İnsanlara hürriyət, millətlərə istiqlal!

Zatıqırıq Zatulin Kremlin tapşırığını icra edir, yoxsa?

Ekspertlərə görə, rusiyalı deputatın uzun illər ərzində Azərbaycana qarşı qatı düşmənçilik mövqeyinin arxasında birbaşa rəsmi Moskva dayanır

Rusiyanın Qarabağ separatçıları ilə bağlı Azərbaycana yönəlik təxribatçı fəaliyyəti səngimək bilmir. Şimal qonşumuzun dövlət media resursları separatçıların müsahibələrini yayır və Azərbaycan tərəfinin etirazlarını nəzərə almırlar. Bu arada Rusiya Dövlət Dumasının deputatı, MDB işləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Ermənistana gedib. O, iyunun 1-dən 4-dək Ermənistanda olub. Zatulin Qarabağ separatçılarının keçmiş və indiki liderləri ilə görüşlər keçirib. O, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanla görüşüb. Zatulin həmçinin Azərbaycanın Qarabağ bölgəsi üzrə sülhməramlı kontingentin komandiri Andrey Volkov, eləcə də separatçıların “Dağlıq Qarabağın rus icmasının rəhbəri” adlandırdıqları Aleksandr Bordovla görüşüb. Maraqlıdır, zatıqırıq Zatulin Kremlin tapşırığını icra edir, yoxsa etdikləri özfəaliyyətdir? Rusiya hökumətinin maliyyələşdirdiyi "RİA-Novosti" agentliyinin separatçılara tribuna verməsi və Zatulinin etdikləri təsadüfdürmü?

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov bu səfərdə təxribat izi görür: “Zatulinin məlum səfərini özfəaliyyət kimi izah etmək mümkün deyil. Bu səfər və ümumiyyətlə, Zatulinin uzun illər ərzində Azərbaycana qarşı qatı düşmənçilik mövqeyinin arxasında birbaşa Kreml dayanır. Düzdür, Rusiyadakı erməni lobbisi tərəfindən maliyyələşdirilən Zatulin müəyyən mənada onların da tapşırığını icra edir, amma bu xidmət mütləq şəkildə Kremllə razılaşdırılır. Zatulinin 44 günlük Qarabağ savaşında sərgilədiyi mövqe və ya keçən ilin avqustunda Ermənistana səfəri zamanı ”Qarabağ müharibəsi təkcə Ermənistana deyil, Rusiyaya da böyük ziyan vurdu və indiki anda erməni xalqını dəstəkləməmək Rusiya üçün məhz özünə xəyanət etmək deməkdir" kimi bəyanatları, eləcə də keçən ilin sentyabrında Rusiya Dövlət Dumasının iclasında “Azərbaycana təzyiq edilməli və yerində oturdulmalıdır” kimi açıqlamaları onu deməyə əsas verir ki, bu məxluq anti-Azərbaycan fəaliyyətini özünün həyat kredosuna çevirib. Amma yenə də təkrar edirəm ki, Zatulinin bu fəaliyyəti heç bir halda özfəaliyyət kimi qiymətləndirilə bilməz. Zatulinin budəfəki səfəri ilə bağlı verilən məlumatda məqsədin Ermənistandakı mövcud ictimai-siyasi vəziyyətlə və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə tanışlıq olduğu bildirilir. Amma onun 4 gün ərzində keçirdiyi görüşlərə diqqət edəndə məlum olur ki, Zatulin Ermənistan rəsmiləri ilə deyil, məhz Qarabağ separatçıları ilə görüşüb, müzakirələr aparıb.

Rəşad Bayramov: “Rusiya “sülhməramlıları”nın Ermənistanla sərhədimizə  yerləşdirilməsi təhlükəlidir” - Ovqat.com

Rəşad Bayramov 

Onun görüşdüyü separatçı ermənilər Nikol Paşinyanın Azərbaycanla apardığı danışıqları legitim saymayacaqlarını dəfələrlə bəyan ediblər. Qondarma “rus icması” isə bir az da dərinə gedərək separatçı rejim qalıqlarına Rusiya vətəndaşlığı verilməsi üçün çağırışlar edib. Qısası, adıçəkilən şəxslərin hər birinin separatçı rejimlə bu və ya digər şəkildə bağlılığı onu deməyə əsas verir ki, Rusiya Zatulinin vasitəçiliyi ilə yeni təxribat hazırlayır.  Düşünürəm ki, Azərbaycanın müvafiq dövlət qurumları bu məsələ ilə bağlı konkret mövqe bildirməli və Rusiyadan izahat tələb etməlidirlər".

Avropadan Rusiyaya diplomatik həmlə

Şəhla Cəlilzadə 

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə hələ ki narahatılığa bir əsas görmür: “Azərbaycanın Avropanın dəstəyi ilə Ermənistanla sülh gündəliyini genişləndirdiyi və həlledici mərhələyə qədəm qoyduğu bir vaxtda Qarabağ münaqişəsinin memarı olan imperial Rusiya maraqlarının təmsilçiləri münaqişənin mümkün qeyri-həlli, yəni davam etməsi üçün planlar hazırlayırlar. Onların arasında Zatulin ön planda yer alır. O hələ İkinci Qarabağ müharibəsinin başa çatmasından az sonra ”Komsomolskaya pravda" qəzetində “Qarabağ heç vaxt Azərbaycanın tərkibinə qayıtmayacaq” deyərək ermənipərəst mövqeyini açıq şəkildə ortaya qoymuşdu.  Zatulin 2022-ci ilin 22 fevralında Azərbaycanla Rusiya arasında tarixi Moskva bəyannaməsi imzalandıqdan bir neçə gün sonra Ermənistanın İctimai Televiziyasına müsahibəsində Qarabağın öz müqəddəratını həll etməsi məsələsini gündəmə gətirmişdi. Maraqlıdır ki, onun kimi deputatlar Rusiyada hər zaman olub və olacaq. Vaxtilə ABŞ prezidenti Franklin Ruzveltin dediyi kimi, siyasətdə heç nə təsadüfən baş vermir - əgər nəsə baş verirsə, mərc gələ bilərik ki, bu, öncədən planlanıb. Odur ki, Rusiyada da heç nə təsadüfi deyil, həmçinin heç bir şey Putinin və rəsmi Kremlin mövqeyinin xaricində cərəyan etmir. Bu baxımdan Rusiyanın Ermənistanı Azərbaycana satmadığının görünüşünü yaratmaq üçün anti-Azərbaycan mövqeyini ortaya qoyan bu cür “kanallar” da “lazımdır”. Bunlar Rusiya siyasətinin əsl simasıdır. Bu, Rusiyanın istənilən anda tərəzinin digər gözünə ağırlıq verə biləcəyinin göstəricisi, həmçinin xarici təhdid amilidir. Qondarma rejimin Əsgəran rayonundakı keçmiş icra başçısının 31 martda səsləndirdiyi “dqr”in Rusiyaya birləşməsi üçün referendumun keçirilməsinə dair fikirlərini xatırlasaq, Zatulinin bu günlərdə Ermənistanda separatçılarla görüşü heç də təsadüfi deyil. Lakin ölkəmizin tamamilə rasional və uzaqgörən xarici siyasəti Zatulin kimilərinin çalışdığı niyyət və məqsədləri kölgədə qoyur. 22 fevral bəyannaməsi hüquqi legitimliyini qoruduğu müddətcə, Zatulin kimilərinin niyyət və məqsədləri deyil, Azərbaycanın mövqeyi rəsmi Kremlin qərarvericiləri tərəfindən nəzərə alınacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR