Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin iqtisadi göstəriciləri Rusiyanın Mərkəzi Asiyada sürətlə zəiflədiyini, Pekinin isə regionda dominant mövqeyə yüksəldiyini açıq şəkildə göstərir.
Musavat.com xəbər verir ki, rəqəmlərə əsasən, Çinin Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanla ümumi ticarət dövriyyəsi 94,8 milyard dollara çatıb. Bu, Rusiyanın göstəricisindən – 45 milyard dollardan iki dəfədən çoxdur. Halbuki, 25 il əvvəl vəziyyət tam əksinə idi: o dövrdə Moskva bu ölkələrlə Çindən beş dəfə artıq ticarət aparırdı.
İqtisadi müşahidəçilər hesab edir ki, Rusiya Ukraynadakı uzunmüddətli müharibəyə ilişib qaldığı halda, Çin Mərkəzi Asiyada sistemli şəkildə “boşluğu doldurur”. Kreml dörd ildir Kiyevi “üç günə” tutmaq planı ilə məşğuldur, Pekin isə bu müddətdə yeni nəqliyyat və enerji infrastrukturu quraraq, strateji sazişlər imzalayır və regionu Rusiyanı yan keçən quru tranzit dəhlizinə çevirir.
“The Telegraph” yazır ki, Çin mümkün dəniz blokadası ssenarisinə – xüsusən ABŞ-la münaqişə halına – qarşı özünü sığortalayır. Pekin bu səbəbdən Mərkəzi Asiya üzərindən keçən ticarət marşrutlarına tam nəzarət qurmaq istəyir. Bununla Çin həm idxal-ixrac təhlükəsizliyini təmin edir, həm də Avrasiyanın mərkəzində Rusiyanın illərlə “toxunulmaz təsir zonası” sayılan regionunu iqtisadi cəhətdən neytrallaşdırır.
Ekspertlər qeyd edirlər ki, Moskva üçün Mərkəzi Asiya həm tarixi, həm də siyasi baxımdan strateji “arxa baxça” hesab olunurdu. Lakin indi həmin bölgə Çin kapitalının, texnologiyasının və nəqliyyat şəbəkələrinin orbitinə daxil olur. Pekin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Qazaxıstan və Özbəkistanla enerji və logistika sahəsində çoxmilyardlı müqavilələr bağlayıb, Tacikistan və Qırğızıstan iqtisadiyyatına isə böyük həcmdə kreditlər ayırıb.
Bu fonda Rusiya regiondakı mövqeyini sürətlə itirir. Ukraynadakı müharibə səbəbindən Qərb sanksiyaları altında əzilən Rusiya şirkətləri artıq Mərkəzi Asiyada əvvəlki kimi sərmayə qoya bilmir. Nəticədə Moskva nə iqtisadi, nə diplomatik, nə də texnoloji baxımdan rəqabət aparmaq gücündə deyil.
Beləliklə, Çin Mərkəzi Asiyada Rusiyanın uzun illər ərzində qurduğu təsir mexanizmini tədricən ələ keçirir. Pekin bu prosesi açıq şəkildə “sakit ekspansiya” yolu ilə həyata keçirir: sərmayə, infrastruktur, nəqliyyat və diplomatik əlaqələr vasitəsilə. Ekspertlər bildirirlər ki, artıq Mərkəzi Asiyada “Moskva xətti” deyil, “Pekin xətti” dominant mövqeyə yüksəlir və bu, Kremlin geosiyasi məğlubiyyətlər zəncirinin növbəti halqası sayılır.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ