Onlayn ictimai-siyasi qəzet
Ramil Əliyev Xüsusi Təyinatlı Qüvvələrdə 12 il xidmət edib. 2017-ci ildə döyüş əməliyyatlarında dizdən aşağı ayaq nahiyəsindən ağır formada yaralanıb. Ondan sonra xidmətə yararsız olduğu üçün pensiyaya çıxıb. O, ikinci qrup əlildir. Hərbçi əlilliyinə görə 5 il 680 manat pensiya alsa da, son iki ilə yaxındır ki, ondan məhrum olub.
“680 manat pensiya 350 manat isə prezident təqaüdü alırdım. İki ilə yaxındır ki, pensiya kəsilib. Mənə bildirirlər ki, bu kəsilmə meyarlara uyğun olmadığım üçün edilib. Halbuki sol ayağım dizdən aşağı hərəkətsizdir. 5 il bundan qabaq uyğun gəlirdim, indi yox? Əgər bunların meyarlarında dəyişiklik varsa, ikinci qrupdan üçüncü qrupa düşsün. İkinci qrup ola-ola birbaşa kəsmək hansı dərəcədə doğrudur. 50-yə yaxın xüsusi təyinatlının pensiyası kəsilib. İndi yalnız 80 manat veteran pulu alıram. Sosial Müdafiə naziri Sahil Babayevin müavini Hidayət Abdullayev ilə üç dəfə görüşdüm. Deyib ki, yenidən müayinə olun. Bunu etmişəm, lakin yenə də pensiyam bərpa olunmayıb. Nazirlikdən bildirdilər ki, bizi işlə təmin edəcəklər, bu da olmadı. Aldadıldıq. Hazırda işsizəm. İki övladım var. Onları nə ilə saxlayım”.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Musavat.com-a bildirilib ki, Bakı şəhər sakini, 30.01.1987-ci il təvəllüdlü Əliyev Ramil Valeh oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən forma-88 göndərişləri əsasında 27.02.2023, 28.04.2023 və 03.06.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.
Agentliyin həkim-ekspertlərinin hər üç əyani müayinəsi zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən əlamətlər müşahidə edilməyib.
Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilib.
Şahanə Rəhimli
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ