İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəfər Qurultayı bütün dünyaya bir daha sübut etdi ki, biz böyük və məğrur xalqıq

Azərbaycan tarixinə daha bir şanlı səhifə yazıldı. Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi bir daha bütün dünyaya nümayiş etdirdi ki, bu qədim şəhər Azərbaycanın əzəli torpağıdır, Qarabağ Azərbaycandır! Artıq dünya birliyi də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu etiraf edir. İşğaldan azad olunmuş Şuşa şəhərinin nüfuzlu beynəlxalq qurumların öz tədbirlərini keçirildiyi mərkəzə çevrilməsi də bunu təsdiqləyir. Mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin Şuşada keçirilməsi və postmüharibə dövründə proseslərin Azərbaycanın maraqlarına uyğun inkişaf etməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetini təşkil edir. Dövlətimizin başçısının ölkəyə rəhbərlik etdiyi gündən indiyədək həyata keçirdiyi ardıcıl, düzgün və məqsədyönlü siyasətinin bəhrəsi son vaxtlar Şuşada bir-birindən əhəmiyyətli tədbirlərin keçirilməsində özünü büruzə verir.

Bu fikirləri AZƏRTAC -a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.

Hüquq müdafiəçisi bildirib ki, güclü iqtisadiyyatın, qüdrətli ordunun yaradılması, milli həmrəyliyin təmin edilməsi, cəmiyyətdə yüksək vətənpərvərlik ab-havasının olması və qazanılmış şanlı Qələbə Prezident İlham Əliyevin xalqımız qarşısında tarixi, misilsiz xidmətidir. 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərdən sonra dünya azərbaycanlılarının qurultayının Şuşada keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki dünyanın müxtəlif ölkələrindən gəlmiş diaspor nümayəndələri, həmçinin qonaqlar ermənilərin faşizm xislətinin şahidi olmaqla yanaşı, postmüharibə dövründə - Qələbədən keçən dövr ərzində Qarabağda aparılan yenidənqurma, bərpa-quruculuq işləri ilə də yaxından tanış olacaqlar.

“Necə deyərlər, hər şey göz qabağındadır: həm ermənilərin barbarlığı, həm də dövlətimizin başçısının göstərişi ilə həyata keçirilən tikinti-bərpa işləri sayəsində Qarabağın tədricən cənnətə çevrilməsi. Bu Qurultay dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqına Zəfər yaraşır. Zəfər Qurultayı xalqımızın necə böyük, məğrur və qəhrəman olduğunu bütün dünyaya nümayiş etdirdi”, - deyə Ç.Qənizadə vurğulayıb.

O, Prezident İlham Əliyevin Qurultaydakı nitqindən irəli gələn bəzi məsələlərdən də danışıb. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qələbənin hərbi-siyasi yolla qazanılmasının çətinliyini, bu yolda xalqın, eləcə də dünya azərbaycanlılarının dövlətimizin başçısının ətrafında sıx birləşməsini, Prezident-Xalq-Ordu vəhdətini, postmüharibə dövründə ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin daha da möhkəmləndirilməsini, Qarabağın cənnətə çevrilməsi üçün başlanılan genişmiqyaslı işləri bir daha diqqətə çatdırdı.

Komitə sədri ölkə Prezidentinə istinadən deyib ki, müstəqillik dövründə yetişən və vətənpərvərlik ruhunda böyüyən gənclərin tarixi Zəfərin əldə olunmasında misilsiz xidmətləri olub. Bu gənclik müstəqillik dövründə, ulu öndər Heydər Əliyevin siyasi irsi, gəncliyə verdiyi böyük inamın, etimadın, güvəncin, azərbaycançılıq ideologiyasının təsiri altında, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə formalaşıb.

Komitə sədri 2001-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayının keçirildiyini, həmin qurultayda Ümummilli Liderin nitqindən bəzi məqamları xatırladıb. Qurultayda Ulu Öndər qətiyyətlə bildirmişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, ərazilərimiz işğaldan azad olunacaq və xalq öz torpaqlarına qayıdacaq. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev dahi şəxsiyyətin dediklərini reallığa çevirdi. Şuşanın işğaldan azad edilməsindən sonra xalqa müraciət edən dövlətimizin başçısı üzərinə götürdüyü çox çətin vəzifəni yerinə yetirdiyini dilə gətirdi: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Qurultay iştirakçılarına postmüharibə dövründəki reallıqlar barəsində də məlumat verildiyini diqqətə çatdıran Ç. Qənizadə vurğulayıb ki, bu reallıqlar Azərbaycanın dünya birliyindəki mövqeyinin getdikcə möhkəmlənməsinin, reytinqinin yüksəlməsinin göstəricisidir. Hazırda nüfuzlu beynəlxalq təşkilatların postmüharibə reallıqlarını qəbul etməsi də bundan xəbər verir. BMT Təhlükəsizlik Şurasının iştirakı ilə Şuşada beynəlxalq tədbir keçirilməsi, Avropa İttifaqının Azərbaycan-Ermənistan arasında normallaşma prosesində fəal iştirakı, ATƏT-in Minsk qrupunun tarixin arxivinə atılması, Zəfər Qurultayının Şuşada keçirilməsi postmüharibə dövrünün yaratdığı reallığın bariz nümunəsidir. Artıq Minsk qrupunun həmsədr dövlətlərinin rəhbərləri də dərk etdilər ki, qurumun “vasitəçilik missiyası”na ehtiyac yoxdur. Azərbaycan öz problemlərini öz gücünə həll etməyə qadirdir. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, digər aparıcı beynəlxalq təşkilatlar, həmçinin qonşu ölkələr də Azərbaycanın mövqeyini dəstəkləyir və postmüharibə reallıqlarını qəbul edirlər. Bununla yanaşı, dünyanın aparıcı ölkələrinin, məsələn, ABŞ, Böyük Britaniya və digərlərinin rəhbərlərinin Prezident İlham Əliyevə göndərdikləri məktublar da onların yeni geosiyasi reallığı qəbul etdiklərini və bu prizmadan əməkdaşlığa hazır olduqlarını bildirmələri ölkəmizin nüfuzunun artmasının göstəricisidir.

Ç.Qənizadə bildirib ki, qurultayda da qeyd edildiyi kimi, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar öz ana Vətəni ilə əlaqələri qoruyub saxlamalı, mədəniyyətlərinə bağlı olmalıdırlar. Bu gün müxtəlif ölkələrdə Azərbaycan evlərinin, məktəblərinin yaradılması da bu məqsədə xidmət edir.   

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR