Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Almaniya xarici işlər naziri Annalena Berbok Suriyada səfərdədir.
Musavat.com xatırladır ki, fransalı həmkarı Jan-Noel Barro ilə birgə Dəməşqə səfər gedən Berbok Suriya lideri Əhməd əl-Şaraa ilə görüşüb.
Məlumata görə, Almaniya XİN başçısı Rusiya hərbi bazalarının Suriyanın Latakiya əyalətindən çıxarılmasını istəyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniyanın xarici işlər naziri Annalena Berbokun Rusiyanın Suriyadakı bazaları ilə bağlı sözlərini şərh edib.
Zaxarova telegram kanalında yazıb:
“Berbok deyib ki, Rusiyanın Suriyadakı hərbi bazaları tərk etməsinin vaxtı çatıb. Bunu ABŞ hərbi bazalarının yerləşdiyi ölkənin xarici işlər naziri deyir. Sual verirəm - Almaniya xarici işlər nazirinin Vaşinqtonun ünvanına bənzər açıqlama verməsinin vaxtı çatmayıbmı?”
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dekabrda bildirib ki, Latakiya və Tartusdakı Rusiya bazalarının gələcəyi Suriyanın yeni hakimiyyət orqanları ilə danışıqlarda müəyyənləşəcək.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov da bu məsələnin dialoq predmetinə çevrilə biləcəyini deyib. Hakimiyyətə gələn “Həyat Təhrir əş-Şam” qruplaşmasının lideri Əhməd əl-Şaraa bildirib ki, Dəməşqin yeni hakimiyyəti iki ölkə əlaqələrinə mənfi təsir edəcəyi təqdirdə Rusiya kontingentinin bazalardan çıxarılmasını istəmir, çünki Moskva ilə əlaqələr strateji əhəmiyyət kəsb edir.
Nigar HƏSƏNLİ,
Musavat.com
06 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ