin ki, Rusiya sülhə məcbur olsun”.

Putin də bir müddət əvvəl sülh planın açıqlamışdı, “ərazisi hesab etdiyi torpaqlardan” Ukraynanın çəkilməsini istəmişdi. Putinin dediyi kimi sülh olmur. Zelenskinin “qələbə planı” da Putinini təkliflərindən fərqlənmir. Çünki belə də qələbə olmur...

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR