Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın nüfuzlu “The Economist” jurnalı Rusiyanın Ukraynada apardığı müharibə ilə bağlı yeni analitik hesabat dərc edib.
Musavat.com xəbər verir ki, jurnalın hesablamalarına əsasən, Rusiya ordusu hazırkı templə hərəkət etməyə davam edərsə, Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərini tam nəzarətə götürməsi üçün 2030-cu ilin iyununa qədər vaxt sərf etməli olacaq.
Ukraynanın bütün ərazisini işğal etmək üçün isə Rusiyaya daha 103 il gərək olacaq.
“The Economist” yazır ki, yay aylarında bütün cəbhə xəttində həyata keçirilən genişmiqyaslı hücum əməliyyatlarına baxmayaraq, Rusiya ordusu qarşıya qoyulan məqsədlərə çata bilməyib və 4 ayda Ukrayna torpaqlarının cəmi 0,4 faizini ələ keçirə bilib. Analizdə vurğulanır ki, bu qədər kiçik irəliləyiş Moskva üçün olduqca baha başa gəlir – minimal torpaq qazancı müqabilində böyük itkilər verilir. Jurnal qeyd edir ki, yalnız bu ilin ilk yarısında Rusiya ordusu 100 minədək əsgərini itirib.
Ekspertlərin fikrincə, belə nəticə göstərir ki, Kreml nə hərbi, nə iqtisadi, nə də siyasi baxımdan uzunmüddətli işğal strategiyasını həyata keçirmək gücündə deyil. Rusiya ordusunun “səbr strategiyası” artıq tükənmək üzrədir, ölkə iqtisadiyyatı isə müharibənin uzanmasından ağır zərbələr alır. Dövlət büdcəsində hərbi xərclərin payı 40 faizə yaxınlaşır, sosial proqramlara ayrılan vəsaitlər azaldılır, peşəkar ordu tədricən tükənir və yerini müqaviləli döyüşçülər, könüllülər tutur.
“The Economist” qeyd edir ki, Rusiya cəmiyyəti arasında döyüş yorğunluğu artır, növbəti səfərbərlik dalğası isə ictimai narazılığın dərinləşməsi riskini yüksəldir. Jurnal bu vəziyyəti “strategiyanın tükənməsi sindromu” adlandırır – yəni Moskva artıq siyasi məqsədlərinə çatmaq üçün real resurslara malik deyil.
Ukrayna üçün isə uzunmüddətli müharibə həm risk, həm də üstünlük kimi dəyərləndirilir. Bir tərəfdən müharibə iqtisadiyyatı gərginlikdə saxlayır, digər tərəfdən zaman faktoru Kiyevin xeyrinə işləyir. Qərb dəstəyinin davam etməsi, Rusiya iqtisadiyyatının zəifləməsi və beynəlxalq təzyiqlərin artması Ukraynanın müqavimət gücünü daha da möhkəmləndirir. “The Economist” yazır ki, Ukrayna artıq “sürətli qələbə” modeli ilə deyil, “davamlı müqavimət” strategiyası ilə hərəkət edir və bu, Moskvanın planlarını iflasa uğradır.
Analizdə vurğulanır ki, bu müharibə artıq təkcə Ukrayna ilə Rusiya arasında qarşıdurma deyil, qlobal təhlükəsizlik sistemini dəyişdirən uzunmüddətli prosesə çevrilib. NATO və Avropa İttifaqı üçün Ukrayna indi sadəcə qonşu dövlət yox, Avropanın müdafiə xəttidir. ABŞ və Böyük Britaniya müharibənin “bitməyəcəyini, yalnız formasını dəyişəcəyini” düşünür, Rusiya isə getdikcə resurslarını tükədən, lakin nəticə əldə etməyən bir dövlətə çevrilir.
“The Economist” nəticə olaraq bildirir ki, Rusiyanın Ukraynanı tam işğal etməsi üçün 100 ildən çox vaxt lazım olması, Moskvanın hərbi strategiyasının və resurs planlaşdırmasının uğursuzluğunun göstəricisidir. Müharibə artıq sürətli qələbə müharibəsi deyil, resurs və zaman mübarizəsinə çevrilib. Bu isə Ukrayna üçün zamanın, Rusiya üçünsə tükənən səbrin dövrü deməkdir.
Musavat.com
19 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ